İSTƏYİN MƏĞLUBİYYƏTİ
Bir sap idi, qırıldı,
Bir atəş idi, söndü.
Könlüm buxovundan qurtulan kimi
Kədərin cadulu qədəhi sındı.
Səndən asılmağa gəldim mən, amma
Gördüm ki, yarpaqsız budaq imişsən.
Gördüm ki, bu ümid dolu çöhrəmə
Ölümün amansız gülüşüsən sən.
Ah, necə xoşdur, ey istək dolu eşq,
Sənin məzarının üstdə rəqs etmək.
Nə xoşdur, ey qaynar, ölümcül öpüş,
Sənə göz yumaraq yanından ötmək.
Nə xoşdur biryolluq ayrılmaq səndən.
Başqa birisinə könül verərək,
Qapını kədərin üzünə örtmək.
Vallah, buradadır cənnət bağları,
O bulud kölgəsi, əkin kənarı.
Məni və ruhumu yaxan bu dərdi
Yaxşısı budur ki, düşünməyəsən.
Əmin ol, bu dərddən mən sızlamaram,
Əmin ol, bu oddan alışmaram mən.
***
GÖZƏLLİK NƏĞMƏSİ
Sənin çiyinlərin
qayalartək məğrur və bərk.
Saçlarımın dalğası
axır bu uçurumdan
parlaq şəlalətək.
Sənin çiyinlərin
qala hasarıtək əzəmətlidir.
Saçımın telləri bu hasarda
küləkdən yellənən söyüd budaqlarıtək
rəqs edir.
Sənin çiyinlərin
dəmir bürclər.
Qanın və həyatın bənzərsiz cilvəsi.
Rəngi mis manqal rənginə bənzər.
Ehtiras məbədinin sükutunda
qərarsızca uzanmışıq təkbətək.
Çiyinlərindəki öpüş yerlərim yanır
ilan sancmıştək.
Sənin çiyinlərin
isti və parlaq tər dənələrinə qərq olur,
Günəşin qızmar və əzəmətli hayqırışında
dağ zirvəsitək bərq vurur.
Sənin çiyinlərin
qibləgahıdır
mənim istək dolu gözlərimin.
Sənin çiyinlərin
daş möhürüdür
namazımın, duamın, ürək sözlərimin.
***
PUÇ
Gözlərin qəm qutusunda
yatmışdılar
soyuq və səssiz.
Baxışın diliylə demişdi onlar
deyilməmişləri səndən daha tez.
Məndən və məndə gizli olan hər şeydən
qaçırdın,
qurtulurdun.
Yadımdadır, bu yolda bir gün
məni səbirsizcə öz arxanca
çəkirdin,
çəkirdin.
Sonuncu dəfə,
sonuncu dəfə,
Görüşün sonuncu o acı anı
gözümə mənasız göründü dünya.
Külək nalə çəkdi,
mən qulaq asdım
payız yarpağının xışıltısına.
Yenə çağırdın,
yenə qovdun.
Sən taxtda oturtdun yenidən məni,
Dalğanın içinə çəkdin sən məni.
Paltarım olsa da qəm qumaşından,
İllərlə qəlbimdə ömür sürmüsən.
Eşq tutub gözümü, mən bilməmişəm ,
nəsən sən,
kimsən sən.
Yazıya 843 dəfə baxılıb