İnsanları tək qohumluq əlaqələri
birləşdirmir. Biri ilə paylaşacaq nəyisə olmalıdı insanın. Avtobusda havanı, süfrə arxasında yemək-içməyi, söhbət edəndə sözü, sevəndə sevgini və s. paylaşırsan. Belə deyirlər: “Paylaşdıqca sevinc çoxalır, kədər azalır.”
***
Babam həmişə deyirdi ki, toya, şənliyə getməsəz də olar, hüzrə mütləq gedin. Kədərə şərik olmaq lazımdı ki, azalsın…
Paylaşacaq nəyisə olmalıdı insanın…
***
Facebook-da bir karikatura görmüşdüm. Məzmunu beləydi ki, bişirdiyiniz yeməyin fotosunu çəkib paylaşmayın, özünü paylaşın.
Xəzər tv-də studiyanı bürüyən kabab tüstüsü düşdü yadıma Neftçilərdəki BOMJ-u görəndə. Yaxınlaşıb soruşdum ki, televizoru var, dedi yoxdu. Qovdu məni. Düz elədi…
***
“Səninlə eyni oksigeni udmaq istəmirəm, nəinki eyni yatağı paylaşmaq…”-Boşanmağa hazırlaşan qadın belə dedi ərinə… “Deməli, hər şey bitmişdir”-söylədi əri-“paylaşmağa nəyimizsə yoxdusa, yollarımız ayrıldı demək…”
Uzaq qohumum olan bir gəlin, atası evinə küsülü gəlmişdi. Uşaqları söhbət edirdi həyətdə. 10 yaşlı qızı qonşu uşaqlarından ötrü darıxırdı. Axşamüstü lap kür olurdu qızcığaz-dostları ilə oynamaq vaxtı gələndə. 4 yaşlı oğlu isə deyirdi: “Evimizə gedək. Burda vay-fay yoxdu. Data kartla yutuba girməyə qoymurlar.” Wi-Fi-dan ötrü bütün gün ağlayırdı uşaq…
Barışdılar. Əri gəlib apardı ailəsini. Bu haqda söhbət edəndə gəlin, zarafatyana dedi: “Həyat yoldaşımla mənim vay-fay-dan və uşaqlardan başqa ortaq heç nəyim yoxdu.”
***
Mayda yazmışdım bu şeiri:
Pencək havası
ağır aysan,-deyirlər,
may ayı!
Düşər, düşməzin olar…
günəş elə gözəl gülümsəyər səndə
elə gözəl çiçəklər açar…
təbiət səsləyər adamı
qərar tutmarıq evdə
amma
ağır aysan,-deyirlər,
düşər, düşməzin olar…
adamlar sevinmək istəmir
ağlamağı sevir adamlar
bir də kədəri
göz yaşını
qışın şaxtasını
yayın qızmarını
rənglərin qarasını…
sevgilim səndə doğulub
özüm oktyabrda
o, üzü yaya gedərək böyüyüb
mən qışa…
ortaq sevgimiz var onunla
bir də ilıq
günəşimiz
və
ikimiz də pencək havasında doğulmuşuq…
Yazıya 846 dəfə baxılıb