Gənc aktyor Bəhruz Hikmətoğlu ilə İradə Aytelin söhbəti…

WhatsApp Image 2020-09-19 at 17.11.44Bəhruz Hikmətoğlu: “Bədii qiraət mənim sağ qolumdursa, aktyorluq sol qolumdur”.

 

–         Təqdimatı mən etsəm, sadəcə belə deyəcəm: Müsahibim çox istedadlı gənc Bəhruz Hikmətoğludur. Lakin oxucular sizi daha yaxından tanımaq istəyəcək. Bəlkə özünüz haqda qısa məlumat verəsiniz…

 

–         15 iyul, 1990-ci ildə Baki şəhərində doğulmuşam. 1997-2008-ci illərdə Nəsimi rayon 35 sayli orta məktəbdə təhsil almışam. 2008-2010 cu illərdə hərbi xidmətdə olmuşam. 2010-2014-cu illərdə ADMİU-nun təatr və kino aktyoru fakültəsində ali təhsilə yiyələnmişəm.

 

–         Mən sizi ilk dəfə 2010-2013-cu illərdə AzTv-də yayınlanan “Əsgər Anı” verilişində görmüşəm –  aparıcı-aktyor olaraq. Səhnə görünüşünüz, səlist nitqiniz, peşəkarlığınız müsbət mənada başqa gənclərdən seçilirdi.  Televiziyadan niyə uzaqlaşdınız?

 

–         Çox gözəl vurğuladız, “Əsgər anı” verilişi incəsənət sahəsində mənimçün böyük bir addım oldu, uğur gətirdi. Hələ orta məktəbdə oxuyanda demək olar ki, tanınırdım. Küçədə, ictimai nəqliyyatda mənə salam verirdilər. Düzdür, əvvəllər bu hissi dərindən dərk etmirdim, tanımadığım adamların mənimlə salamlaşmasına etinasız yanaşırdım. Sonralar başa düşdüm ki, adamlar məni “Əsgər anı” verilişindən tanıyırlar və sevgilərini etiraf edirlər. Bir məktəblinin yaşaya biləcəyi ən gözəl hissləriydi yaşadıqlarım. Televiziyada işə hələ 2006-2007-ci illərdən başlamışdım. İlk zamanlar ikinci, üçüncü dərəcəli rollar alırdım – bir dəqiqəlik, iki dəqiqəlik epizodik rollar. Sonralar dəyərli insan, gözəl rejissorumuz Aydın Mehdiyevin qərarı ilə məni verilişdəki dördlükdən biri etdilər.  Kapitan, çavuş və iki əsgər olan bu veriliş baxılırdı, sevilirdi. Oradan ayrılmağıma səbəb isə müqaviləmizin bitməsi idi.  Bundan sonra “Natiqlərin Ümumrespublika Bədii Qiraət Yarışması” keçirilirdi. Yarışmaya mən də qatıldım. Müsabiqədə radio-müxbirlər, aparıcılar vardı. Onlar bəyəndikləri qiraətçinin adını özlərində qeyd edirdilər. Nəticədə, mən də qaliblər sırasında oldum və bir müxbir telefon nömrəmi götürdü.  Günlər sonra məni radioya dəvət etdilər. Müqavilə bağladıq və 2014-2015-ci illərdə Azərbaycan Radiosunda “Gəl Səhərim” musiqili-informasiya proqraminda aparici vəzifəsində çalişdım. Oradan da ayrılmağıma səbəb müqavilənin vaxtının bitməsi oldu. O zamanlar paralel olaraq başqa işlərlə də məşğul idim. Amma onu deyim ki, radioda işləmək arzusu mənim içimdə həmişə olub. Hətta bu yaxınlarda radionun rəhbərliyinin qəbulunda olaraq, yenidən veriliş aparmaq arzusunda olduğumu söylədim. Ümid edirəm ki, dünyada baş verən bu virus dəhşəti bitəndən sonra mənim bu arzum da reallaşacaq.

 

–         “Ağabəyovlar” və “Qaynana” seriallarinda rol almısınız. Sonra bir müddət bədii qiraətlə məşğul olmusunuz. Hətta deyərdim ki, bədii qiraət sizin yaradıcılığınızın işıqlı nöqtəsidir. Sizin qalib olduğunuz müsabiqələrin nəticəsi olaraq bu düşüncədəyəm.  “Natiqlərin Ümumrespublika müsabiqəsi”,   ” Aydın Səs”,   “Nəsimi-650” birinci Televiziya Bədii Qiraət Müsabiqəsində Ali dərəcəli “Gənc Bədii Qiraətçi” diplom-sertifikatina layiq görülmüsünüz. Professional qiraətçi, aparıcı birdən-birə C.Cabbarli adina İrəvan Dövlət Azərbaycan Dram Teatrinda aktyor kimi fəaliyyətə başladı. Bu istək haradan doğdu?

 

–         Bədii qiraətlə məşğul olmağıma baxmayaraq, aktyorluğa sevgi daim mənimlə olub. Ona görə də, sənədlərimi toplayıb İrəvan Dövlət Dram Taetrına təqdim etdim. Bizim hörmətli direktorumuz, xətrini çox istədiyim İftixar Piriyev məni teatra qəbul etdi. Hal-hazırda direktorumuz olduğu üçün demirəm, İftixar müəllim doğrudan da gənclərə dəstəkdir. Bildiyiniz kimi, bizim teatrda gənclər çoxdu. Direktorumuz qollarını həmişə gənclərin üzərinə açır, işəqəbulda gənclərə üstünlük verir. Bəli, “Ağabəyovlar” başda olmaqla, bir çox seriallarda çəkilmişəm. Düzdür, orada ikinci, üçüncü dərəcəli rollar almışam. Amma buna baxmayaraq, yenə də həvəsdən düşməmişəm, həmişə üzərimdə çalışmışam və indinin özündə də çalışıram. Bədii qiraət mənim sağ qolumdursa, aktyorluq sol qolumdur. Bunların heç birindən uzaqlaşa bilmərəm. Bildiyimiz kimi cənab Prezidentimiz 2019-cu ili Nəsimi ili kimi elan etdi. Bu münasibətlə keçirilən  “Nəsimi-650” birinci televiziya və qiraət müsabiqəsində də yer tutaraq, “Ali dərəcəli gənc, bədii-qiraətçi diplom-sertifikatı”na sahib oldum. Müsabiqələrdə doğrudan da, şəffaflıq vardı, ayrıseçkilik yox idi. Münsiflər dəqiq və düzgün qiymətləndirmə aparırdılar. Əslində, müsabiqələrdə insan özünü sınayır. Qalib olmursansa, deməli, öz üzərində işləməli, çalışmalı, gələn müsabiqələrdə məqsədinə nail olmalısan. Bədii qiraətdə, yarışmalarda nail olduğum diplomlara və sertifikatlara görə həmişə səhnə danışığı müəllimim Nadir Hüseynova minnətdarlığımı bildirmişəm. Bu uğurlarım üçün ona borcluyam.

 

–          Hal-hazirda aktyorluqla bərabər, həm də rejissor assistentisiniz. Rejissorluğa da iddialısınız?

 

–         Bir deyim var ki “aktyor tükənəndə rejissor olur” .  Amma mən bu fikirlə razılaşmıram. Çünki aktyorluqla bərabər, rejissorluq da çətin və məsuliyyətli peşədir. Mən bu iki peşəni bir-birindən ayırmıram.  Məncə, aktyoru aktyor edən rejissor, rejisssoru da rejissor edən aktyordur. Bəli, aktyorluqla bərabər rejissor koməkçisi isləyirəm. Məsuliyyətim iki qat artıb. Rejissor köməkçisi olmağın da tamam başqa tələbləri var, yaradıcı heyəti məşq zalına yığmaq, iznli olanlar haqqında rejissora məlumat vermək və s…  Çox istərdim ki, özüm pyes götürüm və müstəqil olaraq onun üzərində çalışım. Bir növ, özümü bu sahədə də sınayım…

 

–         Maraqlı obrazlar oynayırsınız. Həm də belə gənc yaşda müdrikləri oynamaq qismətiniz olur.  Hacı Zeynalabdin Tağıyev haqqında İTV-də  yayımlanan sənədli film izləyicilərin yaxşı mənada diqqətini çəkdi. Siz bu filmdə baş rolu oynayırsınız. Tağıyev olmaq necə idi? O hissləri necə təsvir edərdiniz?

 

–         Yaşımın az olmağına baxmayaraq, mənə etibar edilən Şeyx Zahid,  Hacı Zeynalabdin Tağıyev kimi obrazları canlandırmaq, əlbəttə, asan iş deyil. Amma həmişə çalışmışam ki, mənə verilən rolların öhdəsindən gəlim. Yaşından böyükləri canlandırmaq üçün daha çox nüansa diqqət etmək lazımdır. Məsələn, yaratdığın obrazın danışıq tərzi, yerişi, duruşu, baxışı, ümumiyyətlə jestlərini olduğu kimi göstərməlisən. Əgər söhbət Tağıyev haqqında çəkilən filmdən düşdüsə, ilk olaraq, İTV-nin rəhbərliyinə, bütün yaradıcı və texniki heyətə, rejissor Vasif Məmmədzadə, Elçin Qasımov təşəkkür etməyi özümə borc bilirəm. Azərbaycanın görkəmli xadimi, ölkənin neft sənayesinin banisi, xeyriyyəçi və milyoncu kimi bir şəxsiyyətin obrazını canlandırmaq olduqca çətin və şərəfli idi…

 

–         Ən çox yadınızda qalan obrazınız hansıdır?

 

–         Butun obrazlarım doğma və əzizdir. Hər birini sevirəm. Amma ən çox yadda qalanı Hacı Zeynalabdin Tağıyevdir. Onu da deyim ki, Tağıyev haqqında ikinci sənədli film çəkilir və orada da mən Tağıyev obrazını canlandırıram.

 

–         Bu dəfə də uğur qazanacağınıza inanıram. Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin  senarisi əsasında çəkilmiş “Haqq mənəm” pyesinin tamaşasını izləyirdim. Tamaşada razılaşdığım və məni qane etməyən məqamlar çox idi. Əvvəl narazı qaldığım tərəfi deyəcəm. Məlumdur ki, müəllifin ən çox can yandırdığı, mətləbi anlatmaq istədiyi məqam Nəsimi ilə Əmir Teymurun qarşılaşdığı səhnədir. Bu dialoq əsərin canıdır, desəm, yanılmaram. Əmir Teymur obrazını canlandıran aktyorun səsi zalda eşidilmirdi, emosiya, hərəkətlilik sıfır dərəcədə idi. Lakin o qüsurları örtəcək, alt qatda qoya biləcək bir aktyor var idi səhnədə – Şeyx Zahidi oynayan Bəhruz Hikmətoğlu – yəni, siz. Siz o rolu o qədər təbii, inandırıcı, emosional canlandırırdınız ki, tamaşaçının bütün diqqətini üzərinizdə cəmləməyi bacarırdınız. Elə həmin gündən Azərbaycan teatr səhnəsində yeni bir ulduzun parlayacağına inandım. Az öncə İftixar Piriyevin gəncliyə olan böyük dəstək və qayğısından söz açdınız. Tamaşadan sonra sizə ayrılan diqqət dəyişdimi? Dəyişdisə, necə dəyişdi? 

 

–          Əlbəttə “Haqq mənəm” tamaşası mənə çox böyük uğur gətirdi. Tanıdığım və tanımadığım adamlardan çoxlu sayda təşəkkür mesajları, təbriklər aldım. Hər bir əməyin arxasında uğur dayanır. Çalışıb, o uğuru əldə etmək lazımdır. Aktyorun uğuru isə onun rollarından qaynaqlanır. Uğuru qazanmaq üçün dayanmadan, yorulmadan məqş etmək¸rolunun üzərində çalışmaq lazımdır. İftixar müəllim bütün yaradıcı heyətə həmişə dəstək olub. Bizimlə hər görüşəndə ilk sualı belə olur: “Nə probleminiz var?” O həmişə deyir: “Məni özünüzə dost bilin, bütövlükdə isə biz bir ailəyik. Ailə içərisində sirr olmaz və problem bir yerdə çözülməlidir”. “Haqq mənəm”dən sonra mənə yeni rollar təklif olundu. Bu isə gənc bir aktyora göstərilən etimad və diqqətdir. Cənab Prezidentimizin göstərişi ilə tikilən yeni binamız da yaxın günlərdə təhvil veriləcək. Yeni binada, yeni rollarla tamaşaçı qarşısına çıxmaq mənimçün ən böyük dəyər olacaq. Fürsətdən istifadə edib, İrəvan teatrına uğurlar arzulayıram!

 

–         Arzularınıza qoşuluruq. Bəhruz bəy, mükafatlarınız, fəxri diplomlarınız çoxdur, bu sənətdə ən böyük qazancınız nə olub? Ümumiyyətlə gözləntiniz nədir sənətinizdən?

 

–         Çalışdığım müddətdə ilk qazancım təcrübəmdir. Əlbəttə, bütün sahələrdə olduğu kimi bizdə də sənətin başlanğıcı çətinliyi ilə nəzərə çarpır. Mükafatlarım isə məni daha da məsuliyyətli olmağa çağırır. Gözləntim tamaşaçı sevgisi qazanmaqdır. Bu, mənə yetər!

 

–         Sevgi və sevgisizlik insana nə verir?

 

–         Sevgi insana bütün sahələrdə uğur və qələbə verir. İnsan bütün yüksəkliklərə sevgi ilə nail olur. Sevgisizlik isə insana mütilik verir, ətalət yaradır.

 

–         Azərbaycan gənci sizcə necə olmalıdır?

 

–         Azərbaycan gənci hansı sahədə çalışmağından asılı olmayaraq, ilk növbədə vətənpərvər olmalıdır. Bizim – gəncliyin ölkə üçün görəcəyi ən böyük iş Vətənini sevmək, torpağını qorumaqdır!

 

–         Oynamaq istədiyiniz rol hansıdır?

 

–         Çox arzu edirəm ki, Qarabağ döyüşlərində qəhrəmanlıqları ilə fərqlənən bir döyüşçünün obrazını yaradım və yaratdığım obraz bütün dünyada tanınsın.

 

–         İrəvan teatrının İrəvana – öz doğma ocağına qayıtması üçün gənclik nələr etməlidir?

 

–         Biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin səyi nəticəsində torpaqlarımız işğaldan azad olacaq və həyat oz axarına düşəcək. Bu  müqəddəs mübarizədə  biz Azərbaycan gəncləri Prezidentimizin ətrafında səfərbərik! Mütləq İrəvan teatrı öz doğma yurduna dönəcəkdir! Əminəm ki, mən böyük arzuma çatacam, qalib əsgər olaraq döyüş meydanında bayrağımızı yüksəldəndən sonra, səhnələrimizdə də o anı yaşadacam!

WhatsApp Image 2020-09-19 at 17.11.35

 

 

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2020-09-19 at 17.12.29

 

 

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2020-09-19 at 17.12.23

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2020-09-19 at 17.11.44 (2)

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2020-09-19 at 17.11.44

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2020-09-19 at 17.11.44 (1)

 

 

 

 

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2020-09-19 at 17.12.53

Yazıya 731 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.