Postmodernizm bugünün, dünənin məsələsi deyil. Bu cərəyanın köklərinə Fransua Rablenin, yaxud İeronim Bosxun əsərlərində, Fridrix Helgerlinin tərcümələrində rast gəlirik. Əlbəttə ki, mənim anlayışımda postmodernizm Şarl Bodler və Pol Sezannın başladıqları və sənətdə modernizm adlanan dönüşün davamıdır.
…Tərcümə zamanı yanaşma orijinalın mətnilə müəyyənləşir. Amma yəqin, hətta, postmodernizmliyi mütləq olmayan elə mətnlər var ki, həmin mətnləri postmodernizm konsepsiyasına uyğun şəkildə çevirmək olardı…
Bəs bu cür tərcümənin şərtiliyi nədədir? Onilliklərlə belə güman olunurdu ki, guya tərcümə “orijinal əsər” kimi oxunmalıdır, yaxud daha ehtiyatla desək, “realist tərcümə” adlanan müəyyən bir orta həddə olmalıdır. Bu ehkam təkcə bədii tərcümə nəzəriyyələrinə (burada söhbət məhz ondan gedir) şamil edilmirdi, bir çox tərcüməçilərin özləri də belə hesab edirdilər. Məsələn, Boris Pasternak Vilyam Şekspirin “Hamlet” əsərini çevirəndən sonra oxucularından xahiş edirdi ki, onun tərcüməsini “orijinal rus dram əsəri” kimi oxusunlar. Bunun nəticəsidir ki, “Hamlet”i də, “Faust”u da mahiyyətcə Pasternakın əsərləri saymaq lazımdır. Bunun ardınca tərcümənin “təbiiliyi” prinsipi gəlir. Yenə də Pasternak yazırdı: “Tərcümənin orijinallığına dilin canlılığı və təbiiliyi ilə nail olmaq mümkündür”. Başqa bir tələb – tərcümə olunmuş əsərin orijinal səviyyəsində olması isə çox incə məsələdir. Amma orijinalı olduğu kimi başqa dildə yaratmaq olduqca şərti məsələdir, bunu heç cür ciddi qəbul etmək olmaz. Tərcümənin, mətnin əslinə oxşaması barədə isə fikir yürütmək olar. Mənə elə gəlir ki, bu tezisə etiraz etməyə dəyməz. Sadəcə ikinci, mənim antitezis adlandırmadığım mülahizəni ona qarşı qoymaq olar, ona görə ki, mən sintezə (“qızıl ortaya”) can atmıram.
Amma hərfi tərcümə dedikdə biz qəfildən (amma bunu gözləmək olardı) lap Siserondan da əvvəlki dövrdən bəri davam edən tərcüməylə bağlı mübahisəyə – hərfi tərcümə sərbəst tərcüməyə, “verbum pro verbo” isə “sensus pro senso”a qarşı – qoşuluruq.
Bu köhnə, həll edilməmiş və həll edilməyəcək mübahisədir, çünki söhbət canlı dildən və canlı sənətdən gedir. Amma mənə belə gəlir, həmin mübahisədə bugünkü ədəbiyyatımızla, bugünkü oxucularla müəyyən bir hüdudlar meydana çıxıb. Yeni baxış bucağını “təbii (“orijinal kimi”) tərcümə”ylə dəyişkən, qeyri-adi (“tərcüməyə oxşayan”) tərcümə arasında zid-diyyət kimi təsəvvür edirəm.
Əlbəttə, heç vaxt vahid qrup oxucular olmayıb, məcburi orta təhsil və kitabların kütləvi surətdə nəşri isə, əslində onların dairəsini genişləndirməyib… “yüksək səviyyəli” bədii ədəbiyyat mütaliəsinə gələndə isə oxucular arasında iki qütb var: nisbi sabit qrup – onlar üçün mütaliə vərdişdir, – və bu cür kitabları heç vaxt oxumayanların artıb-çoxalmış kütləsi. Bu məsələnin bir tərəfidir. İkinci tərəf isə ondan ibarətdir ki, oxucumuz da dəyişib. O, artıq Hötenin nəzərdə tutduğu sadəlövh söz həvəskarı deyil. Höte onları nəzərdə tutub yazırdı ki, “orijinala həddən artıq yaxın olan tərcümələr yalnız alimlər arasında müzakirəyə yararlıdır”.
Üstəlik, bugünkü oxucu təkcə ingilis dilini yox, digər dilləri də çox yaxşı bilir… Bizim bədii tərcümələrimizin istehlakçıları daha səviyyəli olublar. Oxucu istəklərinin genişlənmiş üfüqləri hər cür yeniliklərə daha həssasdır. Əlbəttə ki, ədəbiyyatın özü tərcümə obyekti kimi (həm də təkcə sırf postmodernist deyil, sadəcə müasir) bizim üçün oxucunun tərcümə eksperi-mentlərində, başqa cür desək, mətnin realizəsində iştirakını təmin edir. Bu halda həmin iştirakı yalnız tərcümənin tərcümə olduğunu ondan gizlətməməklə təmin etmək olar…
Tərcümə etmək zövq almaq, sevinmək, macəra yaşamaqdır… Tərcüməçi orijinalın əsiri olmamalıdır, onunla yarışmalıdır, düzdür, bunu xaricidilli müəllifin yazdığı yox, başqa janrda etməlidir. Məhz həmin janrda da biz tərcüməçilər mətnin müəllifiyik.
…Digər konsepsiyaların mövcudluğunu mənim postmodernist adlandırdığım tərcümə konsepsiyası olmadan nəzərdən keçirmək çətindir. Çünki konsepsiyanın fərqi yoxdur, amma hər bir orijinal öz xüsusiyyətlərinə görə (hər bir müraciət edilən qrup da öz tipinə və tərkibinə görə) özünün həmişə fərdi olan yanaşmasını tələb edir. Bunu plürualizm də, reltyativizm də adlandırmaq olar. Bu iki anlayışdan birini seçmək isə oxucudan asılıdır.
Yazıya 836 dəfə baxılıb