Anamdan ən çox eşitdiyim buyruq idi:
bala,ocağa odun qoy…
Qış uzunu
gözümüz odun səcənimizdəydi,
qulağımda da o sözüydü ki…
bala,ocağa odun qoy…
Sanki qarşımda düz yol açılır,
Haqq tanıdılırdı:
bala,ocağa odun qoy…
Bu,ömrüm boyu
Tabağımda çörək,
Bardağımda su olsun deməkiydi,əslində,
həm də
boynuma daimilik bir cavabdehlik borcu qoyurdu:
bala,ocağa odun qoy…
HEÇ KİM…
Qapı döyülür açıram-
heç kim…
çağırıram cavab verən-heç kim;
o heçkimi salamlayıram-
özünü yalqız hiss etməsin o heçkim;
onunladı ürəyim…
O heçkim
hər kimdisə ən doğmam sayıram onu-
bəli,
o heçkim də bir kimsədi-
bir Allah bəndəsi-
damarlarında qanı,
həyəcanı-
bəlkə də bilir bu saat
haqqında şeir yazıldığını-
və heçnəyə aldanır bu heçkimlər,heyhat…
HEÇ NƏ…
Dalınca qaçıram bəzən heç nəyin-
olandan oluruq olmayan üçün;
nə gözə dəyəndi,nə ələ gələn,
di gəl,varlığına baxın bu heçin…
Sanki asılıyıq bir çürük sapdan…
ocaq isidərmi od olmayanda…
sevgi çörəyindi,suyundu bəlkə,
indi neyləyəsən o olmayanda…
Olur ki,bir heçdən danışırıq hey-
yoluna qoyuruq guya hər işi…
diqqət kəsilirəm dörd tərəfimdə
bir insan ağzından bir söz eşidim…
Necə boşaldasan qəlbin dolanda…
tökülürsən köhnə bir suvaq kimi.
bir də görürsən ki,heç nə bildiyin
qarşında dikəlib lay divar kimi…
Yazıya 1034 dəfə baxılıb