“BİZ YENƏ GÖRÜŞƏCƏYİK”– Kitab TƏQDİMATI

загружено

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində mərhum yazıçı Sabir Əhmədlinin 85 illik yubileyinə həsr olunmuş “Biz yenə görüşəcəyik” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə yazıçının qələm dostları, KİV nümayəndələri və ailə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə Xalq şairi Sabir Rüstəmxanlı açıb. O, Sabir Əhmədli ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Sabir Əhmədli Azərbaycan ədəbiyyatında ayrıca bir mərhələdir. Düşünürəm ki,o, hələki öz dəyərini tam almayıb. Zaman gələcək ki, Sabir müəllimin hər bir əsəri ayrıca tədqiqat mövzusu olacaq”.

Sonra söz alan millət vəkili, yazıçı Aqil Abbas da öz növbəsində Sabir Əhmədli yaradıcılığından söz açıb. Daha sonra yazıçı Azad Qaradərəli çıxış edib. O, Sabir Əhmədlinin tələbəsi olduğunu deyib: “Sabir Əhmədli mənim müəllimim olub. O, əsərlərimi oxuyar, istiqamət bildirərdi. Sabir müəllim qaya kimi sərt görünsə də, əslində çox həlim, zarafatçıl biri idi. Sevinirəm ki, onun kimi bir insanla tanış olmuşam”.

Sonda söz alan yazıçının oğlu Bəxtiyar Əhmədli kitab haqqında tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, kitabda Sabir Əhmədlinin qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Məhəmməd Əhmədliyə və 20 yanvar şəhidlərinə həsr etdiyi povest və hekayələri yer alır.  Bununla yanaşı, kitabda Cəmil Əhmədovun şeirləri, Məhəmməd Əhmədli haqqında tanınmış şair və ədiblərimizin şeir və xatirələri də toplanmışdır.

sənət.az

Yazıya 575 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.