TƏK ŞEİR: Şəhriyar del Gerani — Sən ki unutmağı heç bacarmadın…

şəhriyar2_595199593894811_1146264584_n Albom…


əgər çi getməyə yerin yoxdusa,
hərdən özündən get, belə yaxşıdı.
kişilər – sevməyi bacarmır hələ,
qadın – unutmağı, belə yaxşıdı.

sənin döşlərində körpə payı var,
toxun qollarında körpə səsinə.
apar əllərini qatar yoluna,
ötür saçlarını qatar səsinə,
hələ ki yol gedir qatarlar belə,
hələ ki çatmayıb, belə yaxşıdı…

quşların uçuşu fikir kimidi,
arabir yağışa düşməyi də var.
arabir adama oxşayır yağış,
arabir qadına bulaşıb yağır,
buludlar bir türlü qadın kimidi
boşalıb-boşalıb dolmağı da var,
hələ ki boşalır, belə yaxşıdı…

eşitdim albomdan çıxardıb məni
yerinə it şəkli yapışdırmısan.
eşitdim ərinə əzizim deyib,
gedib o it şəklin qucaqlamısan.
eşitdim telfondan silib adımı,
nə isə maraqlı söyüş yazmısan,
sonra da söyüşə zəng eləmisən
elə ağlamısan… qadın dilində,
sonra da körpənə “it oğlu” deyib
yenə də it şəklin qucaqlamısan.

sən ki unutmağı heç bacarmadın…
sən ki unutmağı heç bacarmadın
deməli hardasa qatar səsi var,
deməli hardasa küçə yaddaşı
böyüyür-böyüyür, kiçilir… ölür…
ölür albomlarda şəkil adamlar,
qadın qollarında körpə səsləri,
qadın olbomunda it şəkilləri,
hələ ki hürürlər, belə yaxşıdı.

əgər çi getməyə yerin yoxdusa,
hərdən özündən get, belə yaxşıdı.
kişilər – sevməyi bacarmır hələ,
qadın – unutmağı, belə yaxşıdı.

Yazıya 4694 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.