Gördüyün bu ömür adsız ömürdü,
Nə qoyum bilmirəm adını ömrün?
Qaçıbdı ləzzəti,dadsız ömürdü,
Cilovda saxladım atını ömrün –
Çıxara bilmədim dadını ömrün.
Mən elə bilmişdim hamıya birdi,
Sən demə bu dünya sehirdi,sirdi.
Gələn də,gedən də haqqıma girdi,
Söymüşəm yüz kərə zatını ömrün.
Çıxara bilmədim dadını ömrün.
Könlünü bir kəsə açmadı sarvan,
Düşüb arxasınca getdi bu karvan.
Bu gün ümid oldu,sabahsa güman,
Duman,çən bürüdü qatını ömrün.
Çıxara bilmədim dadını ömrün.
Hardasan,ay eşqin qədrini bilən?
Hardasan,eşq ilə ağlayan,gülən?
Gəl indi özgədən məhəbbət dilən,
Sən ola bilmədin qadını ömrün.
Çıxara bilmədim dadını omrün.
Dünyanın nahaqqı,haqqı itməyib,
Haqqı qorumağa gücüm yetməyib.
Hələ yaşayıram ömür bitməyib,
Hələ sarıyıram çatını ömrün,
Çıxara bilmədim dadını ömrün.
Dönəydik
Uşaq baxışların zümzüməsiylə
Kövrəlib əvvələ başa dönəydik.
Görən olmayaydı göz yaşımızı
Bulud gözlərində yaşa dönəydik.
Oxşayam telini xoş külək kimi,
Baxasan üzümə bir mələk kimi ,
Açaydıq baharda tər çiçək kimi,
Payızda köçəri quşa dönəydik.
Qalmayıb dünyanın əmanət yeri,
Hardan başlanacaq Qiyamət yeri?!
Olub sevənlərin ziyarət yeri
Yollar ayrıcında daşa dönəydik.
***
Sən heç dəyişməmisən,
Sən əvvəlki kimisən.
Daim başımın tacı,
Qəlbimin hakimisən.
Ancaq mən dəyişmişəm,
Yolun azmış bəndənəm.
Torpaqdan yoğurduğun,
Acımayan kündənəm.
***
Ürəyin hökmünə bir az əl qatıb
Bir az da
ağılla sevməli oldum.
Demək məhəbbətə haram qatmışam.
***
Bir ömür susmaq var taleyimizdə
Bir bilən vardımı Allahdan özgə.
Nədir könlümüzə rahatlıq verən,
Bizim çəkdiyimiz bu ahdan özgə?!
***
Sənin gözlərində bir yol görünür
Baxdıqca aparır uzağa məni.
Qoy gedim o yolla buluda dönüm,
Ərit damla-damla yanağa məni.
Yazıya 748 dəfə baxılıb