Akif ABBASOV – “NƏ İŞLƏYİRSƏN?”

            akif abbasov(hekayə)

            Araz rayonunda milis şöbəsi rəisinə yeni müavin təyin etmişdilər.  Bir ay olardı işə başlamışdı.

Şura hökumətinin vaxtları idi. Haradasa iyirminci yüzilliyin 70-ci illəri olardı. O zamanlar müəllimlərdən bəzilərini milis şöbəsinə işə cəlb edirdilər. Həsənəli də tarix müəllimi idi. Gətirib qoymuşdular onu siyasi işlər üzrə müavin. Şəxsi heyətin siyasi yetkinliyinə və həm də tərbiyəsi məsələsinə baxırdı. Qanunpozanlar arasında da iş aparırdı. 

Şikayətə gələn vətəndaşları tezcə qəbul edir, dərdinə çarə tapıb yola salırdı. Az müddətdə hamının rəğbətini qazanmışdı.

Qəbula yazılanlar arasında Gülsənəm arvad da vardı. Sahə müvəkkili onun nəvəsini haqlı-haqsız incidir, göz açmağa imkan vermirdi.

İndi arvad sahə müvəkkilindən şikayətə gəlmişdi ki, onun nəvəsindən əl çəksin.  

Yaşlı olduğundan Gülsənəm arvadı rəis müavininin kabinetinə növbəsiz buraxdılar. Həsənəli müəllim zəngi basıb sahə müvəkkili Əliəşrəfi çağırtdırdı. Ələşrəf içəri daxil olub salam verdi. Mülki paltarda idi.

Həsənəli müəllim tərs-tərs ona baxıb:

-Milis şöbəsində nə işləyirsən? – deyə xəbər aldı.

Əliəşrəf dərhal:

-Sahə müvəkkili, – deyə cavab verdi.

Həsənəli müəllim bir qədər əsəbi:

-Soruşuram ki, sənin vəzifən nədir? – deyə soruşdu.

Əliəşrəf təkrar etdi:

-Sahə müvəkkili.

Həsənəli müəllim özünü saxlaya bilməyib səsini qaldırdı:

-Bilmirəm belə savadsızlar buralarda nə gəzir?  Bax, üçüncü dəfə soruşuram: sən nə işləyirsən?

Əliəşrəf çiyinlərini çəkib təəccüblə dedi:

– Sahə müvəkkili.

Həsənəli müəllim bu dəfə yerindən dik atıldı:

-Ay kişi, sən nə qədər kütsən! Sualıma cavab ver: sən bizim milis şöbəsində nə işləyirsən?

Əliəşrəf gözlərini döydü: “İndi buna nə  cavab verim?”

Həsənəli müəllim:

-Deyəcəksən, ya yox? Ay kişi, leytenant işləyirsən, kapitan işləyirsən, mayor işləyirsən, polkovnik işləyirsən? Bəlkə general işləyirsən. Vəzifənin adını de də.

Əliəşrəf onun üzünə baxa-baxa bir daha təkrar etdi:

–Sahə müvəkkili…

 

Yazıya 616 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.