Elnur Uğur Abdiyev – Ağlama, şəhid atası!

elnur ugurBöyüsün

.
Çölünə daşı içini,
İçdə bütöv mən böyüsün.
Yay bütün yurda sevgini,
Hər məndə bir sən böyüsün.

Ruha nə məcburdu belə?
Vətəni bölürsüz elə.
Haralı sualı ilə,
Qoymursuz nədən böyüsün?

Qarabağın bəxti qara,
Qar yağır qarı yollara.
Vətən deyən oğullara,
Yol verin,Vətən böyüsün!

***

Azərbaycan Bayrağı

.
Səni qandan yoğurdu,
Uğrunda can verənlər.
Yurdu torpaq edən yox,
Torpağı yurd edənlər.
Namusumun hicabı,
Əqidəmin sancağı,
Tariximin yaşıdı,
Azərbaycan Bayrağı!

Dalğalan başım üstə,
Azadlığım şirindir.
Hara ki kölgən düşür,
Müqəddəs and yerimdir.
Vətən üfüqlərində,
Ləpələnsin bu üç rəng.
Səmandan nur ələsin,
Ay – Ulduz, öpüşərək.
Türk elləri salamlar,
Üzündə xoş növrağı.
Türklüyümün sübutu,
Azərbaycan Bayrağı!

***
Vətən

.
Yolunda canıma qıya bilmədim,
Bacara bilmədim ölməyi,Vətən!
Səndə Araz boyda məzar qazdılar,
Öyrəndim mən həsrət hörməyi,Vətən!

Soy-soy taladılar Qarabağımda,
Bu,namus yarası qara bağrımda.
Sinən oyulduqca yad caynağında,
Yırtıldı əynimin köynəyi-Vətən!

Gəldim gəlişimin havası oldun,
Sən mənə torpaq,od,hava,su oldun.
Bütün sonlarımın sonrası oldun,
Səndən öyrənmədim sevməyi,Vətən!

Eh,yadlar talançı, doğmalar dönük,
Sinəm həsrətindən körükdür,körük.
Sənə duyğulardan hörmüşəm hörük,
Düyün çox,yox bircə ilməyi, Vətən!

Hər gecə baş-başa sənlə yatıram,
Hər gecə yuxuda haqqa çatıram.
Andımla adını rəhbər tuturam,
Kəlmeyi-şəhadət,kəlmeyi-Vətən!

***

Şəhid atası

.
Kişilər ağlamaz axı,
Ağlama,şəhid atası!
Göz yaşından Vətən axır,
Ağlama,şəhid atası!

Əyilmə,qaldır başını.
Göylərə sil göz yaşını.
Daş elə Vətən daşını,
Ağlama, şəhid atası!

O tək sənin oğlun deyil,
Onu Vətənin oğlu bil!
Fəxr elə,qəbrinə əyil,
Ağlama,şəhid atası!

Dağ qaldırmaz oğul dağın,
Kəsilib bağdan göy tağın.
Qurbanıyıq bu torpağın.
Ağlama,şəhid atası!

O məzar xalqın and yeri,
Altı diri, üstü diri.
Sən də and içənlərin biri,
Ağlama,şəhid atası!

***

Sönməsin

.
Kim qaladı bu təndiri?
Kim yandırdı bu ocağı?
Təndirdən qopmur küt yeri,
Bir az itilə bıçağı.

Ağzı dönük tiyəsinə,
Üzü dönük yiyəsinə.
Bu niyənin niyəsi nə?
Yurd qarı düşmən qucağı.

Yırtılır ömrün yelkəni.
Gəlsin aparsın da məni,
Kim bilirsə bu Vətəni,
Öz ailə üçbucağı.

Bilməzlər uzaq dayansın,
Uzaqlar uzaqda yansın.
Yaxın da,uzaq da yansın,
Sönməsin Vətən ocağı!

***

Nədəndir, nədən?

.

Adını siz qoyun eşq tarlasında,
Cücərdib əkdiyim nə dəndir,nə dən?
İçimdə göyərən ulu sevdanın,
Sünbüllü zəmisi Vətəndir,Vətən!

Ruhum bu,sevgidən tutulub mayam,
Üç dünya yaşayır məndə,mən buyam.
Yerdə öz dibim var,göydə öz qayam,
Ortada dolaşan bədəndir,bədən.

Məna daşıyıram öz surətimdə,
Surətim boy verir söz surətində.
Hələ nələr yatıb bəsirətimdə?
Oyanmaq istəmir nədəndir,nədən?

***

Şeirim

.

Göyədək ucaldır düşüncələri,
Torpağın döşündən əmən şeirim.
Kürdə yaxalanır durulanmağa,
Arazın suyunda çimən şeirim.

Dağınıq saçları meh sığallayır,
Verib ürəklərə beh, sığallayır.
Sübhün ağ üzündə şeh sığallayır,
Bu eşqlə daranır çəmən şeirim.

Qopub düşüncəmdən yerə düşüncə,
Göylərə ucalır hər göy düşüncə.
Zülmətin gözünü haqdan deşincə,
Səpir hər batinə bir dən şeirim.

Hamilə arzular sancılı yatır,
Sabaha doğulan ümid boy atır.
Bir şəhid qəbriylə vüsala çatır,
Həsrətdən inləyən Vətən şeirim.

***

Mən

.
Sözümlə açılır Tanrının dili,
Göyün yeri öpən dodağıyam mən.
Məndə birləşibdir göy,yer – ikili,
Tanrının yeriyən ayağıyam mən.

Qurban göndərildim insaniyyətə,
Kəsin, qəbul olum bir saf niyyətə.
Qanım sülh çiləsin bəşəriyyətə,
Axı yerdən göyə eşq bağıyam mən.

Gəzən bədənlərdə düşünən başam,
Ömür bir üzükdür, üstündə qaşam.
Sağam bir Vətəndə daş vətəndaşam,
Ölsəm də, Vətənin torpağıyam mən.

Yazıya 1190 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.