Günay Səma Şirvan “ Körpələr evindən məktub “layihəsi haqqında
yazar, publisist
Müasir dövrdə intellektual insanın həyatında sosial şəbəkələri mütərəqqi rolu danılmazdır. Burada cəmiyyətin ön düşüncəli insanlarının yığışdığı, maraq və dünyagörüşünün daim inkişafda olduğu müxtəlif qrupların varlığı isə hörümçək misallı şəbəkələrdən vaxt itirmədən və dəyərli faydalanmaqda mayak rolu oynayır.
Belə qruplardan biri “Azərbaycan dili və ədəbiyyatı müəllimləri birliyi qrupu”dur. Sosial şəbəkədə artıq iki ildir ki,fəaliyyət göstərən qrupun ətrafında Azərbaycanın müxtəlif regionlarinda və xaricdə yaşayan savadlı müəllimlər birləşmişlər.Burada, müxtəlif zamanlarda qrupun yaradıcısı Günay Qənbərovanın “Ən yaxşı hekayə”, Əli Quliyevin “Mənim kitabxanam”, Ülviyyə Əvəz Əliyevanın “Mənim əl işim”, Aytən Qasımovanın təşkil etdiyi “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışmaları keçirilmışdir. “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışlarının sonunda Lənkəran şəhərində yerləşən “Osman Mirzəyev adına qarışıq tipli uşaq evi”ndə sığınacaq tapmış 52 valideyn himayəsindən məhrum uşağa yardım toplanmış və bir qrup müəllim tərəfindən sovqat şəklində ünvanına çatdırılmışdır.
Kultur.az-ın media dəstəyi ilə sizə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
AQİL SƏFA — UŞAQ EVİ
Uşaq evi…
Şiddətin, qorxunun
Acının, mərhəmətin
Ünvanı…
Uşaq evi…
Ağır-ağır günahların
cəhənnəmin qazanıtək
qovurduğu vicdanların
“Ümid” yeri…
Uşaq evi…
Ginekoloq bıçağından,
Mentalitet qınağından,
Abır-həya sınağından
Daha üstün
“Güman” yeri…
Uşaq evi…
Günahkar “məsum”ların
günahından utanıb
xəcalət təri üçün
dəsmal axtaranların
Şərəf, ləyaqət yeri…
Uşaq evi…
Bir “ata” kəlməsinin
Bir “ana” kəlməsinin
Zibil tullantısı tək
Mənasız, vecsiz olan
Leksiomlar lüğəti…
Uşaq evi…
Qəlbindəkiləri baxışlara köçürməyin
Lap erkən yaşlarından
Təlqin olunan
Qladiator məktəbi…
Uşaq evi…
Ləyaqətin,
Şərəfin,
Şəfaətin,
İffətin,
Mənliyin,
Heysiyyətin
Örnəksiz aşılanma ayini…
Uşaq evi…
Layiqsiz layiqlərin
Atasız ataların
Anasız anaların
Doğmasız doğmaların
Doğulduğu bir məkan…
Uşaq evi…
Sözün bitdiyi yer…
Uşaq evi..
Yazıya 1150 dəfə baxılıb