Aysel Nəsirzadə – ÜFÜQ DƏRDƏ BÜRÜNMÜŞ…

img_4291Üfüq dərdə bürünmüş, 
Günəşin solmuş üzü.
Yollar səndən nigaran
Bir addımlıq izin yox,
Buludun dolmuş gözü. 

Yolunu gözləməkdən,
Oldum illər yorğunu.
Sənsizlik bir sınaqmı?
Yoxsa ki,taleyimin
Qurduğu bir qurğumu?

Taqətim yox,heyim yox,
“O qayıtdımı”-deyə,
Səni məndən sorana
Dilim gəlmir deyim “yox”.

Son ümidim can verir,
Qollarında qəlbimin.
Nitqi lal dayanmışam.
Gəlişin uzandıqca,
Ümidsizlik artıqca,
Yadlaşır mənə yaşam.

Qayıt geri, dön geri,
Son həddidir səbrimin.
Yoxsa ki,bu gedişlə,
Axtarmalı olarsan,
Ünvanını qəbrimin.

 

BİR NÖQTƏ

Təsadüfmü,zərurətmi?!
Bir nöqtədə görüşdük.
Yad baxışlar bir nöqtəyə dikildi,
Bir nöqtədə doğmalaşdıq.
Gözləmədik zamanı.
Tanımadan bir-birini,
Tez-tələsik tanışdıq.

Qəlbimizə bir nöqtədən yol çəkildi,
Min addımlıq məsafələr
Bir addımla əvəzləndi.

Çılğın gənclik oyununda,
Baş rol üçün yer aldıq.
Baş döndürən sevinclə
Ta…göylərə ucaldıq.

Anlamadıq biz-bizi,
Anlamış kimi etdik.
Gözü yumlu halda,
Həm sevib,həm sevildik.
Bir nöqtədə qovuşsaq da,
Bir nöqtəni qoymaqla,
Bir nöqtədə ayrıldıq.

Yazıya 678 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.