Nə sirdi, bu xalq deyilən
Susub, ünüynən barışır?!
Yeddi yerə parçalanır,
Yeddi yönüynən barışır!
Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır!
Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan: –
Kölənin köləsi olan
Hansı günüynən barışır?!
YADINA DÜŞDÜM
Bu gün hardan doğdu belə? –
Gör kimin yadına düşdüm!
Şükür Sənə, görk eləyən,
Görkümün yadına düşdüm!
Qoşuldum ağlar səsinə,
Çəkildim çağlar səsinə.
Səs verdi dağlar səsinə, –
Ərkimin yadına düşdüm!
Aldatdı şeytan nəfəsi,
Atdım məni sevən kəsi.
Hər gün məni lənətləsin,
Hər kimin yadına düşdüm!
***
Oturub ömrün içində
çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb
gerçək şəkli çəkirəm.
Çəkirəm ciyərlərimə
faniliyin ətrini.
Məndən əziz tutan varmı
bu faninin xətrini?!
Kimsə bilməz nə çəkdirir
mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
olmağa əkdiklərim.
Dəryalar mənə çəkilir,
tufanlar məndən qopur.
Canıma odlar ələnir,
ruhuma sular hopur.
Şəkillənir qələmimdə
çoxdan ölmüş bir adam.
Mən şair deyiləm, yavrum,
mən bir dəli rəssamam.
ŞEİR
Səni
Qana-qana
Yazmaq olmur,
Yaza-yaza
Qanmaq.
Sənə yetməyin
Bircə yolu var:
Yanmaq!!!
Yanmaq!!!
Yanmaq!!!
***
Narkomanlar və dəlilərdir
Bu məmləkətin ən bəxtəvər
Adamları.
Tənbəki, dərman və şərabdır
bu ölkədə ən gərəkli nemət.
Bir də dindən xəbərsiz mollalıqdı,
bir də üzlü üzüyolalıqdı.
Vəssəlam!
– Tamammı, əfəndim?
– Tamam, tamam!
***
MİNACAT
Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada?
Bir payı quru torpaq,
Üç payı su dünyada?
Adım peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.
Qənşərində durduğum
Aynadakı mənəmmi?
Ruhum mənə dardımı,
Mən ruhuma tənəmmi?
Əvvəl-axır deyilən
Bir ölçü-biçi varmı?
Varsa bəs ölçüsüzlük
Nədi, bilmək olarmı?
Bu cismi-can varlıqdı,
Yoxluq divanəsiyəm.
La İlahə İlləllah! –
Kimdi məni səsləyən?
Yazıya 637 dəfə baxılıb