1. Tərçüməçi xalqların dostluğuna, onların mədəniyyət sahəsində qarşılıqlı inkişafına xidmət edir. Bütövlükdə tərcüməçi əməyi və peşəkar təcrübəsi əsasən buna yönəlib.
2. Tərcüməçi qarşısında tərəzinin iki gözü var: birincisi orijinalın müəllifi, ikincisi tərcümənin oxucusu. Tərəzinin hər iki gözü tarazlığını qoruyanda tərcümə mükəmməl sayılır.
3. Tərcümənin uğuru dəqiqlik və təbiilik meyarlarının nə dərəcədə uyğunlaşdırılmasından asılıdır.
4. Elə tərcüməçi var, çevirdiyi şeirə əcnəbi dil üslubunun xüsusiyyətlərini qatmağa çalışır. Bu, doğru deyil. Bülbül ququ quşu kimi quqquldaya, ququ quşu isə qaratoyuq kimi oxuya bilməz.
5. Hər yaxşı şair usta tərcüməçi ola bilməz, məsələn, Tütçev kimi… Hər yaxşı şairdə yaxşı tərcüməçilik qabiliyyəti olmur. Buna Bloku misal gətirə bilərik. Zəif şairdənsə yaxşı tərcüməçi çıxmaz.
6. Bəziləri hesab edir ki, yaxşı poeziyada qüsur olmamalıdır. Elə deyil… Yaxşı poeziyada hər şey öz yerindədir. Yad dilə tərcümədə bir xeyli şərtiliklər ortaya çıxır, onu həmin dilə uyğunlaşdırmağa böyük ustalıq gərəkdir.
7. Bəzən tərcüməçiləri haqlı olaraq tərcümə etdikləri dili bilməməkdə suçlayırlar. Halbuki tərcüməçinin boynuna düşən əsas öhdəlik yazdığı dili mükəmməl bilməkdir.
8. Tərcümə – ədəbi dildən verilən imtahandır. O, sənin söz ehtiyatını aşkarlayır, sənin Uşakov və Daldan nə dərəcədə xəbərdar olduğunu göstərir.
9. Sətri tərcümə Kolizey xarabalığına oxşayır. Həmin xarabalığı yenidən qurub yaradan adam Roma tarixinə, onun məişətinə, adətlərinə, incəsənətinə, memarlığına bələd olmalıdır. Təsadüfi tərcüməçi bunun öhdəsindən gələ bilməz.
10. Çevirdiyi bütün şairləri eyni üsluba salan tərcüməçi oxucunu yarıda bilməz. Bu, adətən, tərcüməçinin tərcümə etdiyi şairi yox, özünü ifadə etməkdə maraqlı olmasından irəli gəlir. Məsələn, Balmont belədir…
11. Əgər sən sətirləri etinasız şəkildə tərcümə etmisənsə, oxucunun onu həyəcanla oxuyacağını düşünə bilərsənmi?
12. Xarici dildən tərcümə orijinal əsər kimi oxunmursa, demək, ya orta səviyyəli, ya da uğursuz tərcümədir.
13. Lermontovun tərcüməsində “Dağ zirvələri” Hötenin orijinalından yaxşıdır. Bunlar heç vaxt qanuna çevrilməyəcək istisnalardır.
14. Bizim əsas düşmənimiz ütülü yazmaqdır. Ütülü yazmaq ürək qızdırmamağı və oxucuya hörmətsizliyi göstərir.
15. Üslub və üslubçuluq – ayrı-ayrı anlayışlardır. Quru üslubçuluq süni nitqə gətirib çıxarır.
16. Linqvistik üsulla işləyən tərcüməçi mətn üzərində böcək kimi sürünür, hər sözə nəhəng zərrəbinlə baxır. Onun mətnində söz “elmə əsasən” çevrilir, ancaq həmin tərcümə kitabını oxumaq məşəqqət olur… Axı bədii əsərin tərcüməsi sözün tərcüməsi deyil.
17. Sənin tərcümə etdiyin şairin sabah necə qarşılanacağını hardan bilmək olar? Sən onu indi göründüyü kimi çevir.
18. Əsər XII əsrdə yazılıbsa, onu “İqor polku haqqında dastan”nın dilində tərcümə etməlisən.
19. Gürcü ölçülərini təqlid edən tərcüməçi xırdalıqların ardınca qaçıb əhəmiyyətli şeyləri itirir. Ölçülər güc-bəla ilə tən gəlir, amma şeiri oxumaq, mahiyyətini anlamaq olmur.
20. Onqat qafiyələrə rast gəlinən Şərq dillərindən çevirmədə tərcüməçi istənilən məzmunu təsnifatlandıra bilər: любовь – кровь – свекровь – морковь (sevgi – qan – qaynana – yerkökü). Bu şeirlər son dərəcə qəribə görünsə də, çap edilib.
21. Müəllifin elə obrazları olur, orijinalda oxucunu ağlatsa da, başqa dilə hərfi tərcümədə gülüş doğurur. Adamları ağladan sözü gülüş hədəfinəmi çevirəcəksən?
22. Bəyəm çevirdiyin şairin yaradıcılığı ömürlük mülk kimi sənə bağışlanıb? İndiyə qədər Şekspir dəfələrlə tərcümə olunub, bundan sonra da olunacaq. Tərcümənin uğuruna zaman hökm verir – onun uğuru heç vaxt orijinal qədər uzunömürlü olmur.
1956
Tərcümə:NARINGÜL
Yazıya 931 dəfə baxılıb