(Son dövrün şeirlərindən- Qoşmalar)
OLUB
Dolub efirlərə ətcəbala, gey
Soran da yoxdu ki, nəmənə olub?
Illərdi deyirlər filan- bəsməkən
Ya sözdə, ya gapda nə məna olub?
Bu yerdə yer yoxdu şahin- şonqara
Can dönüb taxtaya, çıxar yonqara
Doğrunu oğruya, düzü donqara
Guya qul eyləyən zəmanə olub
Var ki önümüzdə elə uçuqlar
Görsə göz qaralar, dodaq muçuqlar
Göbəyi açıqlar, dalı açıqlar
Alnı açıqlara nümunə olub
Ikicə zümrə var- Bəxtiyar anlar
Çalıb oxuyanlar- çalıb çapanlar
Qoy çıxsın dünənnən o çıxan canlar
Burda haqq olubdur kimə nə olub
BUNUN YAXŞISINA, PİSİNƏ LƏNƏT
Bunun yaxşısına, pisinə lənət
Pislər yaxşıları pisikdiriblər
Gedəni yurdundan didərgin salıb
Qalanı canından bezikdiriblər
Taxdılar xalta da, xamut da bizə
Vurdular balta da, əmud da bizə
Sələmə verilir umud da bizə
Di gör biz yetimə nə çəkdiriblər
Bəxtiyar, başlayıb girha- gir indi
İstərsən göyə çıx, yerə gir indi
Koroğlu bağlarda yer əkir indi
Həmzələr keçələ saç əkdiriblər
GƏL TƏRİF EYLƏYİM BİZİM BƏYLƏRİ
Gəl tərif eyləyim bizim bəyləri
Elə qovuldular, belə qaçdılar
Ikisinin başı öz başım üçün
Bir qazanda qaynamayan qoçdular
O torpaq oyunu, o yurd oyunu
Ustada yol açan şəyird oyunu
Atdılar ortaya boz qurd oyunu
Başımıza it oyunu açdılar
Bir düşmən vardısa on düşmən oldu
Çiyin yoldaşları son düşmən oldu
Rus düşmən, fars düşmən, Çin düşmən oldu
Dörd tərəfə kin, nifrəti saçdılar
Bilməz siyasətin incə yolunu
Kim bula bilməsə öncə yolunu
Köndələn getdilər Gəncə yolunu
Qarabağa yol Təbrizdən seçdilər
Birləşdirən yeddi- səkkiz dövləti
Yeddi yerə parçalanan firqədi
Ömrü boyu hakimiyyət firqəti
Çəkə- çəkə bir ömürdən keçdilər
Yoxa çıxdı varlıqları, varları
Çax- çux dedi kərənlərə karları
Çox Bəxtiyar kimi tərəfdararı
Acdılar, acdılar, yenə acdılar
BURAXMADI
Adam tanıyıram, üzünü görmə
De hansı məclisdə quş buraxmadı
Tanrı törpüsünə bir daş atmadı
Haqqa atmadığı daş buraxmadı
Dolub əqidəynən amal dəftəri
Tamam qeyri- kafi – kamal dəftəri
Sol mələk ha yazır əməl dəftəri
Sağdakı daima boş- buraxmadı
Özü də baştutan, planları da
Yuvadan çıxardar ilanları da
Doğruya çevirər yalanları da
Heç düşən fürsəti boş buraxmadı
Neçə Bəxtiyarı dolandırıbdı
Bağrını odlara qalandırıbdı
Getdiyi yerləri iləndiribdi
Heç bircə könülü xoş buraxmadı
****
Birinə güvənib minə pis olma
O dostun dostluğu pozmağı da var
Demə ki işlərim düppə- düz gedir
Qələmin tərsinə yazmağı da var
—
Var- dövlət eşqinə nəşələnmə heç
Eşikdə qalarsan, eşələnmə heç
Tale üzə gülsə, şeşələnmə heç
Ayağın altını qazmağı da var
___
Fələyin həmişə bir üzü qanlı,
Gecəsi qansızsa, gündüzü qanlı
Belə qansız olma, a gözüqanlı
O qanın beyinə sızmağı da var
____
Əsas şərti qoymaq əsas şərt deyil
Gör kimin, kimlərin yurdu yurd deyil
Yaralı Bəxtiyar, ölüm dərd deyil
Adamın biryolluq çezməyi də var
– ***
Dönsün bu gərdişin altı üstünə
Yüz altdan çıxanlar üstümə gəlir
Yüz bir oğraşbaşı, yüz quldurbaşı
Hər addım başında rastıma gəlir
– —
Daha bu talanlar yandırmır məni
Çapanlar, çalanlar yandırmır məni
Özümə olanlar yandırmır məni
Xata qardaşıma dostuma gəlir
– —
Bəxtiyar, gör kimlər təzimə durur
Yerdə qalan ömrüm gözümə durur
Namərdlər şər atır, üzümə durur
Mərdlər durmaq üçün qəsdimə gəlir
-_
ƏYLƏN DEYİM UCALMAĞIN YOLUNU
Əylən deyim ucalmağın yolunu
Əlli qoyub aşağısı yüz götür
Daim xalqın kirpiyini su elə
Müdür üçün kirpiyinlə köz götür
Lazım deyil heç qürur da, sambal da
Nökər də ol, qaravaş da, hambal da
Alçal, alçal, iki qatlan, dombal da
Peysərinə yağlı- yağlı söz götür
Müdürünün ayağını lap yala
Yeri gəlsəəyri yala, çəp yala
Yalanları dönə- dönə kopyala
Doğruları əyriliyə yöz götür
Sabunlanıb girməyi bil, vəssalam
Bir qab yala hürməyi bil vəssalam
Almağı bil, verməyi bil vəssalam
Görən olar, kim nə versə tez götür
Doğru sözü dilə alıb söyləmə
Badalaq vur, ayağını əyləmə
Bəxtiyarın eylədiyin eyləmə
Dediyini dəftərinə yaz götür.
-_
DAĞIM- DAĞIM OLSUN BELƏ QURULUŞ
Dağım- dağım olsun belə quruluş
Oğruluq, əyrilik qayda olubdur
Mini qara quldu, min biri nökər
Beşinə, üçünə fayda olubdur.
Içimiz acıyır, xəmir acımır
Xalqa şah acımır, məmur acımır
Şişə çəkilirik, kömür acımır
Tikə qulağımız boyda olubdu
Qalxdı gündən- günə zilə müsibət
Doğru söz gətirir dilə müsibət
Hələ görünməyib belə müsibət
Nə bir, nə ikinci hayda olubdur
Nədi, bayraq kimi yellədin əli
Qopmaz boğazlardan zillətin əli
Yaman aşağıdı millətin əli
Ha baxsan ayağı göydə olubdur
Yaralı Bəxtiyar, de nə qan oldu,
Can can ağrısıyla canhacan oldu
Qəlbim arzulara qəbristan oldu
Orda da göreşən peyda olubdur
USTADNAMƏ
Başına döyərsən, sinənə döymə
Adama hər zaman tale yar olmaz
Elə də eləyər, belə də edər
Fələyin işinə bah- bazar olmaz
Bu gün qoltuğuna verər qarpızı
Sabah qoltuğuna verər xoruzu
Gedər bin- bərəkət, çəkilər ruzu
Həmişə əlində ixtiyar olmaz
Bəzən bulağın da gözü tutular
Yenilməz iyidin dizi tutular
Sözünü bilənin sözü tutular
Yerini bilənin yeri dar olmaz
Bəzən cəlladı da edərlər edam
Böyük bir şəhəri yandırar bir şam
Taleyi üzünə gülən ay adam
Hər üzə güləndə etibar olmaz
Bəzən hənir verər, od olar gərmə
Verəmməz yerini ipəklə tirmə
Yaralı Bəxtiyar, özünü yorma
Bir gül açmaq ilən laləzar olmaz
Deyir torpaqları qaytaracaqlar
Görən barxanamız qabqarılarmı?
Üzü qara çıxan gəlin ha deyil
Heç qara torpaq da qaytarılarmı?
Köhnə nəsil getdi, təzə doğuldu
İllər ötüşdükcə yaddaş soğuldu
Acı bağırsaqdı, şirin nağıldı
Bir belə danışıq aparılarmı?
Kimdi işimizi oyunluq edir
Bəxtiyar tələsir, yeyinlik edir
Qoyun on- on beş il qoyunluq edir
Adam da bir belə otarılarmı
ƏDALƏT HAQQINDA QOŞMA
Bir kərə yüksələn bayrağın altda,
Millət zülmün altda min kərə düşüb
Kim çəkib nahaqqı sorğu- suala,
Öz yolu İnkirə- Minkirə düşüb
Ədalət deyilən girib qılafa
Gah kürsəyə gəlir, gah da dalafa
Dalı topxanadı, qabaq kalafa
Di gəl sənədlərə bakirə düşüb
Ayağa qalxanın qalxıb şəkəri,
Bizə ağa olub kimin nökəri?
Tərsinə fıralnır dövrün təkəri
Yaralı Bəxtiyar təkərə düşüb
Baş alıb ölkədə vətənşüvənlik
Hamsının sevgisi saxta çıxıbdı
Vətən üçün var-yoxundan keçənin
Adı da, sanı da, yoxda çıxıbdı
Biri o nadandı, biri bu nadan
Biri başdan belə, biri binadan
Biri yol göstərir tribunadan
Baxmır ki, başında noxta çıxıbdı
Göz çıxarır gözü ilə görənlər
Pazlandı kötüklər, sındı kərənlər
Döyüş vaxtı taxt altına girənlər
Hərəsi bir yerdə taxta çıxıbdı
Haq mirzəlik edir, nahaqlar diktə
Həqiqət mələyir yamacda, dikdə
Sus Bəxtiyar, nöqtə, nöqtə və nöqtə
Sözünün çəkisi nöqtə çıxıbdı.
SƏN DƏ SABUNLANIB GİRMƏYİ BİLSƏN
Bu qara günlərə düşməzdin, könlüm
Qaranı ağ kimi görməyi bilsən
Itin ulayardı ömrün uzunu
Sən də bir qab yala hürməyi bilsən
Bağçalıq alardın, güllük alardın
Hesabı bu başdan illik alardın
Əqidə verərdin, qulluq alardın
Almağı bacarsan, verməyi bilsən
Birinə yamanıb birinə yapış
Az onann savaşıb, az bunnan qapış
İndi şeytana da tikirdin papış
Beş- on başa corab hörməyi bilsən
Yaralı Bəxtiyar, ağırdı daşın
Göz atda yaşsız yox, yaş üstə yaşın
Sabunlu kəndirdə qalmazdı başın
Sən də sabunlanıb girməyi bilsən
Düzü deyə-deyə düzdə qalmışam,
Sözümü qoymuşam söz yerinə mən
Əlimdən o təhər dağlar çıxıbdı,
Kaş dağda qalaydım, düz yerinə mən.
Yormuşam yolları, yola salmışam
Gedilən yolları gedib- gəlmişəm
Mən dağlar oğluyam, düzdə qalmışam
Onçu sayılıram toz yerinə mən
Mənə can əvəzi söz verib Tanrı
Bildim hər vəzini, hər cürə janrı
Kazım Körpüsünü keçsəydim anrı
Üzümü sürtərdim yüz yerinə mən
Gözüm gördü Qazançının başını
Işğal etdi sinəmi qəm qoşunu
Xəzəllinin torpağını, daşını
Mal kimi yalaram duz yerinə mən
Varmı Bəxtiyara bu halında bab
Ürəyim köz oldu, ciyərim kabab
Yolum gedərgəlməz, izim iztirab
Sözümü qoyuram iz yerinə mən
GƏL BİR AZ YAVAŞLA BƏRKGEDƏN OĞLAN
Gəl bir az yavaşla, bərkgedən oğlan
Haqqı deyənləri qandırılmış say
Əritməz məşəlin istisi də heç
Qarabağ dərdini dondurulmuş say
Neft kəmərim burum- burum burulur
Qaz Bakıdan Afinaya vurulur
Ermənilər aclarından qırılır
Tamam dığaları sındırılmış say
Qatıban başları min türlü gopla
Topa tut milləti, sərvəti topla
Erməni bayrağın sil fotoşopla
Şuşa qalasından endirilmiş say
Bəxtiyar der- lüzum yoxdu Lazıma
Ölkə ala- bula dəyir gözümə
Dırt- dırt dırtddayıram özüm- özümə
Mənim ocağımı söndürülmüş say
DAĞLAR- “ƏSKİPARA ŞEİRLƏRİ” SİLSİLƏSİNDƏN
Yazıldı ömrümə qaçqın taleyi
Pozuldu ömrümün səhmanı, dağlar
Ah çəksəm deyərlər- ahın dağlara
Götürüb apara ah məni, dağlar
Hər qaya dibində beşdi bulağın
Gözləri on yerdən yaşdı bulağın
Almalı talanın, Daşdı bulağın
Olaydım bircə yol mehmanı, dağlar.
Sinəm oldu arzulara gorxana
Yükləmədim qəflə- qatır, barxana
Quladivi, Təpəbaşı, Arxana
Dartır o yerlərə ruh məni, dağlar
Qaldı Arxanada xına yerləri
Coğazın gölləri- sona yerləri
Noyun Qılıcında binə yerləri
Vura quzeyində meh məni, dağlar
Nələr qaldı Bəxtiyarın huşunda
Ayna ömrüm sındı Çaxmaq Daşında
Gedib öləm Göy Xırmanın qaşında
Yuya səhər- səhər şeh məni, dağlar
Nədi taxsırımız, nədi suçumuz
Tanrı nə zulumdu bizə göstərir
Kiminin köksünü dağ- dağ eləyir
Kimini ötürür düzə, göstərir
Söküb qurmaq da var, tikib qurmaq da
Biz qəm dəryasında, çörək qarmaqda
Biri qırdı getdi, biri qırmaqda
Biri də özünü təzə göstərir.
Susdu diplomatlar, susdu səfirlər
Hərə bir tərəfdə başını girlər
Yüz faciə olsun-saytlar ,efirlər
Şou tirajlayır, qəza göstərir
Dəlilər hökm edir ağıla yer yox
Baş qapaz yeridi, sığala yer yox
Daha cəsarətli oğula yer yox
Qızlar cəsarətli poza göstərir
Vəhşitək üstünə cumurlar xalqın
Gözünü biryolluq yumurlar xalqın
Başında qoz qırır məmurlar xalqın
Haqqını istəsə qoza göstərir
O qara qızılın qara bazarı
Gültək arzuların oldu məzarı
Sizin dərdinizi, sizin azarı
Yaralı Bəxtiyar sizə göstərir
GÖRDÜM
Daha bu yerlərlə mənimki tutmaz
Hər üzün anrılı- bərili gördüm.
Çörəyi kitabdan, sözdən, yazıdan
Qarını qardaşdan irəli gördüm
Üstünə dırmanır xata xatanın
Boldu müştərisi adam satanın
Bir əli şeytanı daşa tutanın
Şeytana işləyir bir əli, gördüm
Insaflar, vicdanlar Kürə kürülü
Firəngin naharı qara kürülü
Bir yerdə kürsüyə sinə gərili
Yüz yerdə əsəblər gərili gördüm
Əlində qalmışıq beş- on zəlinin
Əlinin üstündə əl yox əlinin
Qulağı it kimi kəsilməlinin
Sürüsün kərəli, kürəli gördüm
Yaralı Bəxtiyar deyər dostanə
Dostanə dediyim dönər dastanə
Nahaqqın gözünü məsti- məstanə
Haqqın gözlərini bərəli gördüm
Yazıya 1178 dəfə baxılıb