Burda indi
yağışlar mövsümüdür, birdənəm…
mən
ən hündür
qum təpəsi üzərindən
ipək yaylıq yelləyirəm
gedən yayın arxasınca…
günəşsizdi zaman,
aysızdı,
ulduzsuzdu…
dağlar da
qumdandı indi,
dənizlər də,
ağaclar da…
bir küləyə bənddi dünya –
ovulacaq,
bir ümidə bənddi zaman –
sovrulacaq…
qum rəngindədi buludlar,
qum tökülür kipriklərindən,
burda indi
yağışlar mövsümüdür, birdənəm…
bir sözə bəndəm –
ağlayacam…
Yazıya 1039 dəfə baxılıb