Məmməd Hacızadə — Bu nə sevdadır

Məmməd Hacızadə

Məmməd Hacızadə

Yaş üstünə,yaş gəlir,

Üzünə qırış düşür,

Səni belə görəndə

Ürəyimə qış düşür.

 

Göz yumub məhəbbətə,

Varmadım səadətə,

İnan,bu cinayətə

Bir ömürlük iş düşür.

 

Hey özümü unutdum,

Hirsimi bir-bir uddun..

Göz yaşını qurutdum,

Sevginə alqış düşür.

 

 

Olsan

 

Olub şeh damlası dan ağarınca,

Gələrəm yanına sən yarpaq olsan.

Dünyaya əbədi yumub gözümü,

Yataram qoynunda sən torpaq olsan.

 

Kiçildim,kiçildim öz gözümdə mən,

Yenə mərd dayandım öz sözümdə mən,

Özümü kəşf etdim öz-özümdə mən,

Azmaram yolumdan sən dayaq olsan.

 

Dərd nədir bilmərəm gülərəm sənlə,

Dünyanı bir cənnət bilərəm sənlə,

Yarıb ürəyimi bölərəm sənlə,

Mənim bu sevgimə sən ortaq olsan.

 

Girsən gül bağıma çiçək dərərsən,

Saçına çiçəkdən çələng hörərsən,

Mənə bir ömürlük şərəf verərsən,

Mənim həyatıma sən qonaq olsan.

 

***

 

Saxla gəlin maşının

Orda mənim canım gedir.

Yer ayağımaltdan qaçır

Göyüm asimanım gedir.

 

Saxla, gəlin maşının

Alım bütün vücudumu

Qoy götürüm kül olmadan

O ürəkdən eşq odumu.

 

Saxla, gəlin maşının

Orda iki gözüm gedir

Sınar belim, qol, qanadım

Dilim ağzım sözüm gedir.

 

***
Qoy,ölüm səndən öncə,
Günahımı yuyum,gəl.
Həsrətindən odlanım,
Sənsizliyi duyum,gəl.

Gül üstə,yarpaq altda
Sinəmiz var dağ altda.
Gəl yataq torpaq altda,
Yanında uyuyum,gəl.

Mən başqa arzu bilməm,
Bu ruhda yuxu bilməm,
Hava bilməm,su bilməm,
Gəl,havam gəl,suyum,gəl.

 

 

 

 

 

Yazıya 734 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.