Qadınların istədikləri saatda, istədikləri yerdə rahatca gəzib-dolaşa bilmədiyi bir ölkənin erkəklərində problem var deməkdir. Çünki bir qadının yaxınlaşmaqdan qorxmasını, çəkinməsini deyil; yanındaykən, hətta yaxınlığındaykən belə hər qadının özünü güvəndə və rahat hiss etməsini təmin edən erkəyə kişi deyilir…
İctimai nəqliyyat vasitələrində yanında oturan adamdan rahatsız olan; yolda qarşıdan gələn erkəyə potensial təcavüzçü gözüylə baxan; birisi onunla maraqlandığı zaman “məndən xoşu gəldi” əvəzinə “məni yatağa atmaq istəyir” deyə düşünən; özünü sevilməyə layiq görməyib bu dünyaya ancaq erkəyinin istək və tələbatlarını yerinə yetirmək üçün gəldiyinə inanan qadınlar yaratdınız. Sonra da yaratdığınız bu əsəri bəyənməyib adını “Tükəzban” qoydunuz. Yəni qanadını qırdığınız quş uça bilmədi deyə quşu günahlandırdınız, qəfəslərə qapatdınız. Qəfəsdən qaçanlara isə “əxlaq, namus” damğası vuraraq, az qala cəmiyyətdən təcrid etdiniz, ləkələdiniz…
İndi isə qəfəsə qapatdığınız, əsrlərlə qəfəs qanunlarıyla böyüdülən və büsbütün özgüvən duyğusunu itirən, ruhu öldürülən qadınlardan yüksək intellektuallıq, savad, zəka, eyni zamanda səmimilik, cəsarət, açıqfikirlilik və geniş dünyagörüşü gözləyirsiniz…
“Qadın ağlı quş ağlı”, “qadının saçı uzun, ağlı qısa”, “qadının ağlı topuğunda” deyərək hər zaman qadınları aşağıladınız, ağlına, zəkasına, düşüncəsinə şübhə etdiniz, hər cəhətdən sizdən daha aşağıda dayanan, əksik varlıqlar kimi gördünüz. Amma bir yanlışı olduğu zaman ən sərt cəzalanan, şiddətə məruz qalan, döyülən, öldürülən yenə də həmin o “ağlı qısa” dediyiniz qadınlar oldu…
Qadın namuslu olacaq deyirsiniz, amma namusunu ləkələmək üçün əlinizdən gələni edirsiniz. Nə zaman anlayacaqsınız ki, namus sadəcə qadına aid bir nəsnə deyil. Namus – bir qadına baxarkən sərgilədiyiniz əxlaqın, davranışın elə özü deməkdir.
Nəyə görə qadınlardan hər zaman mükəmməllik, qüsursuzluq tələb olunur? Mükəmməl olmayan kişilərin bunu qadınlardan tələb etməyə nə haqqları var? Axı niyə anlamaq istəmirlər ki, cinsindən asılı olmayaraq, yanlışıyla, doğrusuyla hər kəs bir insan və bir fərddir… Qadınları müqəddəsləşdirmək onları yaşamdan uzaqlaşdırmaq və həyatın bir küncünə atmaqdır. Qadınlar çiçək- böcək deyillər. Yanlış və doğrularıyla onlar da bir insan və bir fərddirlər; hiss, duyğu və emosiyalara malikdirlər. Eyni zamanda, kişilərdən daha çox duyarlı və anlayışlıdırlar…
Və son olaraq…
Qadınlarının gülümsəmədiyi bir şəhərin erkəkləri cəsur ola bilməzlər… Cəsarəti olmayanların isə hər zaman bəhanələri vardır!
Yazıya 810 dəfə baxılıb