Şəfiqə Şəfa — Əldən gedən papaqlar

http_95.86.135.60_bpictures_picture132439

Qədimlərdə kişilərin başında papaq olması mütləq idi. Düzdü, papağa xüsusi dəyər və ya namus dəyərləndiricisi statusunu əsasən şərqlilər verirdi, amma Qərbdə də papaq kişi üçün önəmli atributlardan hesab olunurdu. Kişidə papaq o zamanlarda hər bir millətdə şərafət nişanəsi sayılırdı. Kişi üçün papaq cəsarət, ləyaqət rəmzi hesab edilirdi. Hətta kişilərin papağının formasına görə onun daşıyıcısının sosial vəziyyəti müəyyən olunurdu. Ona görə də kişilər istənilən halda papağı başlarından çıxarmazdılar, ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi.

Papaq, əsasən, XX əsrin əvvəllərinə qədər geyimin əsas hissəsi olub. Hazırda isə keçmiş dövrlərdən fərqli olaraq, bu gün papağa münasibət çox dəyişib, papaq indi yalnız başı soyuqdan və ya istidən qoruyan geyim növüdür. Başqa sözlə, papaq altından indi qeyrət çıxmır.

Vaxtilə kişinin papağı oğurlansa və ya döyüş zamanı güllə ilə vurulub salınsa idi, bu görünməmiş qırğına səbəb ola bilərdi. İndi isə kişi rahatca papağını “ortaya qoya”, alıb-sata bilər.

Belə deyirlər ki, papaq var ki, başdan bahadır. Amma indi haqqında söz açdığım və məni bu sətirləri yazmağa ilhamlandırmış papağın özü dodaq uçurdacaq qiymətdə olsa da, elə sahibinin də başı qiymətdə geri qalmaz. Söhbət böyük sərkərdə və imperator Napaleon Bonapart və onun məşhur qayıqvari papağından gedir. O papaq ki, təzəlikcə hərracda nə az, nə çox 1 milyon 884 min avroya satıldı. Həm də bir koreyalı kolleksionerə… Başqalarını bilmirəm, məncə, “qayıq papaq” qıyıq gözlərə çox yaraşacaq.

Nədəndisə, dünyasını dəyişmiş padşahların var-dövləti hərraca çıxarılanda birinci papaq əldən gedir. Elə Səddam Hüseynin də papağı bir neçə il öncə inanılmaz qiymətə satılmışdı. Düzü, inanmıram ərəb öz liderinin papağını satışa çıxara, bunun təşəbbüskarı yəqin ki, elə kişini ipə götürənlər olub. Amma nəticəni nəzərə alsaq, satılan satılıb. Görünür burda da bir simvolik sataşma eyhamı var. Bir sərkərdənin boğazı kəndirə, papağı da hərraca yerləşdirilirsə, bu təkcə onun deyil, millətinin ya boğazının, ya da qeyrətinin sabunlanmasına işarədir. Sonra da bəziləri deyirlər ki, papağa sətiraltı mənanı ancaq biz azərbaycanlılar veririk. Göründüyü kimi, amerikalıya da papaq məsələsi agah imiş.

Bəs görəsən fransız niyə öz əli ilə rəhbərinin papağını satır?! Napaleon kimi bir sərkərdənin şəxsi əşyası – şərəf nişanəsi niyə satılıq olsun axı?! Napaleonun tanıdılması üçün? – ehtiyac yoxdur, onu bütün dövrlərdə xatırlayacaqlar. Bəlkə, Fransanın pula ehtiyacı var? Nə bilmək olar… Elə XVIII əsrdən üzü bu yana fransız kişisi “papağının” əldən-ələ gəzməsi ilə məşhurlaşıb, ciblərini qalınlaşdırmayıbmı?.. Onsuz da, benəva Napaleonun da “papağı” sürüşkən idi, başında durmur, sahibi döyüşlərdə olanda müxtəlif kişilərin başını bəzəyirdi. Ola bilsin ki, hərrac dəllalları da ( və ya onları dingildədənlər) sərkərdənin məşhur “qayığının” gəzəyənliyinə eyham üçün papağı ortaya atıb və satıblar.

Özü də maraqlıdır ki, bütün dünya elə fransız papağından ilhamlanıb. Yəni, papaq söhbəti elə Fransadan bəhrələnib. Məşhur  “Qırmızı Papağ” ın müəllifi də fransız yazıçısı Şarl Perrondur. Göründüyü kimi, fransız da papaq məsələsində həssasdı.

Bu yazını yazarkən fikirləşdim ki, bizdə papaq alveri nə yerdədir? Yəni söhbət geyim hissəsi olaraq qoruyucu başlıqdan getmir, onun ticarəti sözsüz ki, olmalıdı. Amma qazancı papaqla başlayıb, bitirən, işi-gücü papaqdan asılı olan kəslərdən gedir. Başqa sözlə, başlıq olan istənilən yerdə papağın adının hallanmasından. Bunu banklarla əlaqəsi olanlar daha yaxşı bilərlər. İlanın yarpızdan zəhləsi getdiyi kimi, papağın da ticarətdən zəhləsi gedib, amma zəmanənin kinayəsinə bax ki, elə məhz pulun dövr elədiyi yerdə papağın adı simvol olub, sadəcə, şəkil dəyişdirib şapka adlanıb… Təkcə bankdamı?! İstənilən şapkalı yerlərdə papağın üzünün suyu gedib.  Yəni kəsəsi, indi papaq başa qoyulmur, cibə qoyulur. Elə Şərq də, Qərb də gözünü papağa dikib.

 

 

Yazıya 1092 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.