İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb—
Süslənərsən, qaragözlüm.
Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.
Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən—
Bəslənərsən, qaragözlüm.
Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.
09.02.2013.
DARIXANDA
Gözlərində yaş ağlayar,
Zər-ziba, qumaş ağlayar.
Lap ürəyi daş ağlayar,
Gözdən uzaq, darıxanda.
Ümüdü kəsər baltalar
Ürəyində qan laxtalar.
İçini vurar şaxtalar—
Kəsər sazaq darıxanda.
Ayrılıq çox sevdi bizdən.
Yarımadı sevda bizdən.
Gəl, yarımçıq sevdamızdan
Yazaq-pozaq darıxanda.
Başlar könlün darılmağı,
Yenə tutdu darıxmağım.
Öz-özünə darıxmağı—
Nəyə yozaq, darıxanda. 20.02.2013.
EŞQİN İÇİMƏ YA-YXINDI
“Ahın dağlara, dağlara!”
El misalı
Nə yanğılı ah çəkirsən,
“Ahın dağlara, dağlara!”
Uzaqlaşan hay harayın
Yaxun dağlara, dağlara.
Ayrılığın bəla kimi,
Mələdim ac bala kimi.
Qanımı al lalə kimi,
Yaxın dağlara, dağlara.
Mənəm dərdin könlün üzən,
Qanı çıxmır könlün üzə.
Nə vaxt düşsəm könlünüzə
Qalxın dağlara, dağlara.
Dərd ürəyi duyuğundu,
Bu qar sənin soyuğundu.
Eşqin içimə yayxındı,
Qoxun dağlara, dağlara.
12.04.2013.
QEYBDƏN GƏLƏN SƏSLƏRİN
Nazından daşlar titrəyir,
Yolların əda yüküsən.
Qanına durub gözlərin
Qan yükü, qada yüküsən.
Çox da qorxulu deyilsən,
Yarıyuxulu deyilsən.
Sevgi nağılı deyilsən
Ömrümün sevda yüküsən.
Ağlını aşır hissləri
Tanrıya doğma kəslərin.
Qeybdən gələn səslərin
İçində nida yüküsən.
Axıt getsin Kür aşağı
Bu dəlisov kür uşağı.
Ruhun haqnan qovuşağı
Canların fəda yüküsən.
Əcəlin özü bulanın
Başına durub dolanın.
Ümüdi görüş olanın
Görüşsüz vida yüküsən.
13.09.2013.
İÇİMDƏ HƏRLƏNƏN ADAM
İçimdə hərlənən adam
Çölü daşlama, daşlama.
Yoluna sərdim ümidi
Əzib xışlama, xışlama.
Tabımı çəkmə sınağa,
Sınaqlardan üzü ağam.
Gözündən qoyma uzağa
Məni boşlama,boşlama.
Tüstüsü var seyrək ahın
Çuxasını sıyraq ahın.
Könlüm güllü seyənganhın
Dağda qışlama, qışlama.
Oxşarıq qoşa qanada,
Gəl də yetək bir murada.
Tutdurub durma inada
Yenə başlama, başlama. 26.12.2013
Boz ayın bozarmış havasından qaçıb qaldığım yataqxana dəhlizinə doluşmuş sərçələrə
Bu köçkün evinin buz dəhlizində,
Yemmi axtarırsız a boz sərçələr.
Nədən danışırsız öz dilinizdə
Mənə də anladın bir az, sərçələr.
Hər dili bilirsiz qu quşu kimi,
Anladın anlayım dərdimin dilin.
Cik-ciklə ötürsüz su quşu kimi
Çəkdiyim beşdimi, birdimi bilim.
Tez uçun, tez uçun başımın üstən
Ulduzu sayrışmaz gecə kimiyəm.
Evim yuvanızdan deyil ki, isti,
Görmürsüz üşümüş sərçə kimiyəm.
Qaçmayın, bir ovuc dən atacağam
Doğma yuvanızda aparıb yeyin.
Deyəsən bu yaz da yas tutacağam
Getsəniz yuvama salamlar deyin.
28.02.2014.
MƏNİMÇÜN ÖLMƏDİLƏR…
Məndən ötüb getdilər
Məndən ötrü ölənlər.
Kölgədən çıxmadılar
Gündən ötrü ölənlər.
Bir yol gümana gəlməz,
Allah amana gəlməz.
Nədən imana gəlməz
Dindən ötrü ölənlər?
Üzümə vuruldular,
Oduma qovruldular.
Tüstümə kor oldular
Çəndən ötrü ölənlər.
Yerini qorumadı,
Pirini qorumadı.
Birini qorumadı
Mindən ötrü ölənlər.
Könül bir kəlmə dilər.
Bil dedim bilmədilər.
Mənimçün ölmədilər
Səndən ötrü ölənlər.
02.04.2014.
ON İL QAYIT
On il tələsdiyin ağlıma gəlsə
Bir an gecikməzdim səni görməyə.
Belə tələsməklər sənlik deyilsə
Niyə gecikmirdin məni görməyə?!
Tələsib, gecikib hara çatdıq ki,
Bir ömrün yarısı boşuna keçdi.
Bizi sevindirən bir yaz günüydü
O da ümüdlərin qışına keçdi.
Deyirsən gecikdik, nəsə alınmaz
Araya çəkdiyin bu nə səddi ki?!
Bir dəli sevdayla əl-ələ tutub
Qaçıb keçməliydik bu sərhəddi ki!
Gəl daşı, qayanı tök ətəyindən
Sən mənsiz gedəsi deyilsən qayıt.
Bizi ayrı salan yol ayrıcına,
On il mən gələcəm, on il sən qayıt.
26.06.2014.
SƏN OLAN GECƏ
Yenə ulduzlar bikef
Bu gecə ay qəribdi.
Ay buludun üstünə
Göz yaşını səribdir.
Yanaşıb bir birinə
Ulduzlar necə gözəl.
Ayın günün içində
Sən olan gecə gözəl!
Yuxumun gözü döyük
Yatmaq havası çatmır.
Sev məni sevdalanım
Yanmaq havası çatmır.
Gözün günəş haləsi
Üzün ay bənizidir.
Susmağın axşamüstü
Gülüşün dan üzüdür.
Səndən, məndən başlayan
Yol var Allaha qədər.
Başla sevgi nağılı
Yatma sabaha qədər!
14.07.2014
BİLİRƏM NƏDİR DARIXMAQ…
Deyirsən təkəm otaqda
Götür mənə bir şeir yaz.
Bax qulaq asma ağlına
Gör ürəyin nə deyir yaz.
Yaz ki, baxıb pəncərədən
Xəyallarına dalmışam.
Orğun orğun baxışımla
Sən gedən yolda qalmışam.
Sıyrılıb əldən havaya
Göylərə uçan, gələrsən.
O günü getdiyin yolu
Qayıdıb haçan gələrsən?!
Çağır da alım əlimə
Yolu quca-quca gəlim.
Ayağım yerdən üzülsün
Göylə uça-uça gəlim.
Gözlərim səni axtarır
Ay gözü mənsiz yol çəkən.
Bilirəm nədir darıxmaq
Bayaqdan otaqda təkəm.
30.07.2014.
BƏLKƏ ŞEİR YAZIM BARIT QOXULU
Bəlkə sevgi şeiri yazmayım sənə,
Bəlkə danışmayaq hisslərimizdən.
Elə araçımız baxışlar olsun
Anlaşaq eləcə səslərimizlə.
Bəlkə şeir yazım barıt qoxulu
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə şəkilli…
Yazımmı cəbhədə şəhidimiz var
Sabah da mən ollam “Vətən sağ olsun!”
Məni buraxmır ki, sənli duyğular
İçimi sən adlı çəkən sağ olsun!
Yazımmı can verən əsgər yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən neçə dəfə qucaqlamışam
Məni hifz eyliyən kağız şəklini…
…Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir gələcək içində zəfər.
Məktubu göndərən sənin sevdiyin
Məktubun gəldiyi ünvan:-Kəlbəcər.
03.08.2014.
İÇİMDƏ BİR QƏBİR ÖLÜR
Ölümdən qabaq adamda,
Ümid sınır, səbir ölür.
Ağaclar tək tək qırılır,
Adamlar da bir bir ölür.
Sən bildiyin o nə sirrdir
O “sirr” var ha! bir sətirdir.
Məni öldürüb bitirdi
Özü məndə bitir, ölür!
Varmı qohum, yadın olan,
Sən nəsənmiş qadın olan
Başdaşında adın olan
İçimdə bir qəbir ölür.
12.12.2014.
QAR VAR…
Ramiz Qusarçaylıya qış salamı…
Məni üşüdür duam
Duada qar var.
Havası çatmır qışın
Havada qar var.
Seyrək oldu öz sıram
Qəribsəyib susuram.
Dünya çovğun, sırsıra
Yuvada qar var.
Həsrət ömrün sərt yeri
Ümidindən tut yeri.
Sovuruqdu yurd yeri
Obada qar var.
Bizi nəzər, göz kəsib
Deyəmmədim söz kəsib.
Kəlbəcəri buz kəsib
Qubada qar var?!!!
09.01.2015.
İLDÖNÜMLƏR İNTİHARDI
Kəlbəcərin işğalından 22 il ötdü…
Qışdan hələ çıxmayıbdı
Qar içində bu yaz ölür.
Don vurubdu bənövşəni
Kəsib şaxta, ayaz ölür.
Dərd könüldə taraz bitir,
Gözlərdən Kür, Araz bitir.
Addım-addım bir az bitir
Vətən hər il bir az ölür.
İtkiyə yaş ahu-zardı
Hər il gəlir dərdin ardı…
İldönümlər intihardı
Ağlayırıq avaz ölür.
02.04.2015.
Yazıya 1980 dəfə baxılıb