“…Təqribən iki günə uzaq Qərbə çata bilərəm. Oralar həm gözəldir, həm də günəşi boldur. Orada məni tanıyan-zad da olmayacaq. Özümə bir iş də tapsam, hər şey yoluna düşəcək. Yanacaqdoldurma məntəqələrinin birində asanca işə düzəlib, onun-bunun maşınına benzin, yağ dolduraram. Nə iş olur olsun, mənim üçün elə bir fərqi yoxdur, təki nə məni tanısınlar, nə də mən onları tanıyım. Özümü lal-karlığa da vura bilərəm. Bununla da hər cür sarsaq, mənasız söz-söhbətdən canım qurtarar. Qazandığım pula da özümə daxma tikdirib, ömrümün axırına kimi o daxmada yaşayaram”.
1951-ci ildə bu sözləri “Çovdarlıqda uçurumdan qoruyan” romanında yazan Selincer 14 il sonra eynilə qəhrəmanı Holden Kolfild kimi Qərbə çatır, Korniş şəhərciyindəki dağlara sığınır, özünü lal-karlığa vurur, nə müsahibə verir, nə şəkil çəkdirir, nə də əsər çap elətdirir.
Yaratdığı qəhrəmanları Allahdan da çox sevən Selincer əslində Holden Kolfild qədər təzadlı, bir o qədər də sadə qəhrəman idi.
Anama…
Cerom Devid Selincer 1919-cu il yanvarın 1-də Nyu Yorkda anadan olub. Litva yəhudisi olan atası Solomon Selincer yağ-pendir istehsalı ilə məşğul idi. Anası katolik Meri Cillik ailə üzvlüyünə qəbul olunmaq üçün adını dəyişib, Məryəm adıyla iudaizmi qəbul eləyib.
Təhsil aldığı nüfuzlu kollec və məktəblərin çoxundan qovulan Selincer axır ki, hərbi məktəbə daxil olur. Burada həm nizam-intizam öyrənir, həm də yazmağa başlayır. Gecələr yorğanın altında fənər işığında fasiləsiz işləyir.
Selincer normal ali təhsil ala bilməyib. 1930-cu illərdə pendir və kolbasa istehsalını öyrənmək üçün getdiyi Polşadan, Avstriyadan da əliboş qayıdıb. Atası fərasətsiz oğlunun yazmaq, böyük yazıçı olmaq arzusunu səfehlik sayırmış. O, övladının öz davamçısı olmasını istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranarmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.
40-cı illərdə Cerom Uil Bernetin qısa hekayə kurslarına yazılır. Amerikanın ən tanınmış yazıçılarının ilk dəfə dərc olunduğu “Stori maqazin” jurnalının redaktoru olan Bernet Selincerə əməlli-başlı atalıq eləyir. O, Bernetin xeyir-duası ilə ilk hekayəsini qələmə alır. Redaktor “Yeniyetmələr” hekayəsinə görə Ceroma 25 dollar qonorar da ödəyir.
Ancaq Selincerin ən böyük arzusu “Nyu Yorker”in səhifələrində görünmək idi. Dəfələrlə rədd cavabı alsa da, o, təslim olmurdu. Nəhayət, 1941-ci ilin sonunda arzusuna çatdı. Amma Holden Kolfild haqda yazdığı “Medison Avenyudakı yüngül etiraz” hekayəsi müharibə başlanandan sonra arxivə atıldı.
Çaplinə məğlubiyyət
1941-ci ildə 22 yaşlı Cerom füsunkar Uno O’Nilə aşiq olur. 16 yaşlı Uno Nobel mükafatı qazanan yeganə amerikalı dramaturq Yucin O’Nilin qızı idi. 17 yaşından aktrisalıq eləməyə başlayan Uno isə həmişə özündən yaşca böyük kişilərlə eşq macərası yaşayırdı, onu adətən intellektual qocalar cəlb edirdi…
1941-ci ilin sonunda Cerom cəbhəyə getmək üçün siyahıya yazılır. Tibbi komissiya onu orduya yararsız sayıb sağlamlıq kağızı verməsə də, inadkar Selincer fikrindən dönmür, 1942-ci ilin yazında nəhayət arzusuna çatıb, müharibəyə yollanır. Bundan sonra cəbhədən Unoya yazdığı məktublar onun yeganə əyləncəsinə çevrilir. Ancaq xanım O’Nil Kaliforniyaya köçəndən sonra Selincerin məktublarına cavab gəlmir.
Həmin illərdə Çarli Çaplin yeni filmi üçün aktrisa axtarışına çıxır. Ziyafətlərin birində soba qarşısında oturan Uno onun diqqətini çəkir. 1943-cü ildə Uno O’Nil özündən 36 yaş böyük Çarli Çaplinlə ailə qurur. Bu xəbər Selincerə ağır zərbə vurur. Avropanı fəth etməyə hazırlaşan gənc sevdiyi qızdan məktublarına cavab gözlədiyi bir vaxtda qəzetlərdən onun Çaplinə ərə getdiyini öyrənir. Və ömrü boyu bu nakam sevginin kabusu altında əzilir.
Güllə altında altı fəsil
Vətəndaş müharibəsi Amerikaya Mark Tvenlə Uolt Uitmeni verdiyi kimi İkinci Dünya müharibəsi də Selinceri qazandırdı. O, cəbhədə ağır döyüşlərlə, insan itkiləriylə üzləşməsəydi, çətin belə istedadlı yazıçı ola bilərdi.
Müharibə illərində əks-kəşfiyyatçı olan yazıçı xidməti vəzifəsini yerinə yetirəndə bəzən maşını yolda saxladıb nəsə yazır, qeydlər aparırdı. “Çovdarlıqda uçurumdan qoruyan” romanının ilk altı fəsli beləcə yollarda, güllə səsi altında yazılıb.
Müttəfiq qoşunlar Parisə girəndə Selincer çoxdan pərəstiş etdiyi Heminqueylə görüşür. Hekayələrinin əlyazmalarını Heminqueyə oxudan yazıçı onun rəğbətini qazanır.
Yəhudi ilə nasistin sevgisi
Selincerin əvvəldən mürəkkəb olan xasiyyət və davranışları 40-cı illərdə daha da qəlizləşir. Müharibə illərində əsirlərlə işləyən, bir neçə konslagerin boşaldılmasında iştirak edən yazıçı ağır psixoloji zədə alıb, aylarla hərbi hospitalda müalicə olunur.
Hitler hakimiyyətinə nifrət bəsləyən Selincer bir dəfə nasist partiyasının üzvü olan gənc qızı həbs edir. Tezcə də ona aşiq olur. 1945-1946-cı illərdə Amerika əsgərlərinə alman qızlarıyla ailə qurmaq qadağan olunduğundan Selincer hərbi tribunal qarşısına çıxarıla bilərdi.
Ancaq yazıçı Silviya adlı həmin alman qızını özüylə Amerikaya gətirir. Gənc ailə bir müddət Solomon atanın evində yaşayır. Bu qəribə evlilik cəmi bir ay çəkir. “Atam nasistlərə nifrət etdiyi qədər Silviya da yəhudilərə nifrət edirdi”, – Selincerin qızı memuarlarında belə yazır.
Bu, Selincerin son uğursuz sevgi macərası deyildi. İkinci həyat yoldaşı Kler Duqlasla yazıçı 1950-ci ildə tanış olur. Onda Selincerin 31, Klerin isə 16 yaşı vardı. Kler orta məktəbi bitirməmiş Ceromla ailə qurur. Bu ərəfədə yaradıcılığının çiçəklənmə dövrünü yaşayan Selincer saatlarla bunkerdən çıxmır, Klerin hamilə olduğunu eşidəndəsə əməlli-başlı qəzəblənir. Bu cür həyata dözə bilməyən Kler iki uşağıyla birlikdə evi tərk edir.
Özü və “qardaşı”
Müharibədən qayıdandan sonra Selincer cəmiyyətlə savaşa çıxan yeniyetmə oğlandan yazmağa başlayır. Atasının qəzəbindən anasının mərhəmətinə sığınan Holden elə yazıçının özü idi. Ona görə də roman 10 ilə yox, 32 ilə yazılmış sayılmalıdır, çünki Selincer dünyanı anladığı gündən o roman barədə düşünüb…
Holden uçurumdan düşməkdə olan minlərlə uşağı görür, o uşaqları qurtarmağa çalışır. Uçurumun adı isə “böyümək”dir.
Böyük tirajla çap olunan əsərin ikinci kütləvi nəşri zamanı Selincer kitabın üz qabığında şəklinin görünməsini istəmir, təqdimat keçirmir, imza günlərinə qatılmır. Düşünür ki, oxucu yazıçını görüb tanımasa da olar, onun işi əsəri oxuyub zövq almaqdır.
Pis oxuduğu üçün məktəbdən qovulan Holden haqda roman yazıçının avtobioqrafiyasıdır. Selincer kimi qılıncoynatma komandasının kapitanı olan Holden atasına münasibətdə eynilə yazıçının özü kimi dözümsüzdür.
Holden Kolfildin böyük qardaşı D.B. haqda yazdıqlarının Selincerə aidiyyəti yoxdur. D.B. yazıçıdır, qısa hekayələr yazır, Hollivuda köçənə qədər Kolumbiya universitetində təhsil alır. D.B.-nin İkinci Dünya müharibəsində iştirakı, hərbi şücaətləri barədə romanda geniş yazılıb. Bəlkə də bu yolla Selincer oxucuları çaşdırmağa, şübhələri Kolfilddən yayındırmağa çalışıb.
Şərq fəlsəfəsinin pərəstişkarı olan yazıçı üçün buddist “dalğınlığı” məişət qayğılarından qat-qat üstündür. Buna görə də tənhalığa, inzivaya çəkilmək fikri bütün roman boyu Holdeni tərk etmir. Yanacaqdoldurma məntəqəsində işləmək üçün Qərbə yollanan Kolfild kimi Selincer də insanlardan uzaqlaşıb, meşədə çoxdan arzuladığı daxmasına sığınır.
Bundan sonra yazıçı onun ardınca minlərlə kilometr yol yoran oxucularla da görüşməkdən yayınır…
Selinceri oxuyan qatillər
Selincer Holden Kolfildi öz depressiyası ilə yükləmişdi. Bu, bir növ qara magiya idi. Hisslər keçicidir, əsər isə qalır və bir gün kimsə bu depressiyaya yoluxur. Kitabda “öldürmək” sözü tez-tez işlədilir, dəli sözünə isə düz 30 dəfə rast gəlinir.
“Esquire” jurnalına müsahibəsində özünü “dəli” adlandırmış Con Lennonu 1980-ci il dekabrın 8-də Manhettendəki evinin qarşısında güllələyən Mark Çepman qaçmayıb, əlindəki fənərin işığında “Çovdarlıqda uçurumdan qoruyan”ı oxumağa başlamışdı. Bu romanla yaşadığını deyən Marka məhkəmə ömürlük həbs cəzası verəndə, hətta hökm oxunanda belə Çepman kitabı əlindən yerə qoymamışdı.
Amerikanın 40-cı prezidenti Ronald Reyqanı öldürmək istəyən gənc vunderkind Con Hinkli hələ də psixi xəstəxanada müalicə alır. “Əgər sizə motiv lazımdırsa, motivim “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır”, – polisə ifadəsində Hinkli belə demişdi.
1980-ci illərdə 21 yaşlı aktrisa Rebekka Şefer üç il onu izləyən fanatı Robert Bardonun qurbanı oldu. Aktrisadan müsbət cavab ala bilməyən Bardo Rebekkanı evinin qarşısında güllələmişdi. Qatilin evində axtarış aparılan zaman “Çovdarlıqda uçurumdan qoruyan” romanının bir neçə nüsxəsi tapılmışdı.
Gənc qızların qoca aşiqi
…18 yaşlı Coys Meynard həyatını dəyişən bir yazı yazır. Məqalə “Nyu York Tayms”da çap olunur, gənc qızın fotosu jurnalın üz qabığını bəzəyir. Vur-tut üç gün sonra Coysun yataqxanadakı otağının qapısında məktub əlindən tərpənmək olmurdu. Məktublardan biri onu doğrudan da heyrətləndirir: “Əziz xanım Meynard, əminəm ki, indi məktubla dolu otağınızda oturub nə edəcəyinizi düşünürsünüz. Mən erkən populyarlığın, tanınmağın nə qədər təhlükəli olduğunu yaxşı bilirəm. İnsanlar sizdən istifadə etməyə çalışacaqlar, ehtiyatlı olun… İmza: Cerom Devid Selincer”.
Selincer gənc qıza silsilə məktublar yazır və görüş qaçılmaz olur. Yazıçının Nyu-Hempşirdəki evinə gələndə Coys Selincerin sakit həyatında yeganə qadın olduğunu düşünürdü. İllər sonra öz həyatını quran və üçüncü dəfə uşağa qalan Meynard Nyu-Yorkdakı ziyafətlərin birində Selincerin sevgi məktubları yazdığı başqa bir qızla tanış olur. Yazıçının yeniyetmə xanımlara marağını öyrənən Coys ondan aldığı on dörd məktubu satışa çıxarır, onunla yaşadığı illər haqda “Dünyadakı ev” adlı qalmaqallı kitab qələmə alır.
Həmişə gənc xanımlara aşiq olan Selincerin sonuncu arvadı isə özündən 50 yaş kiçik idi…
Yazıya 805 dəfə baxılıb