Orxan Məmmədli – Yaşa Yoxluğunu

339927_248856571859246_365979802_oOlur, adamlar günün birində başını götürüb harasa getmək istəyir.
-Məncə, gediriksə, başsız getmək lazımdır.
Olur, adam çıxıb getmək istəyir buralardan… uzaqlara, lap uzaqlara…
-Məncə, uzaqlar da kiminsə “buralar”ıdır.
Olur, adamlar ölüb canını qurtarmaq istəyir.
-Qorxurki, birdən o dünya olar.
Olur, içindəki təlatümü dənizə danışmaq istəyirsən.
-Bəs, dalğalar yazıq deyil?! belədən-belə, elədən-elə yük daşıyır. O sahilin “yükünü” bu sahilə tökməmiş, bu sahildə onu bir ürək “yük” gözləyir.
Olur, deyirsən, Ay Allah heç nə yox , heç kim yox, bircə yanımda O olaydı…
-Sonra olurki, heç nə yox, heç kim yox, bircə yanında O olur. Vaxt keçir…Baxışlarınla gül ala bilmirsən ona, öpüşünlə quş südünü daddıra bilmirsən. Gülüşündə də bir kasadlıq olur, kredit basmış cibində əllərindəki soyuqluğu demirəm, hələ. Onun soyuqluğu isə içini yandırır. Sonra, deyirsənki, bircə O yox, Ay Allah hər şey olaydı, hamı olaydı, sonra O olaydı.
Olur, yaşamaq istəmirsən.
– Düşünürsənki, mən ölsəm ailəmə əziyyət verərəm. Yenə bir bəhanə ilə yaşayırsan.
Olur, adamlar xoşbəxtliyə tərif axtarırlar.
– O qədər olubki, adamlar xoşbəxt olduqlarını sonradan biliblər.
Olur, içini suallar bürüyür. Hamısına yaşadıqca cavab tapa bilirsən. Ömrün boyu şübhələndiyin, içini yeyən bir sual olur.
– Mən onunçün kiməm?
Sevməksə, vallah bekarçılıq əlamətidir. Məşğul adamlar sevə bilmirlər, bu ölsün. Sevgi vaxt , yuxusuzluq, ürək döyüntüsü, tənhalıq, çarəsizlik, nisgil, qayğısızlıq, atılmışlıq, sığınmaqlıqdan qaynaqlanır. Yox e, amma birdən də olurki, sadəcə kiməsə ithaf olunmaq, kiməsə bağrını vermək istəyirsən. Bəlkə də budur, sevgi. Deyəsən, bekaram axı.
Olur, yaşamaq istəyirsən.
-Məncə ürəksiz bu daha yaxşı alınır.
-….Olur, vaxt yetişir…
Əvvəl-əvvəl bir az nəfəsin təngiyir. Sonra sol tərəfin sancır. Sonra ağzına-burnuna oksigen maskası keçirirlər. Ağ xalatlı qızlar təkcə qara günlərdə yanında görünür, axı. Sonra başları telefona qarışır. Telefondakı sevgilərinə… Sən elə gözün baxa-baxa yatdığın otağı ilğımlaşdırıb sağollaşırsan, bu dünyayla. Gözünün önünə olanlar, yaşananlar, bir az etdiyin-xeyli etmədiyin, bəli, məhz etmədiyin peşimanlıqlar gəlir.
Monitorda qırılan kardioqrammaların siqnal səslərindən sonra həkimlərin səyləri səni qaytara bilmir. Sən bayaq sağollaşmışdın. Üz lazımdır, qayıtmağa …yenidən həyata. Üzünə-üz tutub bu dünyaya gələn adamlar, olurki, bəzən üzü gəlmir bü dünaya yenidən qayıtmağa. Nəbz var, nəfəs var, səninsə üzün yoxdur. Təbrik eləyirəm. Di yaşa , yoxluğunu! Görək adın çəkiləndə, şəklinə baxılanda, yurduna gəlinəndə, xatırlananda, boğluğun duyulanda necə yaşayacaqsan, yoxluğunu?!
…Və görəsən , nə qədər adam öləndə yaşamaq istədi.

Yazıya 732 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.