Xəyalə Sevil – Pəncərədən boylanıram

xeyalePəncərədən boylanıram,

Ay güzgümdə aylanıram.

Yer üzü qadın qapısı,

Gecə yarı döymək olmur.

Göy üzü yadın qapısı,

Dəymək olmur,

Dəymək olmur…

 

Həmin yol, həmin küçədi,

Qarayanız bir gecədi.

Bu azalan adamların arasında

Bir sən yoxsan,

Bir mən yoxam.

İki oldu bu yoxluq.

Böyüdü, boyumdan da

Yekə oldu bu yoxluq.

Heç kim ilə bölünməyən

Tikə oldu bu yoxluq.

Ömrümdən sənsiz illərim

Meyvə kimi dəyib düşür,

Gözlərimi döyüb düşür.

Və beləcə…

Və beləcə

Ölüm məndən duyuq düşür.

Torpağın qara canına

Mənim boyda oyuq düşür.

 

***

 

Bətnimdə böyüyən adam

 

Bətnimdə böyüyən adam,

Bir ömür gözləyir səni.

Ömrün yaşına gələcək,

Həyat başına gələcək.

Qoy səni aldatmayım ki,

“Dünya xoşuna gələcək”…

 

Bətnimdə böyüyən adam,

Dünya bətnim kimi deyil,

Enişi var, yoxuşu var.

Bu dünyaya hər gələnin

Torpağa bir qapı açıb

Bu dünyadan çıxışı var.

Qapı-qapı qəbrlərini tanı,

Bunu, onu, o birlərini tanı.

Bizi saxlayır, böyüdür,

Dayədi bu dünya bizə.

Dünyadan ev olmaz, balam,

Kirayədi dünya bizə.

 

Bətnimdə böyüyən adam,

Müxtəsəri,

Anan mənəm, atan odu.

Evin budu, odan odu.

Səni hər gün əzizləyən

Bacın, qardaşın da var.

Daşın üstə daş qoymağa

Balaca daşın da var.

Ürəyimiz üzünə

Açılıbdı taybatay,

Gözləyirik aybaay.

Fərqi yoxdu, oğlan ya qız,

Balamsan, balamsan mənim.

Yazıya 767 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.