Sərxan Əhmədov-yeni 3 şeir

SERXANSevgi olmayan yerdə

Sevgi olmayan evdə
Nə duz olar, nə çörək.
Sevgi olmayan evdə
Nə şam yanar, nə ürək

Bir-birini “sevəndə”
Gah gülər, gah ağlayar.
Gündə min yol döyünən
Ürəklər buz bağlayar.

Bir yol qəlbə yapılan
Ikinci yol yapılmaz.
Eşqi ikinci kərə
Yapışdıran tapılmaz.

 

Səməndər quşu kimi
Yanıb-sönməyə dəyməz.
Bir dəfə sevirsənsə
Geri dönməyə dəyməz.

Sevginin açarını
Qoy cibinə birinci.
Ürəkdən sevibsənsə
Nə küs ondan, nə inci.

Ömür-gün yoldaşının
Şəri-xatası olmaz.
Mərd namərd ətəyindən
Heç vaxt tutası olmaz.

Ümidimi qırma Fələk

Ay dərd mənə yaxınlaşma,
Arzularım kəndirdədi.
Ürəyimə qahmar çıxan,
Isti Bünyad təndirdədi.

Allahıma minnətdaram,
Pis niyyətdən ayrılmışam.
Bir kəsərli qılınc kimi,
Öz qınımdan sıyrılmışam.

Nadanların əllərində
Yumaq kimi bükülmüşəm.
Tufan kimi, fırtına tək
Öz içimə tökülmüşəm.

Ayır məni məhvərimdən,
Öz Dünyamdan qopum gəlim.
Sənin mənə bəxş etdiyin,
Istedadı tapım gəlim.

Öz hökmünlə qaytar məni,
Bəxş etdiyin camalıma.
Uzun illər aradığım
Öz hüsnümə, camalıma.

Qeyri-adi qüdrətinin
Hikmətindən doymamışam.
Bədbinləşmiş ahu kimi
Şirinliyi duymamışam.

Qaytar məni, bu Dünyada
Şimşək kimi çaxım gedim.
Bütün bəşər tarixinə
Gözlərimlə baxım gedim.

Həsrət qalan var

Günəşin nur şəfəqləri yayılıb düzə,
Gecə həsrət qalıb, baxa bilmir gündüzə.
Mərd insanlar, namərdliyi vurmayın üzə,
Qış olmasa gələ bilmir çiçəkli bahar.

Təbiətin gözəlliyi möcüzəlidi,
Mənzərəni dərk etməyən yəqin dəlidi.
Bu hikməti yaradansa Allah əlidi,
Bu vəhdətin mənası var, ona tək inan.

Bel bağlayın Azmanlığın bu vəhdətinə,
Uyğunlaşın təbiətin mərhəmətinə.
Düşən vaxtı tənəzzülə, ya da çətinə,
əlinizi ətəklərdən üzüb durmayın.

Ayıq olun, ümidiniz bağlansın göyə,
Qiymət verin bu lacivərd, şux gözəlliyə.
Yer mülkünün torpaqları mənimdir deyə,
Vicdanınız qadşıdasa, geri dönməyin.

Alov saçan sinələrdə gül aça bilməz,
Körpələr də doğulan tək dil aça bilməz.
Haqq mücrüsü bağlanarsa el aça bilməz,
Ayıq olun, ömrü-dövrü bitirərsiniz.

Yazıya 779 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.