Qulu AĞSƏS
Sübh tezdən budagın altından keçər, suyun üstdən tullanardıq; quşatan əlimizdən düşməz, yelləncəkdə növbədən ötrü qırgına çıxardıq. Çilingağacın səsi məhləni başına götürərdi. Təkər yandırıb qayadan aşağı yuvarlayar, üzüksalmada demək üçün bayatı əzbərlərdik. Qapı pusmağın öz saatı vardı– toran qarışan vaxtı. Keçəmiz də olardı, kosamız da. Bayram toylarındakı mərəkəni heç bir rejissor qurmasa da, kadrları izləməyə dəyərdi! Novruz gecəsi adamı it tutmurdu. Niyəsini indi də bilmirəm…
Bahar bayramı o illərdə qaldı.
Elə ömrün baharı da! Indi sadəcə tamaşa eləyirəm şənliklərə.
Həyat yenə gözəldi… Baharda da, yayda da!!!
Kəmaləddin QƏDİM
Novruz bayramı ilə bağlı ən çox yadımda qalan bayram axşamlarında nişanlıların, təzə evlilərin qaynana ilə görüşməyə getmələri idi… Bu günə elə kürəkənlər qonaq gələn gün də deyirdilər…
Həmin bayram gecələri xüsusən də kəndin küçələri adamlarla dolu olardı… Axşam çağı, gün batandan sonra kəndin küçələrini xatırladım bu saat… Gözlərimin önünə gəldi o gözəl kənd gecələri.
Ürəyim qubar elədi. Nişanlılar, evlilər, yanlarında övladları… Sonra şütüyüyən maşınlar… Motoskletlər… Və bir də o bayram axşamlarında qaynanamın bişirdiyi aş heç yadımdan çıxmır… Çünki qaynanam çox ləzzətli aş bişirərdi…
CAVİDAN
Novruz bayramı deyəndə ilk yadıma düşən nənəmin bişirdiyi bişi adlı şirniyyatdır. Bişi, qoğal kimi hazırlanır, amma ondan nazik kəsilir, bükülüb, iç qoyulmadan yayılır, qaynar yağda biçirilir, soyudulub əvvəl şirəyə, sonra şəkər tozuna batırllır. Nənəmin açdığı bayram süfrəsi, birlikdə boyadığımız yumurtalar, qırmızı rəng hopmuş barmaqlarım, nənəmin mənə tikdiyi qırçənlı təzə donlar düşür yadıma . Başqa yerlərdə deyə bilmərəm, biz Lənkəranda Sovetlər vaxtı da Novruzu necə lazımdı, qeyd eləmişik, bayram bayram idi, sadəcə rəsmi və dövlət səviyyəsində qeyd olunmurdu.
O vaxt, yadımdadır, Novruz bayramı günü dərsə gedirdik, hər kəsin çantası bayram sovqatıyla dolu olurdu. Həmin gün simvolik olaraq keçirilən dərslərin ortasında müəllimlərimiz bir-birlərinin siniflərinə dəsmal atardılar (bizdə papaq yox, məhz dəsmal atılırdı). Şagirdlər dəsmala bayram payı yığardılar, müəllim də dəsmalını götürmək üçün sinfə girər, hamını təbrik edərdi…
Sonra… atəşkəsdən qabaqkı Novruzda Lənkəranda “Bahar qızı” olmağım yadıma düşür, hospitaldakı yaralı əsgərlərə bayram xonçaları aparmağımız, “Haçan bitəcək bu müharibə axı, otuz iki əsgərin ayağını bax bu murdar əllərimlə kəsmişəm, təsəvvür edirsən?” deyə çiynimdə ağlayan hərbi tibb bacısı, gülümsəyən əsgərlər…
Bir də, illər sonra, bir eyvanı dənizə, bir eyvanı dağlara baxan mənzildə ilk dəfə ana olaraq süfrə açmağım, çörək bişirməyim, həyətdə tonqal ətrafında bayramlaşan bina sakinlərinə təbəssüm etməyim. … Çox xatirə var, bir birindən dəyərli və gözəl…
Tahirə İSAQIZI
Atam öləndə mənim 4, böyük bacımın 7 yaşı vardı. Bacım çox qəşəng idi. 10- cu sinfi qurtarmış, qurtarmamış elçilər qapıda idi. Bacım oxumaq istəyirdi. Əmimə elçi düşənlər, dayıma elçi düşənlər də bir yandan… Evimizdə
narazılıqlar baş verirdi. Yenə əmim tanıdığımız adama vermək istəyirdi, dayımın vermək istədiyini isə bacım heç tanımırdı.
Əlqərəz, bayram çərşənbəsi özünü çatırmışdı. Yazıq bacım bibimin qapısını pusmaq üçün getdi. Gedəndə fikrində məktəbə qəbul olunacağını tutmuşdu, qayıdanda ağlaya- ağlaya gəldi. Anam soruşdu ki, niyə ağlayırsan? Dedi: – İçəridən dedilər ki, Allah xoşbəxt eləsin. Yazıq anam çox çalışdı ki, təskinlik versin, olmadı.
İyun ayında bacımı dayımın dostunun qardaşına gəlin köçürdülər.
Bacım deyirdi: “- Mən bilirəm, qapı pusanda eşitdiyim yerini gec- tez tutacaq. “Nə isə bacım ərə getdi, amma keçirdiyi o stres ömrü boyu onu əsəbi etdi və o stresdən də vaxtsız dünyasını dəyişdi. Həmişə deyirdi:- Mən dayım məni doğrasa idi qorxum yox idi. Bibimgildə eşitdiyim “Xoşbəxt olsun” sözlərini ömür payım kimi qəbul etdim.
Kənan HACI
Mən Bakı kəndində böyümüşəm. Kənd yerlərində bu bayram daha gözəl qeyd olunur. Bütün adət-ənənələrə riayət olunur. Papaqatma, qapı pusmaq, yumurta döyüşdürmək, tonqal qalamaq və sair bu kimi gözəl ənənələr insanların
yeknəsək həyatına rəng qatır. Ona görə mən uşaq olanda həmişə səbirsizliklə Novruzun gəlişini gözləyirdim. Bir dəfə tonqaldan atılanda az qala yanacaqdım. Çox balacaydım, 6-7 yaşım vardı, tonqalın üstündən hoppananda ayağım büdrədi və mən düz tonqalın üstünə düşdüm. Yadımdadır, anamın qorxudan ürəyi getmişdi. Məni əmim çəkib ordan çıxardı. Artıq şalvarım alışmağa başlamışdı, tez şalvarı ayağımdan çıxardılar, sol ayağımda hələ də yanıq izləri qalır. Amma mən indi bunu uşaqlığın xoş xatirəsi kimi xatırlayıram.
Günel NATİQ
Novruz bayramı deyəndə uşaqlıq xatirələri yada düşür. Nənəmin evində bişərdi şəkərburalar. Bütün qohumlar bir yerə cəm olardı, hamı deyib-gülərdi, dərd-kədər, qüssə yaddan çıxardı… Şirniyyat bişirmə mərasimləri xüsusilə yadımda qalıb. Gecəyə qədər hamı oyaq olardı, biz balacalar da öz şəkərburalarımızı hazırlayar, onları xəlvəti sobaya, o biri şəkərburaların böyrünə qoyub bişməsini gözləyərdik. İlk dəfə kiçik xəmirlər yaymağı öyrəndiyim gün yadımdadır. Məni həvəsləndirmək üçün deyirdilər- Günel elə sürətlə yayır ki, çatdıra bilmirik! Mən də bu sözlə qürur duyardım. İndi də xalalarım yenə bir yerə cəm olur, şirniyyat bişirirlər. Amma o vaxtın həyəcanı bir başqaydı. Gülməli məqamlar da təbii ki, öz yerində. Bir dəfə uşaq vaxtı qonşu qızıyla torba atmağa hazırlaşırdıq, amma münasib torba tapmırdıq. Qonşu qızı dedi ki, böyük bacımın gözəl bir torbası var, onu götürək. Nə isə, xəlvəti qızın bacısının yeşiyindən torbanı götürüb qonşuya, qapıya torba atmağa yollandıq. Torbanı qapıya qoyduq, özümüz də gizləndik. Qonşu kişi qapını açdı, (səsindən anladıq) və dedi: Bu nə gözəl torbadır! Elə belə bir torbaya ehtiyacımız vardı! Gəl keç içəri, ay gözəl torba! Bunu deyib qapını bağladı. Xeyli gözlədik, nə qapı açıldı, nə də torbamızı qaytardılar. Suyumuz süzülə-süzülə qayıtdıq gəldik. Bütün yol boyu qız özünü danlayırdı ki, bacısına nə cavab verəcək!
Amma bayram sehri içində hər şey öz-özünə həll oldu! Neçə illər qabaq Novruzdan bir xeyli keçmişdi, qapımıza papaq atdılar. Novruz şirniyyatları da qurtarmışdı. Anam dedi, onda stolun üstündə bir boyanmış yumurta qalıb, onu qoyaq papağa. Həmin o bir neçə gündən qalma yumurtanı qoyduq papağa, özümüz də pəncərədən baxdıq ki, görək blokdan kim çıxır. Bir də baxdıq ki, qonşulqda yaşayan rus oğlan Saşa əlində yumurta yeyə-yeyə blokdan çıxır. Demə papağı atan Saşa imiş!
Aləmzar ƏLİZADƏ
Mənim üçün Novruzlardan ən əzizləri 1969 cu ildə “ Göyərçin “ jurnalında ilk şeirlərimin dərc olunduğu gündür. Gəncənin qəzet köşklərinin birində bir “ Göyərçin “ jurnalı gördüm. Yanımdakı qızlara dedim ki , “o jurnal məni özünə yaman çəkir, istəyirəm alım.”Dedilər “al də.” Sıxıla sıxıla söylədim , pulum yoxdu. 4 ,5 nəfər dostlarımın hamısı ovuclarında pulu , 10 qəpiklikləri mənə birdən uzatdılar . 10 qəpiyin birini verib jurnalı aldım. İçini ordaca vərəqlədim, “Gülər” adlı bir şeiri görəndə ürəyim əsdi. Dedim “ay qızlar elə bildim mənim “GÜLƏR” şeirim çıxıb.” Onlar da hirsləndilər ki , “bəs sənin şeirin çıxmayıb? Bizdən pulu alıb jurnala verirsən elə bilirik şeirin çıxıb, pulu qaytar.”
Həmin gün məhz Novruz bayramı günü idi. Elə peşiman oldum , az qala ağlayacaqdım ki, mən jurnalı necə qaytarım? Qızlara söylədim : “- Eh , hardadı məndə o bəxt ki, bu jurnalda şeirim çıxsın.” Onda orta məktəb şagirdi idim. Şeirlərimi göndərirdim , cavab gəlirdi , bədii cəhətdən zəifdir. Sonra mən jurnalın o biri səhifələrini də vərəqlədim , birdən doğrudan da öz adımı gördüm , şeirimi gördüm. Az qala ordaca sevindiyimdən öləm. Qızlardan biri dedi , ELMANda sənin şeirindi? Baxdım ki, həmin jurnalda mənim 4 şeirim çıxıb. Pulunu geri istəyən qız məndən də bərk sevinirdi, deyirdi , “Qoy jurnal səndə qalsın, daha pulumu istəmirəm”. Bu bizim Novruz hədiyyəmiz oldu.
İllər keçsə də, həmin NOVRUZ yəni 1969 cu ilin Novruzu yadımda çıxmaz.
1973- cü ilin Novruzu da eyni ilə yaddaşımda qaldı. Həmin NOVRUZda da ilk kitabım “SARI EYNƏK” kitab mağazasında mənə təsadüfən rast gəlib və bu iki hadisə heç unudulmadı.
Rəsmiyyə Sabir
Hər Novruz bayramında rəhmətlik Anam bizə təzə paltar alardı.Bayramda bizi ən çox sevindirən şeylər şəkərbura,
paxlava və s. ilə yanaşı, bu təzə paltarlar olardı. 1982-ci ildə ikinci sinifdə oxuyarkən Anam mənə Novruzdan bir qədər əvvəl təzə kostyum almışdı. Mənsə onu geyinməyib Novruzu gözləmişdim. Ən gözəl bayramlarımız sən demə Ata-Analarımızla birgə keçirtdiyimiz bayramlar imiş. Ancaq ne etmək olar?… Həyat davam edir. Millətimizin Novruz bayramı kutlu olsun!
Qalib ŞƏFAHƏT
Hərbi həkim kimi qulluq etdiyim hərbi hissədə Novruzu xatırlayıram nədənsə:
Cəbhə boyu hərbi hissə. Önündə cənubi Azərbaycan. Sakit axan Arazdan o yan.
Sağındıa–işğal olunmuş yerlər arada avtomat səsi, birdə çaqqal ulaşması.
Solunda Fizulinin kəndlərdən gələn işıq seli, birdə tonqal alovu, aram-aram it hürmələri.
İlaxır çərşənbə
Önündə kədər, sağında qussə , solunda alov, içində işıq və qaranlıq.
Evə gəlirsən… Bayram plovunun ətiri səni uşaqlığına aparır. Qayğısız və sakit uşaqlığına…
Əli Şirin ŞÜKÜRLÜ
Novruz xatirələrinə baş vuranda çox məzəli bir hadisə yadıma düşdü:
İki məhəllə uşağının yumurta döyüşdürərkən mübahisəsi düşdü
və mübahisə əsl müharibəyə çevrildi.
Yumurta döyüşdürməni “yumurta döyüşü” əvəz elədi.
Xeyli davam edən yumurta atəşindən sonrakı mənzərəni yəqin təsəvvür edirsiniz.
Fərqanə MEHDİYEVA
Novruz bayramı haqqında çoxlu xatirəm var…
Hər Novruz gələndə uşaqlıq illərimə qayıdıram… Atam rəhmətlik mənə təzə paltar alardı və bu geyimlərin seçimində qırmızı rəng daha çox üstünlük təskil edirdi.Qapımıza papaq atırdılar… Qonsumuzda Səxavət adlı oglan vardı,əlində maqnitafonla bizə gələrdi və rəqs havası qoyub o ki var oynayardı və sakitcə çıxıb gedərdı. Anam rəhmətlik nəinki evdə hətta itin damında, toyugun hinində, malın , təndirin külbəsində şam yandırardı. Bayramın səhəri Anam yuxudan ayılan kimi üzümüzdən öpərdı… “Ay Gülnisə” qışqırıb qonşunu haraylayar, “Bayramın mübarək”deyərdi.
Bütün kənd bayram əhval ruhiyəsındə olardı.
Beləcə .. 1987 –ci ildən Gədəbəy torpagında, Bakıda qarsılamısam bayramları.
Eyni Salyanda oldugum kimi Novruz ənənələri elə qarşılaşmışam.
Amma son illər bayramlarda bir az kövrəlirəm. Gözüm mənə təzə paltar alan atamı, səhər tezdən üzümdən öpən anamı axtarır…
Çatılamın tonqallara baxanda fikirləsirəm ki, Qarabağda bu tonqallar çatılmır…
İnşəallah…O günləri də görərik. Amin Amim Amin!!!
Səhər MUSAQIZI
Uşaqlıqdan bayrambaz olmuşam… Günlərimi də bayramlara görə ayarlayardım.Əlimdə olsaydı, elə indi de elə edərəm… Hərdən özümü sevindirmək üçün edirəm də…
Bayram günləri uşaqların gözlərinə baxıram,o sevinci görməyəndə təəssüflənirəm,düşünürem ki,ya uşaqlar dəyişib,ya da ki zaman… Ele o vaxtdan Novruz bayramı en sevdiyim bayramlardandır,ətri bir başqadir.
Hele bayrama bir həftə qalmış,anam bişintiləri bişirəndə,mən də bayram günü geyinəcəyim paltarımı ütüləyib carpayımın başından asırdım. İsmayıllıda yaşadığımız vaxtlar idi.. Bir həyətdə iki mərtəbəli binada dörd aile yaşayırdıq.İsmayıllının məhkəməsi Hüseyn Hüseynov da (biz ona Dayi deyirdik) həmin həyətdə yaşayırdı.Onun evini bizim həyətdən bir taxta darvaza ayırırdı. Məni çox istəyirdi. Mən uşaqlarla oynayanda həmişə ayaq saxlayib baxırdi,” Ataman” deyib,gülüb keçirdi. Dədəni görəndə deyirdi ki, “-Musa Seherden yaxşı məhkəmə olacaq.” Dədə də gülürdü. Bayram günü idi,uşaqlarla həyətdə oynayırdıq,kimi tonqaldan tullanirdi,kimi papaq atırdı. Amma Hüseyn dayıgilin qapısına papaq atmağa heç bir uşaq cürət etmirdi. Mən də o günə qədər hələ heç kimin qapısına papaq atmamişdim,evden bir papaq götürüb,bacıma dedim ki,”-Gel Dayıgilin qapılarına ataq.” Qapını döyüb,papağı qoyub qaçdıq. İçəriden kimsə papağı götürəndə, Dayının səsi gəldi.. (çox gur səsi var idi,o evinde telefonla danişanda biz öz evimizde eşidirdik..) “-Atamanın papağını yaxşı doldurun. “
Məni bilmişdi. Bayram günü heç kimin papağı o qeder dolmamışdı məncə. Götürüb arxa tərəfdən qacdıq. Bacım hasarı elə tez keçdi ki,amma men onun kimi cəld deyildim. Hasarı qalxdım,dolu papaq da əlimdə, Bacım çox dedi ki,əlimdəkini ona verib,sonra tullanım,amma vermədim. Tullananda,qaranlıq olduğundan hasarın yanından axan arxı görmədim. Ayaqlarım,bir də içi dolu papağım ağzı üstə düşdü arxa… Bacım bir qapaz vurdu başıma ki,”axı sənə dedim əlindəkini ver mənə.” İkimiz də durub xeyli arxdaki dolu payımıza baxdıq. Çox məyus oldum , bayram payım suya düşdü deye…( Böyük danışmağı sevmirəm,amma elə o ğündən böyük loxmadan da qorxdum.. Arzu edirem ki, bu bayram günu hec kimin nə payı,nə də arzusu suya düşməsin.. Bayramınız mübarək!
Həmid ORMANLI
Novruz deyəndə haqlı olaraq yadıma kənd-kəsək düşür. Novruz şəhərdə bir qab səməni ilə məhdudlaşdırılır. Şəhərdə Novruzun əsas personajları- kosa ilə keçəl deyilmi? Onların ikisi də mənim ruhuma yaddır. Şəhərin “Novıy qodu” Novruzundan daha yapışqanlıdır.
Allah versin kəndi. Ona görə də el arasında qətiləşmiş bir fikir var ki, Novruzunku kənddir. Novruz kənddə-kəsəkdə göz işlədikcə genişliyə açılır. Dağ, dərə, çöl, çəmən yaşıllaşır. Yadıma düşən odur ki, Novruzda evimizlə qarşı duran Osman Sarıvəllinin “Qoca Şindi, Leyləkuçan Ormeşən, unutmaram ömrüm boyu Səni mən…” dediyi Şindi dağına tonqal qalamağa çıxırdıq. Ural təkərinnən, lafet təkərindən üst-üstə yığıb möhtəşəm bir tonqal qalayardıq. Elə bir tonqal ki, onu Təbrizdən də, Dərbənddən də, Bakıdan da, Tiflisdən də, İrəvannan da görsünlər….Barıt tüfəngi düzəldirdik. Kömbə xamrı yoğrulardı, nəzik bişirilərdi, yelapardı bişirilərdi, fəsəli bişirilərdi…
Onlar olan yerdə şorqoğal, şəkərbura, paxlava o qədər də dəbdə olmazdı. Yaxşı yadımdadır, deməli bir dəfə atam dərsdədir, anam da fırına xamır aparıb çörək bişirməyə. Qalxdım mal damının örtüyünün üstünə, gördüm mal damı ot presləri ilə doludur. Ota qənaət üçün qara qışa ehtiyat kimi saxlanılmış preslər. Dedim “daha Novruz gəldi bunları lazım olmaz.” Uşaq da olsam ağlım kəsirdi ki, mal-qaranı Novruza çıxardan kəndçiyə zaval yox idi. Nə başınızı ağrıdım. Presləri yığıb, üstünə də dırmıxlanmış bağın-bağatın ot-alafınnan, cırınnan yığıb bir tonqal qaladım gəl görəsən.
Həmən o Novruz tonqalının iyisi indi də burnumdan getmir. Atam məktəbdən gəlib məni presi yandırmağın üstündə möhkəmcə döymüşdü. Sonralar o da “səhvini” başa düşmüşdü, mən də. Bax belə bu da mənim uca silsilə dağlar, şiş qayalar, zümrüd meşələr qoynunda yerləşən nağıl kəndim Ormeşən kəndindən yadımda qalan Novruz xatirəm. Bayramınız mübarək olsun.
Vəfa MÜRSƏLQIZI
Novruz bayramından yadımda qalan ən maraqlı hadisə falla bağlıdır.
Xalam qızı ilə fal açırdıq. İki qənddan götürüb hər birinə bir adın baş hərfini verdik.
Sonra əlimizdəki şirniyyatı bilmədən bu qablardan birinə qoyduq.
Mən əlimdəki konfeti “R” hərfi qoyulmuş qaba saldım.
Güya belə olanda gələcək həyat yoldaşının adı bu hərflə başlayacaqmış.
Həqiqətən də, illər sonra mən ailə quranda həyat yoldaşımın adının baş hərfi “R” idi.
Bir dəfə də kənddəki evimizin qapısından böyük qızlar başmaq atırdılar. Deyilənə görə başmağın üzü çölə tərəf düşsə, o qız həmin il ərə gedir. Mən də maraq üçün başmaq atmışdım,amma başmaq gedib qonşu qadının başına dəymişdi.
Ayaz ARABAÇI
Kəndimizdə Novruz bayramına xüsusi hazırlıqlar olardı, mənimçün ən unudulmaz olanlarından biri qonşu qadınların bizə yığılıb əriştə kəsməsi olurdu.
Evin, dəhlizin hər yerindən ip çəkib əriştə asardılar ki, qurusun. Dərsdən gəlib sanki sehrli aləmə düşərdik. Əriştədən özümüzə saqqal düzəldər arvadları hirsləndirərdik, həm də adi vaxtda az-az tapılan konfetlə, noğulla, qoz-fındıqla ciblərimiz dolu olardı. Bəzən səhərdən axşama bütün yumurtaları fallıqdan əkişdirib döyüşdürər, uduzub kor peşiman evə dönərdik. Bayram axşamı tonqallar qalayar, səhərəcən yatmaq bilməzdik. Özümüzü kişiləşmiş, ərgənləşmiş hiss edərdik, səs küyümüz bütün kəndi başına götürərdi. Qonşulara pay aparar, onlara papaq atardıq, baş başa verib kəndin gözəl qızları barədə xısınlaşardıq, çox nağılvari günlər idi, indi də yadıma düşəndə uşaqlaşıram.
Eldar SƏFA
Mənim uşaqlığım kənddə keçib.O kənddə ki,sözü-söhbəti, məzəli zarafatları duzlu.
Novruz bayramı axşamında lap balaca idim.Bibimoğlu Balamirzə və onun tay-tuşları neçə gün əvvəldən üskü,məşəl hazırlayıb,neftə qoyurdular və Novruz axşamı yandırırdılar.Həmin məşəlləri sombat kimi fırlayıb göyə atırdılar,sevindiyimizdən atılıb-düşürdük.Uşaqlardan birinin məşəli göydə fırlanıb gəlib düşdü rəhmətlik Mirzalı kişinin dəvə tövləsinin,bir başqa üskü də ot tayasının üstünə düşdü Uşaqlar bilmədi ki,nə eləsinlər,biz balacalar sevindiyimizdən qışqırırdıq ki,indi taya yanacaq biz qızınacağıq.
Bir də gördük ki,bizdən böyük uşaqlar-məşəl atanlar Mirzalı kişinin qorxusundan qaçıb doluşdular qağamgilin həyətinə.Səs-küyə Dədəmgil gəldilər,kişilərdən biri tez dəvə tövləsini üstünə nərdivan qoyub məşəli götürdü,digəri isə tayanın üstünə düşəni rədd elədi,salamatlıq oldu.
Sonrakı illərdə Novruzda dizdən qar yağdığı,Gülbalanın bir papaq yumurta udması indiki kimi yadımdadır.Vəbir də Novruz axşamı mənim ayağımdan kravatın ayağına bağladılar ki,sürfəni dağıtmayım,çox dəcəl idim,o zaman iki yaşım olardı.Bir də “Novruz dərdi”deyilən bir ifadə vardı,əmim həmişə deyərdi ki,filənkəsin dərdi Novruz dərdidir…
mən bu “Novruz dərdi”nin nə olduğunu sevgi yaşlarımda anladım. Novruzla bağlı bir ömürlük xatirələrim var,bilmədim hansını yazım.
Şahnaz KAMAL
Mən kənddə böyümüşəm. Kənddə Novruz bayramı keçirməyin bir ayrı ləzzəti var. Gənclər və uşaqların həsrətlə bütün ili gözlədiyi bayramdır Novruz.
Yadımdadır, hardasa on iki-on üç yaşım olardı. Gənc qızlar məni göndərdilər ki, gedib çaydan bir mis kasa su gətirim, ancaq suyu evə gətirənə qədər danışmayım. Onlar axırıncı çərşənbə və bayram axşamında bir evə toplaşıb fala baxırdılar. Həmin qabdakı suya başına pambıq keçirilmiş iki iynə salıb nəfəslərini içlərinə çəkib gözləyərdilər. Bu iynələrdən biri qız, biri də onun gözaltısı, sevdiyi, sevəni gənc oğlan idi. İynələr birləşərsə bu gənclər də birləşərdilər. Amma gərək qabdakı su “lal su” olaydı. Yəni, çaydan suyu evə gətirənə qədər su gətirən adam danışmamalıydı. Bu mənim üçün çox ciddi sınaq idi. O qədər vaxtı susmaq, atmacaları cavabsız buraxmaq asan məsələ deyildi. Ancaq qızlar suyu lazımı qaydada gətirə bilsəm fala baxanda onların yanında durmağıma icazə verəcəklərini demişdilər. Hələ üstəlik mənə də duzlu kökə bişirdib, nişan üzüyü ilə falıma baxacaqlar. Bu qədər vədə görə 10-15 dəqiqə susmağa dəyərdi.
Duzlu kökə də bayram sınaqlarından biri idi. Qızlar çoxlu duz tökülmüş kökəni yeyib su içmədən yatmalı idilər( gözlərinə yuxu getsə). Gecə yuxuda “gələcək ər”i onlara su verəcəkmiş.
Üzüklə fala baxma da maraqlı idi. Falına baxılan qızın saçından bir tük ayrılıb nişan üzüyünü o tükə keçirib kasadakı “lal su”yun üstündə tutardılar. Üzük yellənib kasanın o divarına-bu divarına dəydikcə sayardılar. Neçə dəfə dəysə qız o yaşda da ailə quracaqmış.
Mən onda səbrimi basıb çaydan “lal su” gətirdim, qızlar da sözlərini tutub mənə duzlu kökə verdilər və üzüklə falıma baxdılar.İndi yadımda deyil üzük falında neçə yaş çıxmışdı. Ancaq duzlu kökənin verdiyi əzab yadımdadır. Yuxumda da su gördüm,ancaq özüm götürüb içdim, susuzluqdan yanırdım.
Vüsal NURU
Bayaqdan keçmişə qayıdıb, Ağdamda “uşaqlıq zaman”da gəzişirəm.
Bayramla bağlı xoş xatirələri axtarıram. Hara baxıramsa, qarşıma uçub dağılmış evlər çıxır.
Bayram tonqalı əvəzinə alovu ərşə çatan evləri görürəm, küçələrdən ağlaşma səsləri gəlir.
Mərmilər partlayır, fişənglər yerinə.
Bayram günü hamı evində oturmaqdan, küçə-küçə, kənd kənd qaçırlar.
Mən də anamın qorxusuna, atamın təlaşına bürünüb qaçmışam.
Hər yerə qaçdıq və bizim qaçdığımız yerlərdə bayramın ancaq adı var idi, bir də təqvimdə yeri qızarırdı. Heç vaxt qonşu qapısına gedib torba atmamışam. Biz qonşular üçün “qaçqın” idik. Mənim uşaqlığım olmayıb.
Ona görə də bayramla bağlı xoş xatirə yadımda qalmayıb. Bayramın ləzzətini bu son vaxtlarda dadmağa çalışıram, indi də yaş imkan vermir.
- Ziba XƏLİL İŞIQİllər öncə tələbəlyiimdə, Lenkəranda ilaxır çərşənbədə, sübh tezdən qızlarla çay üstünə getmişdik. Möhtəşəm bir mənzərə idi, sanki bütün Lənkəran Sütemurdovda, Lenkeran çayının üstündə idi. Minlərlə insan, qoca, cavan, qız-gəlin.
Çaya səməni salan kim, dırnaq, saç kəsib atan kim, təzə gəlini qırmızı duvaqda su üstünə gətirən kim… Hamı xoş bir ovqatda, hamı bir yerdə. Tanıdı, tanımadı hamı bir-birini təbrik edir, xoş sözlər deyir. Belə ehtişam, səmimilik, qutlama sonra heç yerdə rastlamadım. Hələ də o qələbəlik, o gözəl ənənə, o təmiz sübhun şəfəqləri gözlərimin önündədi…
- Aybəniz ƏLİYARMənim yaddaşımda Novruz bayramı həm acı və həm də şirin xatirələrlə yadda qalıb, biz evdə yeddi uşaq
olmuşuq, çox gözəl bir bayram süfrəmiz olardı, məhəllədə ən böyük tonqalı mənim qardaşlarım qurardı, atam qoşalülə tüfəngini doldurub sıra ilə bizə verib havaya atəş açdırardı…Anam həmişə gözə dəyməzdi bayram günləri, işin çoxluğundan olardı bəlkə də. Acı xatirəsi də bu idi ki, hər çərşənbə axşamı hava qaralınca tonqallar alışanda bir nəfərin gələcəyini və məhləmizdən keçəcəyini gözləyərdim. Və o gələrdi, amma bizdən bir neçə ev yuxarı qalan bir qız üçün… Bu qədər idi bayramım mənim, Bayramınız mübarək! - Bahadur QOBUSTAN90-cı illərə boylananda iqtisadi böhranın iki mərtəbli evimizi yoxsul daxmasına döndərdiyi, tez-tez radiolarda səslənən şəhid xəbərləri, anamın o xəbərlərə qulaq asıb göz yaşı tökməsi, altı deşik “iran qaloşum”, valideyinlərimin iş yeri olan kolxozun dağılması, bir də bu qədər problemlər içində Novruzu təmtəraqla qeyd etməyimizi xatırlayıram. Elə bir il olmazdı ki, Novruz bayramında bizim süfrədə bütün meyvələrdən və bayramın simvolu olan aş olmasın. Bir il necə oldusa, atam heç cür bayram tədarükü görə bilmədi. Kişi pul tapmadı ki, gedib bazarlıq eləsin. Axşama yaxın 3 qardaş, bir bacı boynumuzu büküb valideyinlimizə suçlayıcı baxışlarla baxmağa başlamışdıq. Elə valideyinlərimiz də peşman olub, tövbə etmək istəyən günahkarlar kimi baxırdılar üzümüzə… Hava tam qaralanda heyvanlar örüşdən qayıtdı. Atam da həmişəki kimi onların qarşısna çıxıb tövləyə apardı. Bir də gördük ki, kişi kök bir keçini boynuna atıb gətirir. Anamdan buçağı alıb ” Bismillah” “Allahu əkbər” deyib keçinin başını üzdü. Böyük qardaşlarıma – “həyətdəki quru odunları yığıb, böyük bir tonqal qalayın” dedi. Mən kiçik olsam da odun yığmaqda qardaşlarıma köməklik edirdim. Biz tonqalı qalayana qədər, atam keçini soyub qutardı. 14 kq ətin hamsını doğrayıb ocağın yanına gətirdi. Anam da ocağa yaxın bir yerdə kiçik bir ocaq qalayıb yuxa çörəyi bişirməyə başladı. Atam əti kabab edir, anam da isti yuxaları bişirdikcə dürməncləyib balacadan-böyüyüə paylayırdı. Həmin gecə biz Novruz bayramını şəkərburasız, paxlavasız, aşsız və qoz-fındıqsız keçirdik. Amma o günki qədər bayram etməyim — nə ondan sonra, nə ondan əvvəl yadıma düşmür.
O gün biz təkcə Novruzu yox, həm də ata-ana sevgisini bayram edirdik…Şəfa VƏLİ
Novruzla bağlı ən gözəl xatirəm “Sulaşma”deyilən mərasimdir. Bu mərasim o qədər saf, o qədər özəldir ki… Göyçə camaatının bu adətini indi yerinə yetirmirik, amma mən hətta 11-ci sinifdə oxuyanda da sulanmışdım… Kəndin gənc oğlanları səhər obaşdan bulaq başına gedərdilər. Ordan əllərindəki su qablarını doldurardılar. İlk olaraq öz evlərinin qadınlarını, sonra da özlərinə ən yaxın bildikləri qohum-əqrabanın evlərinə gedər, gənc qızları sulayardılar, yəni, su qabındakı suyu onların başından tökərdilər. Bu mərasimin mənası aydınlanma, yenidən təbiətlə birgə canlanma demək idi… Mənim üçün ən maraqlı isə həmişə sinif yoldaşlarım olan oğlanların əllərində su qabı qapıda dayanması olurdu. Elə utanırdım ki… Onda onlara acığım tuturdu, amma, indi onların hər birinə bir qucaq “sağ ol” deyirəm ki, aydınlatmadan kənarda qoymurdular məni… Çünki, çox darıxmışam o soyuq suyun saçlarımdan axması zamanı nənəmin ovcunda konfeti məni sulayanlara vermək üçün gözlədiyini… Bu, bəlkə də, unudulmuş adətlərdən sayılır Tərəkəmə yaşamında… Ancaq, mən sonuncu dəfə 10 il əvvəl, məhz 2005-ci ilin Novruzunda sulanmışam…
İslam ƏZİMOV
Xatirəylə bağlı yadınıza mən də düşdüyüm üçün minnətdaram. Ancaq mənim o qədər təəssüflərim var ki,
inanmıram toparlanıb , bir şirin xatirə danışa bilim .Çünki bu bayram da bizim bayram olmadı.
Hardandı bu qarğış,nə sirrdi, qızım?!
Arzular yarımçıq, kəsirdi, qızım,
Hələ ki, Kəlbəcər əsirdi ,qızım,
Bu bayram da bizim bayram olmadı.
Bəxtiyar HİDAYƏT
Yuxarı Əskiparada əsas üç məhlə var idi- Quladivi, Təpəbaşı və Arxana.
Çərşənbələrdə məhlələr bir- biri ilə yarışardı – kimin tonqalı daha çox yanacaq, alov daha yüksəyə qalxacaq deyə. Buna görə də odundan çox təkərə üstünlük verilirdi. Bizim məhlə Arxana məhləsi idi- məhləmizdə bir kraz şoferi vardı – Qara. Hər çərşənbədə iri-iri təkərlər verərdi uşaqlara. Bzim məhlənin tonqalı daha çox yanardı bu üzdən. Təkərin hisinə görə tonqal üstündən hoppanmazdıq- onsuz da üzümüz- gözümüz qap- qara olardı. Və bir də hər evin öz tonqalı yanardı- tonqal üstündən də elə hərə öz evində atlanardı. Lopaları bir həftə əvvəldən nöyütə qoyardıq. Sonuncu çərşənbədə Arxananın çalı deyilən uca bir təpədə qaladıq təkərləri. Ermənilər yanan güllələrlə son verdilər bu çərşənbəyə. O təpəyə yekə- yekə təkərləri qaldıran uşaqlıq dostum Mahmud sonralar şəhid oldu.
Xuraman HÜSEYNZADƏ
Uşaq idim. Nənəm babama dedi ki, ay kişi qonşunun qızları qapı pusmağa gəlib, sən alla bir-iki xoş söz de. Babam
təsbehini çevirə-çevirə ucadan dedi: “Arvad, bu il bir quraqlıq olajax, bir quraqlıq olajax, bir ot da göyərmiyəjək.”
Başqa…Yekə qız idim. Qonşuya papaq əvəzinə çemodan atmışdım.
Düzü Novruz bayramını sevmirəm. Yeni il yaxşıdı. Elə ailələr var ki, bayramı quru balıqla, xiyar turşusu ilə də yola verə bilir. Amma Novruzda hökmən stolda qoz-fındıq-zad olmalıdı. Kasıb bir ailə vardı, Novruzda qapını bağlayıb işığı söndürürdülər ki, papaq atan olmasın. Nə isə. Kədərlənməyək bu qoz-fındıq günlərində.
Günel Eyvazlı
Novruzda bütün ailələrdə olduğu kimi valideynlərimiz yeni libas, yeni nə isə alaraq bizi – bacımı və məni sevindirirdilər. Bacımla aramızda iki yaş fərqi var. O məndən kiçikdir. Eyni əşyadan iki müxtəlif rəng alınardı, daima. Aramızda söz-söhbətin yaranmaması üçün. Çünki belə hallar bizdə tez-tez baş verirdi. Heç yadımdan çıxmır, atam bacım ilə bayram günü bibimgilə sovqat aparmışdı. Bibim bir cibinə mənim üçün, digər cibinə onun üçün bərabər sayda konfet tökmüşdü. Evə gələnə qədər həm öz, həm də mənim payımı yediyindən özünü pis hiss edirdi. Ürək bulanması və.s. Doyunca gülmüşdüm.
Bayramdan bir neçə gün öncə nənəmgildə bayram biş-düşünə başlayırdıq. Əziz bayramda böyük həvəslə anama yardım edirdim. Səhv etmirəmsə, ilk dəfə 9-cu sinifdə oxuyarkən şəkərburaya naxış vurmaq mənə tapşırılmışdı.
Başqa nə xatirələrimdən danışa bilərəm? Heç vaxt tonqal üzərindən atlanmamışam, papaq atmamışam, qapı pusmamışam. Başmaq atıram. Bir də ərimiş şam qalıqlarını yozmağı çox sevirəm.
Ən sevdiyim iş bayram süfrəsi açmaqdır. Hə, bu məndə gözəl alınır. Şövqlə süfrəni bəzəyirəm. Gələn qonaqlara qulluq etməyi çox sevirəm. Hədiyyə verməyi, yaxın insanlarımı sevindirməyi çox sevirəm.
Tural ADIŞİRİN
En yadda qalan Novruz xatirəsi düşünəndə, tələbəlik illərim yadıma düşdü.
2008-ci ilde 2-ci kursda oxuyurdum.Novruz bayramı ilə bagli tədbir kecirilirdi ..
Akt zalında seirlə hər kəsin qarşısında sevdiyim qıza urəyimi açmışdım.
Ən əziz olan Novruz xatirəsi isə 18 illik kirayə həyatını başa vuraraq,2013 -cu il martın 21-de öz doğma,təzə evimizə köçməyimizdi.
Günay Səma Şirvan –” Yazarların Novruz xatirəsi” nə P.S.
Bu Əziz bayramda uzaqlarda olsaq da, İşığı gələn onlarla qapıya Novruz adətincə, “Papaq” atdıq…
Kimi könlümüzü, ruhumuzu dolu qaytardı, kimi də Xuraman xanım demiş, işığı söndürdü ki,” Evdə yoxuq.”
Bütün hallarda hər kəsə TƏŞƏKKÜRLƏR!!!
Mənim üçün də –Novruz bol süfrəsi ilə yanaşı atalı-analı, babalı-nənəli günlərin şirinliyi ilə əzizdir.
Atam bizə həm İlaxır çərşənbədə, həm də Novruz günü yandırıb göyə atmaq üçün əvvəlcədən “şamal” düzəldər, neftə qoyardı. Bizim “şamal”lar başqa uşaqlarınkından daha çox yanar və dağılmazdı. Çünki bizim atamız hamıdan güclü idi. Cavan olmasına baxmayaraq, atam ağır adam idi. Güldüyünü az hallarda görərdik. İndi düşünürəm ki, yəqin Novruzu ona görə çox sevirdik ki, atam zarafat edir,danışıb-gülürdü.
Tonqalı məhəlləmizin ortasında çatardılar. Bütün qonum-qonşu yemək içməklə gələr,təkər yanıb qurtarınca, ilk bayram sağlıqları burada eşidilərdi.
Babam bütün nəvələrini təbrik edərdi. Nənəm hamıya pay paylardı.
Vətən üçün həmişə darıxıram. Novruzda bu hiss güclənir.Getməyə kəndim olsa da, əlim çatmayan Yurdumuzdan yana burnumun ucu göynəyir: cır alçanın ətri üçün, bənövşə üçün, nərgiz üçün, Novruzda bizə atılan papaqlar üçün, Anam üçün, onun bərəkətli və hisli qazanı üçün, O, ocaq başında plov dəmləyərkən düyünü dimdikləyən çilli xoruzumuz üçün…
Bayramınız Mübarək! Bütün arzularınız çin olsun!
Kultur.az üçün
Voronej.
Yazıya 2197 dəfə baxılıb