Təranə Məhərrəmova –Simvolizm epoxasının canlı yaddaşı

BelyFoto01 Bu ünvanda rus simvolizm nəzəriyyəçisinin memorial muzeyi yerləşir 
Görkəmli rus şairi A.S.Puşkinin dövlət muzeyinin filialı – «Andrey Belıyın memorial mənzili» Moskvanın Arbat küçəsində, elə Puşkinin ev muzeyi ilə bir damın altında yerləşir. Bu, Andrey Belıyın – tanınmış rus şairi, yazıçısı, filosofu, simvolizm nəzəriyyəçisinin dünyada yeganə muzeyidir. Muzey ədəbiyyatın “Gümüş dövrü”nün ən parlaq nümayəndələrindən biri kimi tanınır. 

Qeyri-adi erudisiyaya, əhatəli dünya görüşə malik olan Andrey Belıy (əsl adı Boris Nikolayeviç Buqayev) özünü müxtəlif janrlarda – poeziya, nəsr, memuar, tənqid, ədəbiyyatşünaslıq, fəlsəfi məqalə və traktatlarda sınayıb. Məşhur «Simfoniya» və «Peterburq» romanları, «Gümüş göyərçin», «Moskva», «Qızılı lacivərd», «Kül» şeirlərdən ibarət əsərləri onun yerini rus ədəbiyyatında fərqləndirir. Müasirlərinin gözündə A.Belıy “dahi” statusuna ciddi iddia edən şəxsiyyətlərdən biri olub. 
Arbat küçəsindəki 55 saylı evin üçüncü mərtəbəsində doğulub Andrey Belıy. Dünya ilə ilk təması bu mənzildən başlayıb. Həyat və insanlar haqqındakı xatirələri də bu evlə bağlıdır. Burada onun gimnaziyada və Moskva universitetində oxuduğu təhsil illəri keçib. O, bu mənzildə Marqarita Kirillovna Morozovaya olan ilk ehtiraslı məhəbbətini yaşayıb. Sevimli atasının ölümünün acısını da bu evdə hiss edib. Yazıçı modernist, Moskva simvolistlərinin lideri kimi də məhz bu evdə formalaşıb. O, bu mənzildə 26 il – 1906-cı ilə qədər yaşayıb. Sonra onun bioqrafiyasında bir çox ünvanlar, şəhərlər, ölkələr yer alıb. O, Moskva və şəhərətrafı qəsəbələrdə bir neçə mənzil kirayələyib. Berlində, İsveçrədə, Sankt-Peterburqda yaşayıb. Ancaq Arbatı həmişə öz vətəni, oradakı evi isə doğma mənzili hesab edib. 

“Gümüş dövr”ün ən parlaq şəxsiyyətlərindən biri

Muzey ziyarətçilərini 20-ci əsrin əvvəlləri və 19-cu əsrin axırlarının mühiti, o cümlədən, “Gümüş dövr”ün ən parlaq şəxsiyyətlərindən biri ilə üz-üzə gətirir. Bu evin maraqlı tarixçəsi var. 19-cu əsrin sonlarında Moskvanın mədəni həyatında xüsusi yer tutub. 1876-cı ildə moskvalı zadəgan M.İ.Xromov Arbat küçəsində iki mərtəbəli mülk tikib. Mülk M.A.Arsenovun layihəsi əsasında yenidən qurulub. Birinci mərtəbə ticarət məqsədi ilə istifadə olunub. İkinci mərtəbədəki otaqlar isə kirayə üçün nəzərdə tutulub. Tikinti işləri bitən kimi M.İ.Xromov evi Moskva universitetinin dosenti, şəhərin fəxri vətəndaşı N.İ.Raxmanova satıb. Təsadüfi deyil ki, evin sakinləri də Moskvanın intellektual elitasının təmsilçiləri olublar. Əvvəlcə bu evdə məşhur riyaziyyatçı, Moskva universitetinin fizika-riyaziyyat fakültəsinin dekanı Nikolay Vasilyeviç Buqayev gənc arvadı Aleksandra Dmitriyevna ilə məskunlaşıb. 1980-ci ildə isə onların Boris adlı oğulları – gələcək yazıçı Andrey Belıy dünyaya gəlib. Bu evin ayrı-ayrı mənzillərində və digər mərtəbəsində məşhur iqtisadçı İvan İvanoviç Yanjul, məşhur tarixçi Sergey Mixayloviç Solovyovun nəvəsi Mixail ailəsi ilə yaşayırdı. Onun həyat yoldaşı Olqa Solovyova istedadlı rəssam və tərcüməçi idi. Oğulları Sergey isə Andrey Belıyın gənclik illərinin ən yaxşı dostu idi. Məhz bu evdə Boris Buqayev üçün «Andrey Belıy» təxəllüsü düşünülüb. Bu ad onun zahiri görünüşünə və istedadına uyğun idi. Məhz Solovyovlar gəncin qələmə aldığı əsəri 1902-ci ildə «Simfoniya» adı ilə «Skorpion» nəşriyyatında çap etdirirlər. 10 ildən sonra Andrey Belıy bu mənzili tərk edəndə keçmiş mənzilinin yaxınlığında məşhur ukraynalı tarixçi və ədəbiyyatşünas Mixail Sergeyeviç Quruşevski yaşayırdı. 1930-cu ildə Rahmanovun evi kommunal yaşayış kimi istifadə olunur. Sonra bu evdə SSRİ və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi yerləşir. 1987-ci ildə isə Buqayevlərin mənzili öz mədəni dəyərinə görə A.S.Puşkinin Dövlət Muzeyinə verilir. 1990-cı illərin sonunda burada Andrey Belıyın gələcək muzeyinin fonduna daxil ola biləcək materiallardan ibarət sərgi nümayiş olunur. «Adrey Belıyın memorial mənzili” 2000-ci il 31 avqustda açılır. 
Muzeyin Anna adlı bələdçisi dedi ki, Moskvaya yolu düşənlər, həmçinin yerli sakinlər, tələbələr, şagirdlər, tədqiqatçılar daim yenilənən ekspozisiyaları seyr etməyə gəlirlər. 

“Analar otağı”ndan “Mistik sevgi”yə qədər

Ekspozisiyalar isə çox maraqlıdır. Muzeylə tanışlıq Buqayevlərin mənzilinin girişindən başlayır. Elə pillələri qalxdıqca Andrey Belıyın foto-portretlərini görmək olur. Həmçinin Moskvanın və Arbatın köhnə şəkilləri mənzilin labirintə bənzəyən girişində nümayiş olunur. 
Uşaq otağında görkəmli şəxsiyyətin uşaqlıq və təhsil illəri ilə bağlı materiallar yer alıb. «Mənim həyatım» adlı avtobioqrafik əsəri də bu sıradadır. 
“Analar otağı” (yaxud valideynlərin yataq otağı) yazıçının sevimli anası Aleksandra Dmitriyevnaya həsr olunub. Şairdə musiqiyə, rəssamlığa, ədəbiyyata marağı məhz bu qadın aşılayıb. Bu otaqda həmçinin Andrey Belıyın Moskva simvolizminin bir üzvünə çevrilməsi ilə bağlı erkən yaradıcılığını əks etdirən materiallar da var. 
«Mistik sevgi» otağı isə şairin – ilham pərilərinə olan sevgisini əks etdirir. Bu sırada A.A.Blokun həyat yoldaşı Lyubov Dmitriyevna Mendeleyeva və məşhur fabrik sahibi M.A.Morozovun arvadı Marqarita Kirillovna Morozova da olub. 
“Ata otağında” professor Nikolay Vaslyeviç Buqayevin həyat və fəaliyyətini əks etdirən, Moskva universiteti ilə bağlı eksponatlar maraq doğurur. 
A.Belıy «Moskva» romanı üzərində Moskva ətrafındakı Kuçino qəsəbəsində işləyib. Yazıçının həmin dövrdəki iş otağını əks etdirən mebellər, qravür və illüstrasiyalar, onun yaradıcılıq otağında əks olunub. Divarı bəzəyən fotolarda isə şairin ünsiyyətdə olduğu yaradıcı insanların portretləri yer alıb. Vitrinlərdə həmçinin şairə məxsus memorial əşyalar da var. Belə ki, gürcü ədəbiyyatçıları tərəfindən ona hədiyyə olunan məxmər papaq maraq doğurur. Bu əşya şairə dostluq rəmzi kimi verilib. Bütün bu əşyaları və qeydləri Andrey Belıyın ölümündən sonra arvadı Klavdiya Nikolayevna Buqayeva öz yaxın dostu və qonşusu, ədəbiyyatşünas Nikolay Beniyaminoviç Dolqoslovski, onun arvadı Anna Davıdovnaya və oğluna verib. 2010-cu ildə oğlanları Aleksandr Nikolayeviç Boqoslovskinin arvadı tərəfindən həmin əşyalar muzeyə hədiyyə olunub. 
Buqayevlərin yemək otaqlarında ədəbi ekspozisiya diqqət çəkir. Onun əsasını kitablar, əlyazmalar, foto-şəkillər, xatirələr və Andrey Belovun zaman kontekstində bioqrafiyasının bütün dramatizmini əks etdirən materiallar var. Axı yazıçı ədəbiyyatın “Gümüş dövrü”ndə yer alıb və bu epoxanı çərçivəyə salmaq mümkün deyil. O, Moskvada Rus inqilabının çətinliklərini yaşayıb. Daha sonra Almaniyaya mühacirət edib, yenidən qayıdıb, müxtəlif tənqidlərlə, hədələrlə qarşılaşıb. 
Muzeyin əsas eksponatları sırasına «Həyat xətti»ndə yer alan Andrey Belıyın avtobioqrafiyası, kətan üzərində çəkilən böyük şəkil yer alıb. Xüsusi bir vitrin Andrey Belıyın ölümünə həsr olunub. Şair 1934-cü ilin yanvarında dünyasını dəyişib. Orada Belıyın sonuncu fotoları, sənədlər, nekroloq, dəfnindən zarisovkalar, Osip Mandelştamın «10 yanvar səhəri» şeirinin qiymətli əlyazması yer alıb. Həmin gün həyatla vidalaşan yazıçı üçün böyük matəm yaşanıb. 
Mənzilin beş otağından biri – Qonaq otağında isə muzey ekspozisiyası gözə dəymir. Onun ilk görünüşü evin çoxsaylı qonaqları – şairlər, rəssamlar, filosofların şərəfinə toxunulmaz saxlanılıb. 
“Bu gün «Andrey Belıyın memorial mənzili” tədbirlərin, musiqili gecələrin, elmi seminarların və konfransların, kitab və jurnal təqdimatlarının, ədəbi və bədii sərgilərin təqdimatının keçirilməsi üçün əsas yerdir. Bura incəsənət adamları, alimlər, muzeyin dostları, bir sözlə, mədəniyyəti sevənlər toplaşır. Bu otaq simvolizm epoxasının canlı yaddaşıdır” –deyə bələdçi qeyd etdi. 
Muzeyə giriş pulsuzdur. Ancaq foto çəkmək üçün ziyarətçilər bir rubl ödəməlidirlər. Muzey istirahət günlərindən başqa hər gün ziyarətçilərin üzünə açıqdır. Muzeyə ekskursiya xidməti əsasən qrup və fərdi şəkildə həyata keçirilir və onlara bələdçi təqdim olunur. Bundan əlavə, otaqların hər birində ayrı-ayrı bələdçilər çalışır. Onlar ziyarətçilərin suallarını həvəslə cavablandırır, rus ədəbiyyatının görkəmli siması haqqında fəxrlə danışırlar…

 

 

Yazıya 1087 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.