Bizim görüşümüz uzaqdan-uzaq,
Bizim görüşümüz qarlı bir sazaq.
Ya səni,ya məni soyudacaqdır,
Sonra öz qütbünə qayıdacaqdır.
Arzumuz başqadır,yolumuz başqa,
Bəs harda,haçandan tanışmışıq biz.
Yoxsa, o günlərə qayıtmaq üçün
İndi görüşlərdən yapışmışıq biz.
Gör neçə sakitik yay suları tək,
Qaynar qəlbimizdə susur hay-haray.
Kövrək bir ürəyin arzuları tək,
Keçir gözümüzdən görüşlər lay-lay.
Bizim görüşümüz payız sükutlu,
Hansı günlərəsə hələ ümidli.
Yanırıq yanğımız qalır ürəkdə,
Alova dönürük,közə dönürük,
Ayrılıq çağında vüsal deməkdən
Görüş çağlarında buza dönürük.
Bizli də,bizsiz də ötdükcə zaman,
Məhəbbət yolunda lap çaşırıq ki…
Hər görüş bir az da yaxın olmaqdan,
Hər görüş bir az da yadlaşırıq ki…
Bəlkə nəzərlərdən yayınaq daha,
Bəlkə heç düşməyə duyuq görüşlər.
Gedək xatirəylə qızınaq daha,
Bizi isitməyir soyuq görüşlər.
* * *
qapına gələcək xoşbəxtlik bu yaz,
axtar o ünvanı gəz ürəyimdə.
dərdimi bir kəsə aça bilmirəm,
qaralıb, pas atıb söz ürəyimdə.
yoxdur bu həsrətə dözməyə halım,
qalmayıb başımda huşum,kamalım.
yanıram oduna düşüb a zalım,
atəş bəbəyimdə köz ürəyimdə.
bu dəli könlümdür səndən pay uman,
əgər sevirsənsə od tut,alovlan.
baxışın üstümə səpilən zaman,
elə bil gül açır yaz ürəyimdə.
düşmüşəm eşq adlı ağır dərdə mən,
çəkmişəm pis gözə qara pərdə mən.
gəzmərəm nə kənddə,nə şəhərdə mən,
səni axtararam öz ürəyimdə.
***
Dərd gəldi,yolunu durub kəsmədim,
Töküb göz yaşımı,ümid bəslədim.
Sənin şıltaqlığın,mənim həsrətim,
Yadına düşəcək,darıxacaqsan!
Məni anacaqsan xeyirdə,şərdə,
Axır yanacaqsan sən də bu dərdə.
Soyuq duyğuların xatirələrdə,
Qaynayıb bişəcək,darıxacaqsan!
Bitdim yollarında ot-əncər kimi,
Bəzədi ömrümü dərdin zər kimi.
Xəlvəti ahların bir xəncər kimi,
Sinəni deşəcək,darıxacaqsan !
Bir həmdəm olmadım,qatmadın qılıq,
Bu nə dostluq oldu,nə düşmançılıq.
Sənin öz qəlbini peşimançılıq,
Yoğurub-eşəcək darıxacaqsan!
Fikrin dağılacaq hey yollarına,
Bu yer yollarına,göy yolllarına.
Sap kimi dəyişən xəyalallarına,
Adım ilişəcək,darıxacaqsan !
Düşəcək boynuna ömür qayğısı,
Necə ovudacaq səni ayrısı ?!
Bir gün səninlə də ömrün payızı,
Gəlib görüşəcək, darıxacaqsan.
Dərdi-sər pozacaq sirin yuxunu,
Fikrin aparacaq ömrün çoxunu.
Kimə deyəcəksən darıxdığını,
Ürəyin şişəcək,darıxacaqsan.
****
Mən sənə yox yerdən dərd gətirmişəm,
Sənin həsrətini mələr görmüşəm.
Sənin hesabına ömür sürmüşəm,
Bağışla ürəyim,məni bağışla.
Bu necə dostluqdur,bu necə birlik.
Dustaq eyləmişəm səni ömürlük,
Kürlük eyləyirəm,mən yenə kürlük,
Bağışla ürəyim,məni bağşla.
Nə görsəm,nə çəksəm,mən sənə şərik,
Elə dərdimiz var, başa düşmərik.
Hayıf ki,ölüncə biz görüşmərik,
Bağışla, ürəyim,məni bağışla.
***
SEVİNC,KƏDƏR
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?
Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.
Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.
Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.
Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq.
Yazıya 778 dəfə baxılıb