Səni gözləyəcəm
Gedənin bir də gəlmədiyi
qanlı, murdar müharibəyə
getmək istəyirsən?
Get, əsgər!
Əgər qayıtsan, burda olacam.
Yaşıl ağacların,
çılpaq ağacların altında gözləyəcəm.
Ən son əsgər qayıdanacan
gözləyəcəm səni.
Sən qayıdanda
qapıda özgə ayaqqabı görməyəcəksən.
Yanımdakı yastıq həmişə boş olacaq,
dodaqlarıma başqa dodaq toxunmayacaq.
Sən qayıdanda deyəcəksən:
“Hər şey qoyduğum kimi qalıb, hər şey!”
Teleqraf telləri
Döyüş meydanına axşam düşəndə,
Düşmənlər məğlub olmuşdular.
Xəbəri uzaqlara daşıdı
teleqraf telləri.
Dünyanın bir tərəfi için-için yandı,
Səs-küy parçalandı göy qübbədə,
Bir qışqırtı – dəli ağızlardan daşan
və göyü aşan…
Min dodaq bəddua ilə soldu,
Min yumruq vəhşi hirslə sıxıldı.
Dünyanın bir başqa tərəfində,
Sevinc parçalandı göy qübbədə.
Böyük bir sevinc, əyləncə,
nəfəsdərmə, rahatlıq…
Min dodaq köhnə bir duanı söylədi,
Min əl inancla birləşdi.
Gecə yarısı,
Teleqraf telləri
sayırdı döyüş meydanındakı ölüləri.
Bu zaman dost da susdu, düşmən də.
Təkcə analar ağladı hər iki tərəfdə.
Divardakı yazı
“Müharibə istəyirəm!” –
Ən birinci bunu yazan
vuruldu.
Qardaşım təyyarəçiydi
Təyyarəçiydi qardaşım.
Gözəl bir gündə əmr gəldi,
çantasını hazırladı,
yollandı cənuba.
Fatehdi qardaşım.
Yaşamağa yerimiz yoxuydu,
torpaqlar ələ keçirtmək idi
ən böyük xəyalımız.
İndi qardaşımın fəth etdiyi yer
Guadarrama dağlarında;
boyu bir səksən,
dərinliyi bir əlli metr.
Sərnişin
İllər öncə
avtomobil sürməyi öyrənərkən
təlimatçım siqaret çəkdirərdi mənə.
Tıxacda,
ya da iti döngələrdə sönsə siqaretim,
sükanı alardı əlimdən.
Lətifələr danışardı,
bütün diqqətim avtomobil sürməkdə olanda,
gülməyəndə lətifələrə
sükanı alardı əlimdən.
Tez-tez “nəsə narahatam” deyər,
qorxudardı məni.
O vaxtdan
işimə çox da aludə olmuram.
Ətrafımdakılarla maraqlanıram,
Kiminləsə danışmaq üçün fasilə verirəm işimə.
Bir siqaret çəkə bilməyəcək qədər
sürətli avtomobil sürməkdən də imtina etmişəm.
Sərnişini düşünürəm artıq.
Müharibə
Bu müharibə birinci deyil,
Çox müharibələr oldu bundan öncə.
Sonuncu müharibənin qurtardığı gün
bir tərəfdə məğlublar,
bir tərəfdə qaliblər vardı.
Məğlubların yanında
xalq acından ölürdü,
Qaliblərin yanında
xalq acından ölürdü.
Səhər-axşam oxumaq üçün
“Sənsiz yaşaya bilmərəm”,
deyir sevdiyim.
Məhz buna görə
özümə qayğı göstərirəm.
Küçədə qarşıma diqqətlə baxıram
və hər yağış damlasından
sanki məni öldürəcək kimi qorxuram.
Suallar
Nə geyindiyini yaz mənə! İsti saxlayırmı?
Necə yatdığını yaz mənə! Çarpayın yumşaqmı?
Necə göründüyünü yaz mənə! Hələ də həminkisənmi?
Nə üçün darıxdığını yaz mənə! Əllərim üçünmü?
Necə olduğunu yaz mənə! Rahatsanmı?
Sənə neylədiklərini yaz mənə! Cəsarətin çatarmı?
Neylədiyini yaz mənə! Etdiklərin yaxşı şeylərdimi?
Nə düşündüyünü yaz mənə! Mənimi?
Mən yalnız suallar verə bilərəm sənə,
Məcburam cavablarını qəbul etməyə.
Yorğunsan, əllərimi sənə uzada bilmirəm.
Acsan, məndə də yeməyə heç nə yox.
Elə bil heç yaşamamışam, yoxam!
Sanki səni unutmuşam.
Təsirləndiyin hər şeyə
Təsirləndiyin hər şeyə az diqqət et.
Sənsiz yaşamayacağını demişdi axı.
Unutma,
bir gün yenidən rastlaşsanız
tanıyacaq səni,
mütləq tanıyacaq…
Mənə bir yaxşılıq et:
bu qədər sevmə.
Sonuncu dəfə sevildiyimdə
Azca da sevinc hiss etməmişdim.
Yazıya 602 dəfə baxılıb