Bəxtiyar Hidayət – 2015- İN ŞEİRLƏRİ

bextiyar

GƏRAYLI
Xoşu gəlməz gədəçənin
Əqidəsi düz kişidən
Nəslinnən kişi çıxmayan
Tez- tez salar söz kişidən

Cəhənnəmin qoru gözəl
Qazanında qırı gözəl
Küpəgirən qarı gözəl
…ötəgirən yüz kişidən

Paza keçibdi kötüklər
Bu gediş bağrım didiklər
Bu zamanda hər düdüklər
Qabaqdadı saz kişidən

Gönüqalın dərdi yüklər,
Çatlayar qəlbi naziklər
söhbət salarlar tuziklər
Hər məclisdə tuz kişidən

De Bəxtiyar, hərəkəti
Məclis demə- mərəkədi
Elin barı- bərəkəti
Çeviribdi üz kişidən

QOŞMA
Bunun yaxşısına, pisinə lənət
Pislər yaxşıları pisikdiriblər
Gedəni yurdundan didərgin salıb
Qalanı canından bezikdiriblər

Taxdılar xalta da, xamut da bizə
Vurdular balta da, əmud da bizə
Sələmə verilir umud da bizə
Di gör biz yetimə nə çəkdiriblər

Bəxtiyar, başlayıb girha- gir indi
İstərsən göyə çıx, yerə gir indi
Koroğlu bağlarda yer əkir indi
Həmzələr keçələ saç əkdiriblər

NOVAT GƏLİB SƏNƏ YETƏR

Ağlar qalsın belə ömrün
Qazancı da, itiyi də
Novat gəlib sənə yetər
Dəyirman ki ət üyüdə

Söylə qərib- qərib söylə
Gülü qonça dərib söylə
Yüz bədii tərif söylə
Bir taleyi bəd iyidə

Ta Bəxtiyar, çağrım kimi
Ağrımı var ağrım kimi
Didilibdi bağrım kimi
Cəlladımın kötüyü də

BAX, BAX!

Ay kasıb, inkişaf dedikləri bu
Gözlərin qamaşa- qamaşa bax, bax.
Divlərin boynunda dəyirman daşı
Cırtdanın boynunda daş- qaşa bax, bax.

Rüşvət, məmur, dövlət- sacayağıdı
Kasıba sac asmaq qandı, ağıdı
Göydələn villası göyqurşağıdı
Qurşağa əyilən o başa bax, bax

Başa keçiriblər parabaşları
Haçandı titrəyir gora başları
Tut kimi yedilər qara başları
Ağzıqara qurdda sən yaşa bax, bax.

Qanun da kasıbı minər, paçalar
Hara gizlənələr, hara qaçalar
Getdi kolbasaya Alapaçalar
Kişmişə tutulub alaşa, bax, bax

Bəxtiyar der: dörd tərəfi sarıblar
Bizə ağa oldu gələn qəriblər
Məni də ağ yuyub qara səriblər
Gəl eylə günümə, tamaşa, bax, bax.

Sayacaqlar

Vardan uzaqsansa, varlı yaxınlar
Səni uzaq- yaxın yox sayacaqlar
Pula pul deməzlər adama adam
Qara qazancları ağ sayacaqlar

Giribən donlara imic deyərlər
Sənə dərd nuş eylə, qəm iç deyərlər
Qənaət eyləsən simic deyərlər
Səxavət eyləsən lox sayacaqlar

Gahdan iqtidara, hökmətə yozub
Gah alın tərinə, zəhmətə yozub
Gah alın yazısı, qismətə yozub
Sənə olanları hax sayacaqlar

Der Bəxtiyar: üzdən abır tökülsə
Bağrım başı şan- şan olub sökülsə
Adın harda hörmət ilə çəkilsə
Quru hörməti də çox sayacaqlar

DƏRDİŞ
Məndən soruşan dost- nağayırırsan
Azar qayırıram canıma, dərdiş
Kredit gününə iki toy düşüb
Baxan yox hayıma, ünümə, dərdiş.

Kimə əl uzatsam qolum burulur
Sağım qanırılır, solum burulur
Dükana çatınca yolum burulur
Nisyələr çıxacaq sonuma, dərdiş

Gədalar hökm edər bürcün içində
Barxanam yüklənər xurcun içində
Keçdi ömrüm- günüm borcun içində
Min hayıf ömrümə- günümə, dərdiş.

Türməyə düşənin canına baxıb,
Qanı batanların qanına baxıb
Arvadın, uşağın gününə baxıb
Daha yığılmışam qınıma, dərdiş.

Bəxtiyar çıxardır daşdan ki çörək
Soyuq divarlardı arxamda kömək
Beş- altı Kəsəmən qarısı gərək
Ağlaya enimə- enimə, dərdiş

YANILTMAC TƏCNİS

Dözürük bir belə məlala, lələ
Canda can əridi, vədədə vədə
Gülər şama-mama şamama məmə
İndi vaxt vaxt deyil, vədə də vədə

Qoydu adət baba, ənənə nənə
Qalxan qalxana dost, ənən ənənə
Nə deyim mən sənin ənənənə nə
Allandı hər cavan, və dədə vədə.

Dərd çatdı gör neçə ədədə, dədə,
Say saya talıbdı, ədəd ədədə
Bəxtiyar, əlindən əədə, dad, ədə
Dözməzdi bu boyda vədə dəvə də

BƏNZƏRLİKLƏR
Yuxarıda Sarı Təpə,
Sarı Təpədə qəbristanlıq
Qəbristanlıqdan bir az aşağıda
Qəbir daşı sexi
Qəbir daşı sexində hazırca qəbir daşları
Müştəri gözləyir ustalar
Fərqi yoxdu, kim olsun, necə olsun
Cavan olsun, qoca olsun,
Gödək olsun, uca olsun
Alim olsun, çoban olsun
Təki bir ölən olsun

Bir az aşağıda bir ev, evdə qarımış bir qız
Hələ də ər yolu gözləyir
Artıq fərqi yoxdu ona
Kim olsun, necə olsun
Cavan olsun, qoca olsun
Gödək olsun, uca olsun
Alim olsun, çoban olsun
Təki bu xarabaya bir elçi gələn olsun
Təki gəlib onu alan olsun

Bir xeyli aşağıda çayxana
Çayxanada 4-5 köhnə müxalifətçi
Illərdir müxalifətçilik edirlər
Növbəti seçki uğursuzluğunu saf- çürük edirlər
Və yenə Qərbdən bəyanat gözləyirlər
Fərqi yoxdu bəyənatı kim, kimlər versin,
Bəyənat necə olsun
Gödək olsun, uzun olsun
Təki bir bəyanat olsun, olsun

Heç fərqində deyillər
Qarıyan arzuların, quruyan arzuların
Heç fərqində deyillər,
Hər “narahatlıq bəyanatı”
Bir arzunun baş daşıdı
Heç fərqində deyillər
Artıq Sarı Təpədədi onların
Neçə- neçə yaşıdı

DAĞLAR
(Əskipara dəftərindən)

Yazıldı ömrümə qaçqın taleyi
Pozuldu ömrümün səhmanı, dağlar
Ah çəksəm deyərlər- ahın dağlara
Götürüb apara ah məni, dağlar

Hər qaya dibində beşdi bulağın
Gözləri on yerdən yaşdı bulağın
Almalı talanın, Daşdı bulağın
Olaydım bircə yol mehmanı, dağlar.

Sinəm oldu arzulara gorxana
Yükləmədim qəflə- qatır, barxana
Quladivi, Təpəbaşı, Arxana
Dartır o yerlərə ruh məni, dağlar

Qaldı Arxanada xına yerləri
Coğazın gölləri- sona yerləri
Noyun Qılıcında binə yerləri
Vura quzeyində meh məni, dağlar

Nələr qaldı Bəxtiyarın huşunda
Ayna ömrüm sındı Çaxmaq Daşında
Gedib öləm Göy Xırmanın qaşında
Yuya səhər- səhər şeh məni, dağlar

 

Yazıya 900 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.