Fəlsəfə doktoru Nancy van den Berg-Cook
“Qar bəyazında sehrli güzgü” adlı məqaləsindən
(orijinalı: “The Magic Mirror in Snow White”)
Tərcümə: Aygün Qurbanlı
“Ağbəniz və yeddi cırtdan” nağılındakı sehrli güzgü nəyin simvoludur?
Mövzuya “Ağbəniz və yeddi cırtdan” sehrli nağılı, oradakı pis ögey ana və onun sehrli güzgüsünün bədii surəti ilə başlamaq istəyirəm.
Sehrli nağılın bütöv şərhini verməyəcəyəm, oradakı bir neçə mövzunu əlaqəli şəkildə “hörmək” üçün nağıldan istifadə edəcəyəm.
C. Şektmanın “Sehrli nağıllardakı Ögey Ana, İtki və Qadın Kölgəsi” (1993) adlı mükəmməl kitabında təqdim etdiyi baxış bucağından yola çıxaraq, hadisələrə diqqət etməyə başladım, fikrimi Ağbənizdən çox ziyankar Kraliça üzərində toplayıb, nağılı araşdırmaq fikrinə düşdüm.
Hekayəyə keçməmişdən öncə gəlin “Sehrli nağıllarda niyə psixoloji məna axtarırıq?” sualını nəzərdən keçirək.
Yuxular kimi, sehrli nağıllar da şüuraltının məhsulu kimi üzə çıxır, şüurlu baxışa tamamlayıcı xəyali görünüş təklif edir.
Beləliklə, şüurlu münasibət qeyri-real və çox dar olduğu zaman şüuraltından qaynaqlanan xəyali görünüşün tədqiqi çox faydalı ola bilər.
İnsanların fərdi şəkildə yaşadığı yuxudan fərqli olaraq, sehrli nağıllar bütöv mədəniyyətlərdə yaşamaqdadır.
Sehrli nağıllar təsirli, kollektiv bir fantaziyadır.
Müxtəlif nağıl danışanların həmin nağıllara özlərindən əlavə etdikləri elementlər ələnən qum kimi arınıb töküldükcə, sehrli nağıllarda daha universal mövzular qalacaq və onlar daha geniş insan qrupu üçün keçərli olacaq.
Burada nağılı Qrim qardaşlarının danışdığı kimi, lakin bir qədər qısaldılmış formada təqdim edirəm.
Ağbəniz və yeddi cırtdan
Qışın oğlan çağında övladı olmayan bir kraliça pəncərənin yanında oturub tikiş tikirdi.
Birdən əlinə iynə batdı və qan qarın üstünə damcıladı. O, qan qırmızısının qarın üstündə gözəl göründüyünü görüb dedi:
“Kaş qar kimi ağ, qan kimi qırmızı və pəncərə çərçivəsinin taxtası kimi qara rənglərlə qarışıq bir uşağım olaydı.”
Doqquz ay sonra onun bir qızı oldu. Uşağın həqiqətən də qar kimi bəyaz, qan kimi qırmızı, qapqara saçları vardı. Lakin Kraliça doğuş zamanı ölür.
Kral başqa qadınla evlənir; bu qadın çox gözəl idi, bununla yanaşı, çox vüqarlı və gözəlliyinə rəqib ola biləcək hər kəsə qarşı olduqca qısqanc idi.
Onun sehrli güzgüsü vardı, bu güzgünün qarşısında durub tez-tez soruşardı:
“Divardakı gözəl ayna,
məndən gözəli varmı dünyada?”
Güzgü cavabında deyərdi: “Sənsən, mənim Kraliçam, hər kəsdən ən gözəli”. Bunu eşidən Kraliça özünü xoşbəxt hiss edərdi, çünki bilirdi ki, sehrli güzgüsü heç vaxt yalan danışmır.
Ağbəniz böyüdükcə günü-gündən gözəlləşirdi və bir gün yeddi yaşına çatdıqda, yaşlı kraliça sehrli aynasından kimin bütün dünyada ən gözəl olduğunu soruşur. Eşitdiyi cavab belə olur:
“Sənin, mənim kraliçam, gözəlliyin nadirdir,
ancaq Ağbəniz səndən min dəfə gözəldir”
Bunu eşitcək Kraliça hiddətlənir, Ağbənizə elə nifrət edir ki, ona bir an olsun rahatlıq verməmək qərarına gəlir.
Ovçuya əmr edir ki, qızcığazı meşəyə aparsın, öldürsün və öldüyünün sübutu kimi ciyərlərini ona gətirsin.
Lakin ovçunun uşağa yazığı gəlir, onu azad buraxır, əvəzinə qaban öldürüb, ciyərlərini kraliçaya aparır. Kraliça onları bişirtdirib, elə həmin gecə yeyir.
Bu arada Ağbəniz meşənin dərinliklərinə qaçır, yeddi cırtdanın evini tapır.
Sevinclərindən hoppanan cırtdanlar Ağbənizə əgər evi təmizləsə, yemək hazırlasa, çarpayıları yığışdırsa, tikiş işlərini görsə, onlar üçün toxusa, hər şeyi səliqəli saxlasa onlarla qalmağa icazə verəcəklərini və lazım olan hər şeylə təmin edəcəklərini söyləyirlər.
Nağılın ardının qısa xülasəsi: Tezliklə Kraliça sehrli güzgü vasitəsilə öyrənir ki, Ağbəniz hələ də sağdır.
Hirslənən qadın qızcığazı öldürmək üçün üç dəfə cəhd edir, nəhayət, zəhərli almanın köməyilə üçüncü cəhddə məqsədinə çatdığına inanır.
Ağbənizin cansız bədənini görən cırtdanlar belə gənc və gözəl bədəni torpaqda basdırmaq istəmirlər və onu şəffaf şüşə tabutun içinə qoyub saxlayırlar ki, hər kəs görsün.
Zaman keçir, bir şahzadə gəlir və bu cansız gözələ vurulur. Xidmətçilərinə Ağbənizin tabutunu öz sarayına daşımağı əmr edir.
Xidmətçilər yolda səntirləyirlər və tabutu döndərərək Ağbənizin silkələnməsinə səbəb olurlar. Qızın boğazında ilişib qalmış zəhərli almanın bir hissəsi bayıra tökülür və beləliklə, Ağbəniz dirçəlir.
O da şahzadəyə vurulur və toy günlərində pis Kraliçanı cəzalandırırlar; o, ölənə qədər odda qızdırılmış dəmir ayaqqabılarla rəqs etməli olur.
Biz burada güzgünün mərkəzi rol oynadığını görürük. Bəs sehrli güzgülərin simvolik mənaları nədir? Mən güzgü rəmzinin iki vacib aspektini təsvir etmək istərdim.
Birincisi, güzgü şüurla şüursuzluq arasında astana rolunu təmsil edir. İkincisi, o vacib psixoloji funksiyanı yerinə yetirir.
Güzgü – astana rolunda
Marie –Louise von Franz “Əksolunma və Xatırlatma” (“Projection and Recollection”, 1990) kitabında güzgünün simvolik mənasını araşdırıb.
O, insanlıq tarixi boyunca müxtəlif mədəniyyətlərdə parlaq səthlərin ilahi məna ifadə etdiyini göstərir. Başqa sözlə desək, insanlar hər zaman surəti əks etdirən səthlərə heyranlıq duymuşlar, onların müəyyən fövqəl-gücləri olduğunu düşünmüşlər.
Dr.Cekobin “Narsis” mifi haqda müzakirə aparakən suyun surət əks etdirici səthinin həmin mifin mərkəzində durduğunu qeyd edib.
Narsis sudakı öz əksinə ona görə heyran olmuşdu ki, su onun özünü əks etdirirdi və ya ən azı ona görə ki, o, Özünü tanımağa yaxınlaşırdı.
Bəs niyə və necə olur ki, o, “Öz”-ü əks etdirir? Biz artıq bilirik ki, Karl Yunq suyun surət əks etdirici səthinin şuuraltının simvolu olduğunu göstərirdi.
Həmçinin Von Franz da “Əksolunma və Xatırlatma” (“Projection and Recollection”) kitabında əksetdirici səth və şüuraltı arasındakı əlaqəni təsvir edir:
Şüuraltının güzgü kimi əksetdirici səthə malik olan su ilə simvolizə edilməsi əlbəttə ki, onun əksetmə xüsusiyyətinə əsaslanır.
Bənzərlik təəccüblü dərəcədə mənalıdır. Suyun dərinliklərini “görə” bilmədiyimiz kimi, şüuraltının dərin sahələri də bizim üçün görünməz olaraq qalır.
Ancaq səthdə – şüurla şüuraltı arasındakı astanada xəyali təsvirlər spontan üzə çıxır. Dərinlikləri yalnız görməklə deyil, həm də şüurlu şəxsiyyətimizin əks olunması ilə öyrənə bilərik.
Əksolunma hər iki “dünya”da özünə yer edən simvolik təsvirlər vasitəsilə baş verir.
Beləliklə, güzgü şüurla şüuraltı arasında astana, kandar funksiyanı simvolizə edir və insan ona baxmaqla şüuraltının dərinliklərinə boylana bilir. Güzgünün yaratdığı təsvir simvolik olub, hər iki aləmi – şüur və şüuraltını – anladır.
Ədəbiyyatda simvollaşdırmanın buna uyğun ən yaxşı nümunəsi Götenin“Faust” əsərindəki sehrli ayna sayıla bilər.
Mefistofel Faustu ifritənin mətbəxinə gətirir.
Faust orada sehrli ayna tapır və ona baxdıqca gördüyünə aşiq olur.
Faust şüuraltında nə görürdü?
Yuxarıda izah etdiyimiz kimi, o, öz şüurlu şəxsiyyətinin əksini görürdü.
Faust intellekt aləmində itib-batan, həyatının şəhvətini itirmiş, tamamilə yorğun və tükənmiş alim kimi təsvir olunmuşdu.
Güzgüdə isə o, sağlam, canlı qadın görür, həmin qadın onun özündə olmayan hər şeyi simvolizə edən görkəmə malik idi. Fausta görə, gördüyü qadın gözəlliyi, seksual istək və instinkt aləmi idi.
Biz sonralar onu Karl Yunqun “kişi anima”sı adlandırdığı məfhum kimi tanıyacağıq.
(Yunq kişilərdə Anima, qadınlarda isə Animusu müəyyən etmişdi.
Anima – latınca “qəlb”, kişidə daxili qadın obrazı, qeyri-şüuri qadın tərəfidir.
Kişinin təhtəlşüurunda zahiri həyatdan sıxışdırılıb çıxarılmış, onu tamamlayan qadın elementi vardır.
Bu obrazın köməyi ilə kişi qadın təbiətini dərk edir. Animus – latınca “ruh” – qadında kişi obrazı, onun qeyri-şüuri kişi tərəfidir.)
Beləliklə, bir dəfə güzgüdə bu qadını görməklə Faust onun ardınca gedir və həyatını dəyişir.
Psixoloji inkişafda əksolunma
Refleksiya və (güzgüdə) əksolunma müasir psixologiyada son dərəcə vacib mövzulardır. Bunlar körpələrin və erkən yaşda uşaqların şüur və özünüdərk hissini sağlam şəkildə inkişaf etdirmələrini anlamamız üçün əsas prosesdir.
Bir çox psixoloqlar bu prosesdə ana-körpə münasibətinin vacibliyini vurğulayır, ancaq ən aydın və inandırıcı izahı 1960-cı illərdə britaniyalı uşaq psixoanalisti Donald Vinikot verib.
Bu mövzuda yazdığı əsas mühazirələrdən biri “Uşağın inkişafında ana və ailənin güzgü rolu” (1967) əsəridir. O, körpənin ilkin qayğısında ananı əsas götürərək əksolunma funksiyasını əvvəlcə ona, daha sonra ailəyə aid edirdi.
Əksolunma deyərkən nəyi nəzərdə tuturuq? Yunq psixologiyası uşaq psixoterapisti B.Feldmanın Leonardo da Vinçinin əksolunmanı necə işıqlandırdığı haqda açıqlaması çox maraqlıdır.
“Müqəddəs Anna, Maddona və Uşaq” rəsmində uşağın sevgi ilə anasına baxdığını görürük.
Erkən uşaqlıq dövründə saysız-hesabsız bu kimi hallara şahidik – uşaq geri dönüb anasının üzünə baxır.
Vinikotun əsas ideyası budur ki, yeni doğulmuş körpə ona doğru baxan sifətə gözlərini zilləyib baxmaqla özünü görür – hələ özünü anasından fərqləndirə bilmir.
Tədricən körpə anasının üzünün “başqa” üz olduğunu anlamağa başlayır və ola bilsin, bu başqa üzün nə etdiyini bilmək istəyir.
Körpə getdikcə anlayır ki, “başqa üz mənə baxır” və bu, uşaqğın aləmində “MƏN VARAM” mənasını verir. BUNLAR ŞÜURUN İLK ADDIMLARIDIR.
Proses davam etdikcə körpə bu “güzgü” ilə qarşılıqlı əlaqəyə girir və özü haqda öyrənməyə başlayır, məsələn, uşaq gülümsəmə mimikası edir, ana da əvəzində ona gülür və nəticədə körpə öyrənir: “MƏN GÜLÜRƏM”.
Uşağın özünü ifadə etməsində bu mübadilənin nə dərəcədə mərkəzi rol daşıdığını deməyə ehtiyac yoxdur.
Uşağın özü haqda güclü özünüdərk hissi inkişaf etdirməsi üçün ilkin qayğı çəkənin və sonralar ailənin təşəbbüsləri uşağın “şəxsi” təcrübələrində əks olunmalıdır.
Məsələn, yalnız şən hərəkətlərə anası tərəfindən şən reaksiyalarla cavab gəldiyini görən uşaq, şən olmayan davranışlara cavab gəlmədiyini hiss etdikdə, çox güman ki, şəxsiyyətinin üzgün, kədərli yönlərini öyrənməkdə və onu Öz şüuruna inteqrasiya etməkdə çətinlik çəkəcək.
Əksolunma prosesi davamlı olaraq kobud şəkildə pozulubsa, yetkinlik yaşına çatan insanda “Narsistik şəxsiyyət pozğunluğu” inkişaf edir. Narsisizm kafi dərəcədə əksolunmama problemidir; kifayət qədər əksolunmama bu prosesin həm keyfiyyətsiz həm də yetərsiz olduğuna işarədir.
İnsanların, hətta yetkin insanların belə inikasa (əksolunmaya) nə dərəcədə ehtiyacları var? Və daha mənalı inikası kim təmin edir? Yunq araşdırmaçısıN.Şvarç-Salant narsisizm üzrə tanınmış mütəxəssisdir.
O, insanların çətinliyə düşdükləri dövrdə və ya bütün həyatları boyu başqalarından müəyyən dərəcə əksolunma tələb etdiklərini düşünür. Əslində bu əksolunmanı təmin etmək psixoterapiyanın bir hissəsidir.
Yuxarıda Da Vinçinin adı çəkilən tablosunda biz həmçinin Madonnanın da əksolunma ilə qarşılaşdığını görə bilirik.
Anası Müqəddəs Anna ona sevgi və qayğı ilə baxarkən, Maddona onun dizləri üstə oturub öz körpəsinə baxır; burada Annanın Məryəm və İsa arasındakı bütöv mübadiləyə sevgi dolu nəzərlərlə dəstək verdiyi təsvir olunub.
Biz ana və uşağın hər ikisinin Annadan gələn, onun təmin etdiyi əksolunma ilə bəhrələndiyini təsəvvür edə bilirik.
Dediyimiz kimi, körpəlik çağlarında “ilkin qayğı çəkənlər” əksolunma prosesini təmin edirlər. Lakin uşaq böyüdükcə həyatındakı digər ilkin fiqurlar da əhəmiyyət daşımağa başlayır. İlk məktəb müəllimləri, ondan böyük bacı-qardaşları, xüsusilə yeniyetmə yaşlarındakı dostları və həmin dövrün məhşur fiqurları.
Əgər biz valideyinlərdən başlayaraq, bütün bu insanları toplasaq, onlar daha geniş müstəvidə mədəniyyətə təsir edirlər. Yaxud valideyinlərlə yanaşı, bütün mədəniyyət özü də ayrıca fərdlərdə əksolunma funksiyası daşıya bilər.
Ağbəniz nağılındakı pis Ögey Anaya geri dönək, qadına onun nöqteyi-nəzərindən baxaq. Bu qadın kimdir, niyə bu qədər qəddardır və niyə güzgüyə bu qədər bağlıdir?
Əgər biz fərdin psixoloji diaqnozunu təyin etmə texnikasını xəyali fiqura tətbiq edə bilsək, sözügedən personaj klassik narsistik şəxsiyyət pozğunluğu simptomlarına uyğun gəlir. Bu simptomlara aşağıdakılar daxildir:
Qəzəb: Narsistlər onların mənlik hissini yerindən oynadan ətraf mühit dəyişikliklərinə qarşı dözümlü ola bilmirlər. Buna sadə misal uşağı məktəbdə uğursuzluqla qarşılaşan zaman narsist valideynin tipik cavabı ola bilər. Problem valideyində adətən bu şəkildə əks olunur: “ MƏNİM dostlarım nə düşünərlər?”
“Öz” hissinin zəif olması: Kraliça davamlı olaraq güzgüyə baxırdı, şübhəsiz ki, özünün kim olması hissini tamamlamaq ümidilə baxırdı. O, dönə-dönə, özü haqda bir daha əmin olmaq üçün sual verir, soruşurdu.
Güzgüyə bu qədər tutunması, onda özü haqda stabil hissin olmamasına işarədir. O, bilmir ki, o kimdir və ya necədir, ona görə də güzgüyə bu qədər baxır və ona sual verir.
Güzgü daha onun ən gözəl qadın olmadığını deyəndə, qadın elə qəzəblənir ki, Ağbənizə rahatlıq verməyəcəyini deyir.
O, narsist böhranı yaşayır, ancaq niyə?
Gənclik gözəlliyinin azalmasına görə niyə bu qədər aqressivləşir?
Əlbəttə, yaşlanma hissi narahatlıq verə bilər, ancaq birisini qətl edəcək həddə qədərmi?
Suala cavab vermək üçün belə yanaşmaq olar, yaşlanma krizisi yalnız o vaxt baş verir ki, bizim “Öz”ümüz haqda ilkin hissimiz və bunun davamı olaraq, onun üzərində qurulmuş “rifahımız”, özümüzü yaxşı hiss etməmiz gənclik görünüşümüzə əsaslansın, onun üzərində qurulmuş olsun.
Patriarxal mədəniyyətimizdə çox sayda qadın özlərini dəyərli hiss etmək üçün fiziki gözəlliklərinə arxalanır və bunu ifadə etməyin ən yaxşı yolu güzgüdür, güzgü onların özlərini özlərinə əks etdirir.
Bu hal özünü tarixən, xüsusilə patriarxal dövrün kəskin zamanlarında, qadınların özlərini başqa heç nə ilə inkişaf etdirə bilməmələri, intellektual və ya atletik bacarıqlarını üzə çıxara bilmədikləri dövrdə daha qabarıq büruzə verirdi.
Mən indi Qərb mədəniyyəti haqda daha geniş danışmaq istəyirəm, ola bilsin bu, kobud şəkildə ümumiləşdirmə olacaq, ancaq bunda qismən də olsa, həqiqət payı var.
Bu qədər qadın hərəkatlarının mövcud olmasına baxmayaraq, çağdaş mədəniyyətimiz hələ də gənc qızları gözəllik haqda olduqca dar standartlara inandırmağa cəhd etməkdədir.
Sadəcə ətrafınıza boylanın, filmlərdən, televiziya proqramlarından, avtobus dayanacaqlarındakı reklam lövhələrinə qədər hər şey qadının necəgörünməli olduğunu xatırlatmaqla məşğuldur.
Əgər biz mədəniyyətin geniş miqyasda fərdləri dəstəkləməsi və tərbiyə etməsi, onları emosional cəhətdən sağlam böyüklərə çevirmək üçün yardımçı olduğuna əsaslansaq, o zaman vurğulamalıyıq ki, hazırkı mədəni “dəyərlərimiz” bu istiqamətdə qızları dəhşətli dərəcədə uğursuzluğa aparır.
Bu, adekvat “əksolunma” deyil, əksinə, mədəni “idealın” nə olduğunu onlara geri əks etdirmədir.
Bu, həmçinin narsist valideyinlərin öz uşaqlarını necə “yaraladıqlarına” aydın nümunədir. Tutaq ki, uşaqda fitri musiqi bacarığı var, ancaq valideyni bunu qəbul etmir, ona riyazi bacarıqlarını artırmasının lazım olduğunu deyir və buna məcbur edir.
Uşağın fərdi kimliyi tanınmır, özünə məxsus istedadları görünmür və qəbul edilmir. Bunun əvəzinə valideyinləri uşağın etmək istəmədiyi başqa bir şeyi etməsi üçün ona təzyiq göstərirlər.
Bu təsir hətta ikiqat təhqir kimi də müşahidə oluna bilər. Bir qız uşağı əslində “o kimdir” kimi görünmür, ona əslində olmadığı tərzdə olması üçün təzyiq edilir.
Biz bu cəmiyyəti qəddar güzgü də adlandıra bilərik. Belə bir güzgü “Öz” hissini inkişaf etdirməyə mane olan dağıdıcı alətdir.
Sehrli nağıla – Kraliçaya və güzgüyə geri dönək; əgər o, özünü güzgüdə görmürdüsə, bəs kiminlə danışırdı? Kimdən davamlı olaraq öz gözəlliyinin təsdiqini eşitmək istəyirdi?
Yadımıza salaq, biz artıq demişdik ki, gözlərimizi güzgüyə zillədikdə şüuraltını görürük.
1882-ci ildən, Valter Kreynin sözügedən nağılın qəhrəmanlarının – Kraliçanın və güzgünün illüstrasiyalarını çəkdiyi tarixdən dövrümüzə qədər, buraya 1909-cu ildə Artur Rakhamın və 1932-ci ildəValt Disneyin illüstrasiyalarını da əlavə etsək, nağıla əsaslanan, əldə olan təxminən bütün təsvirlərdə eyni məqamı görürük: güzgüdəki üz kişi cinsini xatırladır.
Yunq psixologiyası nöqteyi-nəzərindən yanaşsaq, Kraliça güzgüdə öz animusunu görürdü – qadınların xəyal və fantaziyalarında şüuraltının şəxsləşdirilmiş təcəssümü.
Kraliça bu kişi “ şəxsiyyətindən” gözəl olub olmadığını davamlı soruşurdu.
Animusun tənqidi və mühakiməedici funksiya göstərdiyini nəzərə alsaq, onun qadın üzərində təsirə malik olduğunu və qadın gözəl olduğu müddətcə onu qane etdiyini, daha sonra gözəllik solduğu zaman ona neqativ təsir etdiyini deyə bilərik.
Bu, birbaşa zədələnmiş “Öz” hissinə sahib qadınlarda gördüyümüz haldır, daha dəqiq desək, narsist problemi olan qadınlarda.
Onlar tez-tez daxili kişi səslərini dinləyirlər, həyat fəaliyyətlərini ona uyğun qururlar, özlərinə kənardan “kişi gözü” ilə baxırlar; bu bəzən “qəddar tapşırıq verən sahib” rolunda olur.
Qadınlar özlərini özlərinə sübut etməyə məhkum olurlar, davamlı tənqid onlarda heç vaxt kifayət qədər yaxşı olmadıqları qənaətini formalaşdırır.
Şüuraltı neqativ animus heç vaxt qane olmur.
Beləliklə, biz Kraliça və sehrli güzgüsünün qadınların mühüm psixoloji problemlərinin portretini çızdığını görürük.
Bunun məntiqi nəticəsi kimi nağıl bizə narsizm problemindən və neqativ animus funksiyasından qurtulmağı da göstərir. Lakin bu artıq tam başqa mövzudur. Sadəcə sonda K. Yunqun müşahidələrini əsas götürərək, belə bir sual qoyuram:
Ağbəniz bu “şəfaverici” prosesdə hansı təsirə malikdir? Narsistik pozğunluğu olan qadına nə təklif edə bilir? Onun ovçu ilə münasibəti, daha doğrusu ovçunun Ağbənizi öldürməməsi içimizdə müsbət, sağlam təsiri olan animusu oyatmaq cəhdi deyilmi?
Biz hələ nağıldakı “kişi”şəkilli cırtdanları da təhlil etməliyik ki, daha ətraflı məntiqi sonluğa gələk, lakin dediyim kimi, bu artıq tam başqa mövzudur.
oxuzalı.az
Yazıya 372 dəfə baxılıb