Aysel Nəsirzadə – QARABAĞIM QAN AĞLAYIR

Azerbaycan bayragi ve gerbi 171011 

QARABAĞIM QAN AĞLAYIR

Şəhidlərin qanı üstə,
Qarabağım yas saxlayır.
Deyən yoxdur doğru sözün,
Qarabağım qan ağlayır.

Nə çox oldu sahib çıxan?!
Tamah saldı yerdən qalxan.
Uzaqlardan qərib baxan,
Qarabağım qan ağlayır.

Soldu gül-çiçəkli bağı,
Yerlə yeksan etdi yağı.
Xarı bülbül deyir ağı,
Qarabağı  qan ağlayır.

Dünən səbr,bu gün səbr,
Səbr eləmək bəs eləmir.
Xocalım imdad diləyir,
Qarabağım qan ağlayır.

Nəfsi acların badına,
Getdi vətənim satına.
Ya Rəbb,özün yet dadına,
Qarabağım qan ağlayır.
                   

 

VƏTƏNİN ANASI ÖLÜB

Başı üstə bulud qara,
Ocağının odu sönüb.
Neçə vaxtı düşüb dara,
Vətənin anası ölüb.

Yox sirrini saxlayanı,
Yox yarasın bağlayanı,
Yox dərdinə ağlayanı,
Vətənin anası ölüb. 

Köksündə düşmənin oxu,
Biganədir ona çoxu,
Kim qeydinə qalsın axı,
Vətənin anası ölüb.

Yoxa çıxıb igidləri,
Dünyaya sığmaz kədəri.
Özünü boğur qəhəri,
Vətənin anası ölüb.
             

 

Yazıya 1114 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.