Aysel Nəsirzadə – MAVi GÖZLÜ GÖY ÜZÜ

 

semaMAVi GÖZLÜ GÖY ÜZÜ

Eşit, mavi göy üzü,
Gözüm gözündə qaldı.
Əlim uzandı sənə
Dönüb üzümdə qaldı.

Doldu mavi gözlərin,
Yaşı sel olub axdı.
Qəlbinin ortasında,
Dərin bir şimşək çaxdı.

Yuyuldu göz yaşınla,
İki üzü dünyanın.
Sənin bu fəryadına,
Çaşdı özü dünyanın. 

Kimə axı bu öfkən?!
Kimdəndi şikayətin.
Yerin yerində olsan
Heç qalmazdı taqətin.

Bir az bizim insana,
Bənzətdim sanki səni.
Naşükür olmağını,
Bir az kəmhövsələni.

Nəyə ehtiyacın var,
Hər şeyin tağı səndə.
Gözlərin mas-mavisi,
Bənizin ağı səndə.

Hələ hilal qaşların;
Gün üzün “rəngli şalın”.
Tanrıya heç xoş getməz,
Giley-güzarlı halın.

Yığar yerin insanın.
Atar sənin qoynuna.
Başın qarışıb itər.
İnsanların oynuna.

Eşit mavi göy üzü,
Gözüm gözündə qaldı.
Əlim uzandı sənə,
Dönüb üzümdə qaldı.

Di,SALAMAT…

Ehh…əzizim,
Bizdən keçdi,
Gecdi daha.
Çətin bir də biz qovuşaq.
Sən inadkar,mən inadkar.
Özümüz ki,barışmadıq
Kimdi bizi barışdıran?!
Kimin bizə canı yanar?!
Hər kəsin öz dərd-səri var.
Niyə axı uzaqlaşdıq?!
İstəmədən belə vaxtsız
Doğma ikən biz yadlaşdıq.
Doğrusunu deyim ki,mən
Küsməmişdim ayrılmağa.
Küsmüşdüm ki,barışarıq
Amma bizdən cəld tərpəndi,
Qoçaq çıxdı bu ayrılıq.
O oldu ŞAH,biz olduq MAT
Nə deyə bilərəm ki,
Qismət olsa barışarıq…
Qovuşarıq…
Olmazsa da,
Eşqini et mənə halal,
Di,salamat,
Sağlıqla qal.

Yazıya 1166 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.