Vəfa Mürsəlqızı – Ayrılıq əslində qorxulu deyil

 

10944074_410391395788720_765336133_n

Ayrılıq əslində qorxulu deyil

Vida eləməyə söz tapa bilsən,
Başını qoymağa diz tapa bilsən,
Məni əvəz edən qız tapa bilsən,
Ayrılıq əslində qorxulu deyil.

*
Yarımçıq gül açmış budaq kimidir,
Pəncərəsi sınmış otaq kimidir,
Anasız böyüyən uşaq kimidir,
Ayrılıq əslində qorxulu deyil.

*
Yanan ürəyini soyuda bilsən,
Sınan qürurunu ovuda bilsən,
Birzca, bir azca unuda bilsən,
Ayrılıq əslində qorxulu deyiı.

*
Sığal çək saçımın dən tərəfinə,
Qəm çökür üzümün şən tərəfinə,
Gəl qaçaq dünyanın sən tərəfinə,
Ayrılıq əslində qorxulu deyil.

*
Gözünün yaşını boğ, yalan söylə,
Çəkdikcə sinəmə dağ, yalan söylə,
Mənə bircə dəfə ağ yalan söylə,
Ayrılıq əslində qorxulu deyil.

*
Balaca adam

*
Nərdivan, nərdivan qalxan dünyanın,
Bir gün enişi var balaca adam,
Zirvəyə aparan bütün yolların,
Geri dönüşü var, balaca adam.

*
Üçcə ay ömrü var yaşıl yarpağın,
Ağaclar dibində xəzəl ağlayır,
Sevdiyin hamıdan betər öldürür,
Qatilin hamıdan gözəl ağlayır.

*
Xoşbəxtlik əslində gözə görünmür,
Nidadır, sualdır,şərtdir, bəlkədir,
Özünə dərd etmə, balaca adam,
Böyük bildiklərin çoxu kölgədir.

*
Qaçan da, qovan da tələsir elə,
Haqlayıb yüyürür, çatıb yüyürür,
İp üstdə yeriyən kəndirbaz kimi,
Adamlar özündən tutub yüyürür.

*
Gəl çırpım üstündən illər tozunu,
Özünə ağrısan, özünə yüksən,
Nə olar böyümə balaca adam,
Sən bu adamlardan daha böyüksən!

*
Gəlin ölüsü

*
Gedirəm, dolanır ayaqlarıma,
Cığırın ölüsü, yolun ölüsü.
Sevirəm sözünü tərgidən gündən,
Qalıbdır dodağın, dilin ölüsü.

*
Tən gəldik sevdanın son baharına,
Qışın şaxtasına, qışın qarına.
Döşənib payızın ayaqlarına,
Çiçəyin ölüsü, gülün ölüsü.

*
Yağışlı gün kimi gəlib keçəydim,
Ağlayıb keçəydim, gülüb keçəydim.
Ölüb həsrətinə gəlin köçəydim,
Qalaydı gərdəkdə gəlin ölüsü.

***
Bu həyat yolunda doğmalarımın,
Çoxunu itirdim, çoxunu tapdım,
Bu səhər payızın gözündən öpdüm,
Səndə itirdiyim qoxunu tapdım.

*
Bu payız bir qəmli toya bənzəyir,
Hər toyun axırı vüsalla bitmir,
İçimdə saçını yolan qadını,
Bəxtimin yazdığı kişi kiritmir.

*
Adamlar qocaltdı məni, ay Allah,
Ömrün otuzuncu yaşı yazıldı,
Tanrı hər şeyimi gözəl yaratdı,
Alnımın yazısı naşı yazıldı.

*
Yorğun divarlarda teli dağınıq,
Kölgələr süründü səhərə qədər,
Qadınları oyaq qalan evlərdə,
Daş kimi bərk yatır gecə kişilər.

 

Yazıya 913 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.