Kamran Karani – Ata

kamran kBu adı mən necə tərif edim ki,
Bir zərrə miqdarı olmasın xəta?
Cümlələr bu ada yetərsiz qalır,
Ən gözəl tərifin özüdür ata.

•

Çəkib əziyyəti bu illər boyu,
Qoymadı övladı yata acından.
Nə qədər çətinlik çəkib gəlsə də,
Evində gülüşü var ən azından.

•

Xəstəlik olsa da onun canında,
Övladım öncədir dedi hər zaman.
Qazandı,xərclədi, çəkinmədi heç,
Bir ata qayğısı yaşatdı hər an.

•

O özü köhnələn paltarlarını
Geyindi, etiraz etmədi amma.
Bəzən dərd içində gələrdi evə,
Özündən başqası bilməzdi amma.

•

Nə deyim,mən necə ifadə edim,
Bu gözəl günlərin vəsiləsini ?
Ata qayğısına bənzədirəm mən,
Bir evə saçılan eşq kölgəsini.

•

Borcunu qaytara bilmərəm onun,
Və onun önündə baş əyirəm mən.
Nə qədər yazsam da yenə az qalar,
Halal pul qazanmış tər əllərindən.

•

Böyüdüm,amma ki bilirəm bunu
Dəyişməz qanunun bir parçasısan.
Mən sənin hələ də kiçik oğlunam,
Sən mənim hələ də əziz atamsan
***

 Bu gecə yuxuna gəlsəm olarmı?

Nə qüvvət,nə əhval,nə dözüm qalıb,
Bu dəfə qoluna girsəm olarmı?
Hələ deyilməmiş çox sözüm qalıb,
Bu gecə yuxuna gəlsəm olarmı?
•
Mən sənin rəsminə baxaraq axşam,
Sevinclə yuxuya dalaraq axşam,
Mən öz bədənimdən çıxaraq axşam,
Bu gecə yuxuna gəlsəm olarmı?
•
Bu gecə yuxunda döyülər qapın,
Kimdi söyləyərsən,çatılar qaşın.
Qapı arxasında deyərəm,qadın,
Bu gecə yuxuna gəlsəm olarmı?
•
Mən səni səmimi sevmişəm axı,
Titrəyən dodaqla gülmüşəm axı,
Nəsə mən bir sual vermişəm axı?
Bu gecə yuxuna gəlsəm olarmı?
•
İsmini həsrətlə gətirdim dilə,
Döyündü ürəkdə qan gilə-gilə,
Əzizim,sevdiyim,mən gülə-gülə,
Bu gecə yuxuna gəlsəm olarmı?
•
Bu gün yuxulara işim var dedim,
Gedirəm,gözləyər məni yar dedim,
Sevdiyim,var sənə suallar dedim,
Bu gecə yuxuna gəlsəm olarmı?
•
Bildim,istəmirsən məni yanında,
Görmək istəmirsən məni yuxunda,
Barı qıyma mənə,sağollaşım da..
Bu gecə yuxuna gəlsəm olarmı?
***

Eşq nədir

Eşq o deyil,hər yalana baş vurasan,
Eşq o deyil,hər yetənə daş atasan.
Eşq odur ki,yalan yoxdur hər izində,
Gücün varsa qal bu eşqin mənzilində.

•

Eşq o deyil,hər gələnə söz atasan,
Eşq o deyil,hər ötənə söz yazasan.
Eşq odur ki,tək birinin yarı ol sən,
Eşq odur ki,qüsurları yox biləsən.

•

Eşq o deyil,mal-dövləti səbəb bilə,
Eşq o deyil,çətinlikdə tərk edilə.
Eşq odur ki,təməlində Rəbb rzası,
O yoxdursa söylə eşqin nə mənası?

***

Elə bil qəbrimi özün qazırsan.

Qəlbimin içində yerin var dedim,
Ağır bir duyğumu təmiz sevilmək?
Böyük bir sehrəmi sahib olmusan?
Məsələn xəyalən gözə görünmək.
• 

Bu qüvvə haradan tapıbdır səni?
Yoxsa bu ruhuma əzab qatırsan?
Arabir yuxuma gəlirsən qonaq,
Elə bil qəbrimi özün qazırsan.

• 

Qəlbimin içində sevirəm deyib,
Eşqimi ürəkdə bağırıram mən.
Yəqin uca dağlar eşitsə məni
Dağılar daşları mənim səsimdən.

• 

Qatmadım eşqimə qara nöqtələr,
Bəyaz bir örtütək toxudum onu.
Bəlkə də geriyə dönərsən deyə;
Hər gün ehtiyatla qorudum onu.

• 

Qorudum,qorxuram zaman gələr ki,
Bu eşq bir nağıltək sarılar mənə.
Qorxuram,özgəyə nişanlanarsan,
Qorxuram,başqası yar olar mənə.

Yazıya 771 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.