Ötən istirahət günlərində qrup yoldşım Şahmar Quliyevin dəvəti ilə tələbə yoldaşımız Etibar Abdalovla birlikdə İsmayıllı rayonunun Buynuz kəndinə getdik. Əsas məqsədimiz tələbə yoldaşımız Taleh Nəcəfovun (008-ci qrup) Şəhid oğlu Fuad Nəcəfovu ziyarət etmək idi.
Onu da qeyd edim ki, Şəhidin atası, tələbə yoldaşımız Taleh Nəcəfov özü I Qarabağ Müharibəsinin əsil qəhrəmanlarından biridir. O, düşmənin 15-dən çox tankını və xeyli sayda zirehli texnikasını məhv edib. Bütün bunların hamısının Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş sənədlərini öz gözlərimizlə gördük. İgid tələbə yoldaşımız o vaxtlar komandanlıq tərəfindən iki dəfə Azərbaycanın Milli Qəhrəmanı adına təqdim edilib. Nəticədə, ən yüksək ordenlə – “Azərbaycan bayrağı ordeni” ilə təltiflənib. Onu da qeyd edim ki, Taleh I Qarabağ müharibəsinə doğulduğu Qalınçax kənd tam orta məktəbinin direktoru kimi getmiş, müharibədən dönəndən sonra uzun müddət həmin məktəbin direktoru işləmişdir. Oğlu Fuad da atası kimi çox cəsur, qəhrəman oğul idi. Fuad Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Türkiyədə dəfələrlə təlimlərdə olub. Heç bir xüsusi geyim olmadan 60 metr suyun dərinliyinə baş vuran bəlkə də yeganə əsgərlərimizdən biridir. II Qarabağ Müharibəsində bir sıra rayonlarımızın azad olunması üçün qəhrəmancasına vuruşub. 2020-ci il oktyabr ayının 7-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. Qəhrəmanımız ölümündən sonra ölkə başçısının sərəncamlarına əsasən müxtəlif rayonlarımızın azad olunmasına görə beş medal və “Qarabağ” ordeni ilə təltif olunub. Cəsur döyüşçümüzün bir qız övladı yadigar qalıb. Ailə dövlətimizin hər cür qayğısı ilə əhatə olunub.
Şəhidin yeni tikilmiş evindəki guşədə olduq və qəhrəman tələbə yoldaşımız və onun boya-başa çatdırdığı Şəhid oğlu ilə bir daha qürur duydiq.
Onu da qeyd edək ki, Buynuz kəndində Xalq Şairi Musa Yaqubun məzarını və qəbirüstü abidəsini də ziyarət etdik.
Səfər üç tələbə yoldaşının – Ramiz Hümmətov, Şahmar Quliyev və Etibar Abdalovun iştirakı ilə İvanovka kəndində yekunlaşdı.
Yazıya 32 dəfə baxılıb