Nihad Piriyev – “Zəng Xədicədən gəlirdi” (səsli hekayə)

nihat pHəmid kişi qollarını sinəsində çarpazlayıb telefon ustasının hər bir hərəkətini təmkinlə izləyir, ondan ümidverici cavab gözləyirdi.

- Yox, ağsaqqal, bu telefon ələ gəlməz, – usta axır ki, dilləndi, – gələr e, xərci çoxdur, o da ki sərf eləyən deyil!

Bu gözlənilməz cavab qocanın bütün ümidlərini alt-üst elədi, bir-iki ağız öskürüb xırıltı səslə:

- Bəs içindəki o zad…

- Nömrə? – usta dərhal soruşdu, – yox, babacan, nömrə salamatdır. Soruşmaq ayıb olmasın, bu telefon niyə belə əzilib ki?

Həmid kişi qayğılı-qayğılı başını bulayıb cavab verdi:

- Burdan… – əli ilə köynəyinin döş cibini göstərdi, – burdan düşüb. Çəkiclə iş görürdüm, necə oldusa, birbaş çəkicin altına düşdü zəhrimar.

Cümləni tamamlayıb duruxdu. Üzündə qəribə bir peşmanlıq ifadəsi yarandı. Barmaqlarının ucuyla dodağını ovuşdurub susdu. Sanki orda ilişib qalan həmin o zəhrimar sözünün qalıqlarını axtarırdı.

Usta gülümsəyərək:

- Hə-ə, eybi yoxdur, dəmirdir, təki canın salamat olsun, əşi! İndi mən sənə qəş-ş-şəng, özünə yaraşan bir telefon verəcəm! Lap istəyirsən, at ayağının altına, əz, heç nə olan deyil, canımçün!

Həmid kişi alnının tərini silib dəsmalı ovcunun içində bükdü, dirsəklərini şüşəli arakəsmənin üzərinə qoyaraq cavab verdi:

- Mənimki budur, burdadır, – cibindən telefonun eynisini çıxarıb əzilmiş telefonun yanına qoydu, – bu, rəhmətlik arvadındır. Nə vaxtdandır saxlayıram.

- Hə-ə… Belə de… – usta təəssüflə başını yellədi, sonra barmaqlarını alnında gəzdirib qaşlarına bir neçə dəfə sığal çəkdi və nə fikirləşdisə, əzilmiş telefonu götürüb yenidən qurdalamağa, orasına-burasına baxmağa başladı. Həmid kişi yenə onu eyni maraq və ümidlə izləyir, arabir alnının tərini silirdi.

İçəri o qədər də isti deyildi. Bu qədər tərləməsi onun özünə də qəribə gəlirdi.

 

Usta təmkinli bir əda ilə:

- Babacan, gəl belə edək! Sən bu gün döz, sabah səhər 11-də gəl, telefonu götür. Necədi sənçün?

- Təzəsini? – Həmid kişi tələsik soruşdu.

- Yox, elə bunu, rəhmətliyin öz telefonunu… Düzdür, bir az çətin olacaq, amma düzəldəcəm. Söz verirəm!

Ümidsiz qoca aldığı xəbərdən təəccübənib gah telefona, gah da ustaya baxıb udqundu. Ardından telefonu götürüb diqqətlə nəzərdən keçirdi. Barmaqlarının ucuyla əzik detalları sığalladı, sanki onunla sağollaşırmış şəklində gülümsəyib mağazanı tərk elədi.

 

***

Həmin axşamı nigaran yatdı. Xədicənin ölümündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun telefonunu göz bəbəyi kimi qoruyur və daima öz üstündə gəzdirirdi. Oğlanları əvvəllər etiraz etsələr də, sonralar kişinin bundan nə qədər rahatlıq tapdığını görüb daha qarışmadılar. Telefonun başına gələn bu bədbəxt hadisəni isə heç onlara da deməmişdi. Özü birbaş ustaya aparmışdı.

Səhəri iplə çəkən Həmid kişi əvvəlki günlərdən daha erkən oyandı. Adəti üzrə bağda bir az gəzindi. Küçəyə çıxıb naxıra mal-qara aparan qonşularla salam-əleyk elədi, amma bütün bunları hər nə qədər vaxt öldürmək üçün edirdisə də, vaxt getmək bilmirdi. Həkimin tapşırığından bu yana ilk dəfə idi siqareti tərgitdiyinə peşmanlıq hissi keçirirdi. “Kaş bir dənəsi olaydı, çəkib dolduraydım ciyərimə…”

Eyvana çıxıb gəlininin qurduğu səhər süfrəsində bir az oyalandı. Səhərləri yaxşı yesə də, keçirdiyi narahatlıq iştahasını küsdürmüşdü. Yediyi-içdiyi hər şey düyünləyib boğazında qalırdı. Çaydan bir-iki qurtum alıb otağa keçdi. Televizoru yandırmaq istəsə də, divarda Xədicə xanımla olan şəklini görüb daha özünü saxlaya bilmədi, saat doqquza qalmış şlyapasını da götürüb üz qoydu şəhərə.

Təmir dükanından bir xeyli aralı maşından düşüb saatına nəzər saldı. Hələ vaxta çox qaldığını görüb özünü danlaya-danlaya yolun digər tərəfinə keçdi. Burada rayonda kifayət qədər məşhur olan çayxanalardan biri vardı. Düzü, çayxanada oturmağı sevməzdi, amma bu bir neçə saatı ötüşdürməkdən ötrü, hələlik, bundan yaxşı çıxış yolu yox idi. Çayxanaya girər-girməz qonşu Kərimin də burada olduğunu görüb bir az əsəbiləşdi. Heç xoşu gəlməzdi ondan. Adamlarla qaynayıb-qarışmağı sevməzdi. Xədicənin vəfatından sonra arabir məhləyə çıxıb qonşularla söhbətləşər, uzaqbaşı, kənd çayxanalarının birində on-on beş dəqiqəlik oturar, bu mənasız vərdişə təkrar-təkrar təəccüb edib evə qayıdardı.

Kərimlə araları hər nə qədər soyuq olsa da, hörmətsizlik eləməyib onun dəvəti üzərinə yanında əyləşdi. Salam verib candərdi söhbətə qoşuldu. Kərim ağzı köpüklənə-köpüklənə kənd bələdiyyə sədrindən şikayətlənir, kəndin su problemini həll etməkdən ötrü ona bir ay vaxt verdiyini deyirdi. Həmid kişi ona qulaq kəsilən adamların bezgin simalarına nəzər salıb gülümsündü. Kərim kimi bezdirici olmadığına görə öz-özünə şükür elədi. “Qoca kişisən, bir ayağın burda, bir ayağın gorda. Sənə su lazımdı? Yaxşı da bağın var axı. İki dənə turş nardan başqa nəyin var, ay əbləh?!”

- Qonşu, nəsə narahat görünürsən? – Kərim, nəhayət, bələdiyyə sədri ilə olan məsələsinə ara verib, soruşdu.

- Yox, əşi, salamatlıqdır. Şükür günümüzə!

- Min şükür, min şükür! O gün arvad deyir ki…

Elə bu vaxt Kərimin telefonu zəng çaldı. Söhbəti yarımçıq kəsib eynəyini taxdı, “Baaay, kamandirdir” deyib şaqqanaq çəkərək telefonu açdı.

Həmid kişi çiyinlərini büzüşdürüb gah telefona, gah da təmir dükanına baxaraq dərin bir ah çəkdi. Amma görünür, bu “ah” hirsini soyutmadı. Ardından qonşusunu bir də yağlı yerdən söydü:

“Zalım oğlu, zalım, məni sancmaqdan ötrü sinov gedir. Səfeh köpəyoğlu!”

- Ay bəli, xanım, buyuruz, bəli, bəli… Baş üstünə… Baş üstünə! Bu saat! Bu saat!

Kərim telefonu qapayıb alnına düşən saçını əli ilə arxaya sığalladı.

- Arvaddır, uşaqlar bizdədir axı. Balaca gədə od-alovdur, Həmid! Öldürür bizi. Turala demişəm, bu yay onu heç yerə buraxmayacam. Özüm tərbiyələndirəcəm! Xa-xa-xa! Arvad yadıma salmışkən, durum bazara dəyim. Kamandirin istəkləri bitmir!

Stoldan qalxıb əlini Həmid kişinin çiyninə qoydu:

- Qonşu, özünə yaxşı bax! Dediyimi də unutma, sabah gələcəm, qol çəkərsən!

Düzü, Həmid kişi söhbətin nədən getdiyini başa düşmədi. Kərimin bələdiyyə sədri haqqında “vərvər”inə baş qoşmadığının fərqinə indi vardı və sadəcə başını tərpədib ona həm razılıq bildirdi, həm də sağollaşdı. Təki canı onun əlindən qurtarsın. Təki Kərim masadan uzaqlaşsın. Əl çəksin!..

Kərim masadan uzaqlaşan kimi bayaqdan bəri bu qəribə qoxunun ondan gəldiyini hiss edən Həmid kişi başını bulayıb ürəyində “kamandir”in sənə yaxşı baxmır, ay Kərim” dedi və öz aləmində ondan qisasını aldı. Ardından bir ağız da yağlı yerdən söyüş söyüb masadan qalxdı. Amma deyəsən, bu dəfə söyüşü ürəyində yox, eləcə aşkara demişdi. Çünki masadan qalxanda yan stollardakı adamlar diqqətlə ona baxırdı. Vecsiz şəkildə başını bulayıb, “nə olar, olar” – deyib, şlyapasını götürdü. Yolu keçib dükana girdi. Usta Həmid kişini görən kimi uca səslə “O-o-o, babacan, xoş gəlmisən, xoş gəlmisən, deyəsən, arvadsız çox dayana bilmədin, hə?”- deyib arakəsmədən irəli çıxıb onun əlini sıxdı. – Gəl, gəl, düz eləyib tez gəlmisən, telefon hazırdır.

Həmid kişinin gözlərinə işıq gəldi. Pozulmuş əhvalı bir andaca çiçək kimi açıldı. Dünəndən bəri bütün qəlbi ilə büründüyü kədər, nisgil, tamamilə, yoxa çıxdı. Elə bil bu nisgil özü ilə bu havasız mağazanın şüşələrini də qırıb apardı. İçəridə yüngül meh hiss olundu.

Usta telefonu götürüb bəh-bəhlə təqdim etdi.

- Buyur, ağsaqqal, bu da telefon, cağbəcağdı, anamın canı üçün. Əntiqə alınıb, hə? Lap əvvəlki kimi!

Həmid kişi telefonu ovcunun içində o yan-bu yana çevirib gülümsədi. Sonra barmaqları ilə telefonun düyməcikləri üstündə gəzinib, sığalladı, oxşadı. Bu dəmir parçasının onun üçün nə qədər əhəmiyyətli olduğunun fərqinə varıb öskürək qarışıq bir ah çəkdi. Və bir də onda ayıldı ki, telefonun ekranı əməlli-başlı islanıb. Gözündən iradəsizcəsinə süzülən damcılar hər nə qədər onu utandırsa da, sevincinin dadını çıxarmaqla məşğul idi.

- Çox sağ ol, bala, – titrək səslə dilləndi, – Allah səni min budaq eləsin. Allah səni var eləsin… Allah səni həmişə sevindirsin. Sən ki məni…

- Dəyməz, babacan, – usta sevincək cavab verdi, – Allah Xədicə anaya qəni-qəni rəhmət eləsin!

Həmid kişi telefonu yenə əvvəlki yerinə – döş cibinə qoyub digər ciblərində eşələnməyə başladı. Usta isə “yox, ağsaqqal, sən Allah, heç nə lazım deyil. Allah haqqı, inciyərəm!” – deyib içəri girən digər müştərilərə mane olmamaqdan ötrü onu bir az kənara çəkdi.

- Yox, ay bala, belə olmaz axı! Hələ mən sənə artıqlaması ilə verməliyəm ki…

 

Usta onun sözünü yenə yarımçıq kəsdi.

- Yox, yox, ehtiyac yoxdur! Oğlunla tez-tez işimiz olur, sən narahat olma! Nə vaxt telefonla bağlı problemin olsa, heç onlara demə, həmişə qulluğundayam.

Həmid kişi əlini cibindən çıxarıb arakəsməyə söykəndi:

- Bir stəkan suyun olmaz ki? – deyib yenə dəsmalına öskürdü.

- Su… hə, hə, bu dəqiqə, – usta tələsik digər otağa cumdu. Bu əsnada tez-bazar cibindən ustanın haqqını çıxarıb, alətlər qutusunun yanına qoydu. Daha sonra suyu ləzzətlə içib mağazanı tərk elədi.

Yolüstü rast düşən maşınlardan birinə əyləşib kəndə qayıtdı. Amma hələ də telefonun təzədən özündə olmasına inana bilmir, sevincini içində boğub saxlamasına təəssüf edirdi. İstəyirdi yolun kənarında bir yerdə dayanıb əməlli-başlı atlanıb-düşsün, qışqırsın, sevincinin dadını çıxarsın. Bu vaxt yolqırağı ağaclardan birinin altında Kərimi gördü. Kərim bazarlıq kisəsini ağaca söykəyib yenə də ağzı köpüklənə-köpüklənə kiməsə şikayətlənirdi.

Həmid kişi birdən nə fikirləşdisə, döş cibindən telefonu çıxardı. Öz nömrəsini tapıb zəng vurdu. Bir neçə saniyə keçmişdi ki, digər cibindən telefonun səsi eşidildi. Dodaqaltı “kamandir” deyib telefonu çıxardı.

Sürücü zəng səsini eşidib güzgüdən səsləndi:

- Kişi, telefona bax, yəqin, uşaqlardı…

Həmid isə telefonun ekranına toxunur, gülümsünür, arabir isə ah çəkirdi.

Zəng Xədicədən gəlirdi.

 

Yazıya 341 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.