Külək qızın bir qarışlıq ətəyini qaldırdı və altından bəzəkli …..zadlar apaydın göründü…Xallı,
güllü, bəzəkli “güpurlar” rəngbərəng idi…Jurnalistlər, mühafizədəki gənclər, qərəz ətrafdakı bütün oğlanların gözləri adlı, sanlı, şanı, sanı yerə-göyə sığmayan bu müğənninin …zadında idi…
Azzz, eşitmisən, Təranə əriylə müğənni tutub bir yataqda…Az əvvəl televizorda deyirdi, özüm eşitdim, indi də məhkəməyə verir ikisini də…
İkisini də guppuldatdım. Partdatdım eyyy…Xəbərin birinə 47 min, digərinə isə 51 min baxış var….
Hər gün də olmasa, bu xəbərləri internetin qarşısına keçəndə oxuyuruq. Gör nəyi yazırıq, nəyi paylaşırıq, nəyi oxutdururuq? Əstəğfürullah, mən kiminsə işinə-gücünə, irəliləyişinə, uğurlarına, nə də ki, hansısa müğənninin Azərbaycanda və ya xaricdə müvəffəqiyyət qazanmasına qarşıyam. Hələ o qədər kiçilmədim, şükürlər olsun Allaha. Amma istənilən məsələdə həddi aşmaq ifrata gətirib çıxarır. Suyu bulandırır…
İndi keçirəm fikrimin canıına, yəni mətləbə. Tutaq ki, hansısa tanınmış gənc qızın bir qarışlıq ətəyi qalxdı və alt paltarı göründü. Bunu biz hər gün bağrımıza basdığımız, hamıdan, hər şeydən, hətta özümüzdən də çox sevdiyimiz övladlarımıza göstəririkmi? Hamınız bir ağızdan deyəcəkəsiniz ki, xeyr. Yaxşı mən razı. Onda ikinci sualımı verim. Bu tip işlərləmi Azərbaycanı, dövlətimizi, millətimizi xaricdə tanıdacağıq? Yenə deyəcəksiniz ki, xeyr. Həəəə…
İndi demək istədiyim sözümün əsas canını da deyim Sizlərə əzizlərim. Niyə bəs bu zir-zibilin içində eşələnirik? Həəə??? Əhməd eliyir, Məmməd eliyir, Tükəzban da eliyir, bəs kimsə də eləməməlidir axı bunları? Bu kimsə niyə mən, sən, biz olmayaq ki?!!!
Ağacda oturub ağacın budaqlarını yavaş-yavaş əlimizdəki balta, dəhrəylə budayırıq, deyilmi? Üstündə gəzdiyimiz bu torpaq, suyunu içdiyimiz bu məmləkət, müqəddəs olan Vətəni kim sevməlidir? Hamımız son zamanlar əyriyə doğru gedən burulğanın axarına düşüb yuvarlanırıqsa, sonunun nə olacağını təxmin belə etmək istəmirəm. Biri-birinin bəhsinə yambızına at qamçısıyla vura-vura güngörməzini göynədə-göynədə düşmüşük yolun ağına ki, iş bilmişəm.
Böyük Məmməd Araz necə deyirdi :
Məndən ötdü qardaşıma dəydi
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü… Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi…
Bildiyim o ki, canımdan çox sevdiyim Azərbaycanım onu gerçəkdən, pafossuz, təmənnasız sevənlərin çiynində dayanır. İndi qardaşlarım, bacılarım, əzizlərim, soydaşlarım, üzümü Sizlərə tuturam – Cəsarətiniz varsa, çıxın və mənə cavab verin – Özünüzə, doğmalarınıza, yaxınlarınıza, gözlərinizin didəsi qədər sevdiyiniz övladlarınıza qıymadığınızı niyə başqalarına qıyırsınız? Niyə yeniyetmələrin, gənclərin dünyagörüşünü, düşüncələrini, psixologiyasını pozursunuz? Bu millətin övladları bayağı, süni, ifratlaşmış şit hadisələrin inkişafında deyil, dəyərlərin üzərində dayana biləcək sevgilərlə böyüsünlər.
Pis hər zaman – bütün bəşəriyyət var olduqdan bu yana bütün sivilizasiyalarda olub, var və olacaq da. Cəmiyyət, toplum, millət o pislərin deyil, dəyərlərin, aydınların çiynində dayanıb və dayanacaq da. Çünki bu – yazılmamış qanunlardır. Çox dəyərli oxucular elə bilməsinlər ki, mən kimisə ittiham etmək, qınamaq, töhmətləmək fikrindəyəm, niyyətindəyəm. Xeyr, əsla. Amma əgər pis varsa, yaxşı ondan bir addım heç olmasa öndə olmalıdır ki, balansı öz xeyrinə dəyişə bilsin. Əksi halda, çürümə prosesinin sürəti yaxşının deyil, onun əksinə dəyişəcək. Pis pisdir, biz onun yanında olmaqdansa, ondan bircə addım öndə olaq ki, heç olmasa ona ayna tutan olmayaq. Bunu özümüzə yaraşdırmayaq.
Pul elə bir zaddır ki, onu hamı istəyir. Mən də, Siz də. Amma onu qazanmağın yollarını tapmaq, seçmək bizlərə düşür. Bu fani dünyada adam cani-könüldən istəyəndə ölümdən başqa hər şeyə əlac, çarə tapır. Bizlər də tapaq asta-asta. Seçim müəllifi olaraq həm də yolumuzu, irzimizi cızmış oluruq.
Sizlərə ərkimi mənə çox görməyin.
Yazıya 906 dəfə baxılıb