(şeir-esse)
tale nədir – sualına
cavab olaraq bir neçə əhvalat
danışım sizə;
xəyalan çəkin rəsmini
hər mənzərənin və
tale barədə düşünərkən hər dəfə
çağırın bir parçasını yaddaşın – rəsm dəftəri kimi
içində rəsmi cızılmış o hadisələr.
1-ci əhvalat:
bir uşaqlıq dostum var idi.
yaraşıqlı, ağsifət. daim üzündə təbəssüm. adama
sevməyi öyrədərdi gülüşləriylə; necə də gözəldir həyat.
öldü cəmi iyirmi beş yaşında.
2-ci əhvalat:
qonşuluqda bir qadın var.
yaşı səksəni keçib, amma gözlərində hələ də
yaşamaq eşqi. gələcək hadisələrdən danışır hərdən
həvəslə; hər yaşda yaşamaq haqqı var yaranmışın.
ölümə vərdiş aşılayır həyata sevgisiylə.
3-cü əhvalat:
yanaşı binada cavan ər-arvad yaşayırdı. uşaq gözləyirdilər
neçə illərdi. uzun həsrətdən sonra bir körpə gəldi dünyaya.
körpəyə qədər balaca bir iti də vardı onların. miki qoymuşdular
adını. qəribə heyvan idi miki. deyilənə görə, hansısa çin
imperatorunun arvadı fərqli it istəyirmiş, – tamam fərqli. belə ki,
imperatorun əmriylə yeni bir cins yaradılır; itlə meymunun
calağından. o cinsin hazırki nümayəndəsi mikinin də
altı yaşı olardı təxminən. iki heyvanın taleyini bölüşmüşdü
gör neçə il.
bir gecə binanın qarşısındakı ağacın altında
xəlvət eşələnən gördüm qonşunu. qazdığı çalanı tələsik doldururdu.
o gündən gözə dəymədi miki. bir müddət qüssəli görünsə də qonşular
sonra başqa bir heyvan tapıb gətirdilər.
axırıncı mənzərə daha maraqlı idi deyəsən. gör neçə taledən söz açıldı
bir əhvalatda; artıq əvsanəyə çevrilmiş imperator xanımı – istəyindən
fərqli heyvan cinsi yaranmış. iki heyvanın taleyini yaşayan miki.
mikinin sahibi – uzun illərdi uşaq gözləyən cavan ər-arvad. nəhayət,
bir gün ər-arvadın sevinci bir körpə gəlir dünyaya və
günlərin birindəsə kədərli olsa da,
sevimli mikini başqa heyvana dəyişirlər.
bilirəm; hər biriniz
bu mənzərələrdən fərqli-fərqli rəsmlər cızdınız xəyalan,
amma bütün rəsmlərin mənası eyni –
görəsən, əslində necədir tale düsturu?
Yazıya 794 dəfə baxılıb