Bizi, soyuq divarlar doğmuşdu
tavanlar əkmişdi.
Biz, soyuq otaqların övladı
qaranlıqların adı idik…
Bizdə hər şey acı idi:
Yediyimiz çörək də acı dadırdı,
bəlkə,
çörək bişirən qadın da yetim idi,
göz yaşlarında yoğurmuşdu xəmiri?
Biz —
ürəklərimizi yumruqlarımız boyda sıxmağı,
hər şeyi Allahın boynuna yıxmağı,
bir də özümüzdən üç ölçü balaca paltara
özümüzü yığmaqı bacardıq…
Biz nəyi bacarmadıq ki?
Ciblərimizdə darıxan əllərimizi
nəfəsimizlə ovutduq,
havanın soyuqluğunu unutduq…
Bizim lüğətdə şirinlik deyilən bir şey yox idi,
“Bu ondan,bir az şirin acı”dır var idi.
Bizim yay istilərimiz,günəş boyda qar idi…
Yetimə qız verən də olmur,
gəl ey zülmət gecə,
nigahımızı özümüz oxuyaq,
bu gündən ər-arvad elan edək özümüzü!
***
Ağlayanlara təsəlli
Ağlama,gedənlərə
sevinmə gələnlərə…
O qədər unudulub
o qədər unutmuşuq.
Gözümüzün altını
özümüz islatmışıq,
özümüz qurutmuşuq…
O qədər olubdur ki,
şeir yazıb vermişik
nərmənazik qızlara,
kitabların içində,
çiçək qurudanlara…
Hisslərini oyadıb,
sonra unudanlara…
O qədər olubdur ki,
indi ola bilməyən…
İndi hər gün nəşəli,
bir vaxt
heç vaxt gülməyən
həmin adamlarıq biz…
O qədər həsrətlərin,
o qədər göz yaşların
bəs cavabı nə oldu?-
uzaqbaşı uzaqlıq,
bir tikə də darıxmaq
bir də,
köhnə məktuba,
baxıb ürək ovutmaq.
***
Göy qurşağı ömürü
Niyə yazdın ilahi?
İk iüzün üstünə?
Bütün məsuliyyətlər
Düşüb o gündən bəri
İkimizin üstünə…
Sən də hərdən qaçırsan
Nalələrin səsindən…
Mən də hərdən qaçıram
Boğulan arzuların
Sonuncu nəfəsindən.
Əlim dolaşıb qalıb
Ümidlərin telinə.
Bircə əlim çataydı
Sənin böyük əlinə.
Yaza bilmədim daha
İçimin sözlərini.
Yaman utandırırsan
Çək məndən gözlərini.
Yazıya 1782 dəfə baxılıb