Tural ƏLİ –Gündəlik həyat: “Ahh”,”Ehh”=1000 like

67_63555  Günümüzün ən ehtiyaclı vəsaitlərindən biri halına sosial şəbəkələr, əsasən də “Facebook” çevrilməkdədir deməzdim Çünki artıq çevrilib. Hava, su və feysbuk. Gecə yatarkən son iş xəbərdarlıqlara baxmaq, mesaj qutusunu son dəfə yeniləmək, səhər də oyanan kimi ilk iş telefonu yandırıb yeniliklərə baxmaqdır. Səhərdən gecə yatana qədər də şəbəkədə gördüyümüz “işləri” zatən yazmağa dəyməz. Hamımıza məlumdur. Bütün günü feysbukun ana səhifəsini izləməkdən başqa peşəmizmi var? Bacarıqlarımızı sosial şəbəkə ilə məhdudlaşdırmışıq. Burada asırıq, kəsirik, dünyanı təhlil edirik, bayramların keçirilib-keçirilməməsini burda müəyyən edirik, dünyaya feysbuk gözüylə baxırıq. Haqlı-haqısızı burda müəyyən edirik. Burada özümüzü tanıtdırmağa çalışır, nüfuz qazanmaq istəyirik. Sanki feysbukda da bir reytinq kürsüsü var və ona oturan dünyanın ən xoşbəxt insanlarından hesab edilir. Bəs görək ümumi olaraq ictimai sosial rəy nəyə üstünlük verir? Bu yazını yazmamışdan öncə bir daha ümumi paylaşılan statuslara və onlara gələn bəyənmələrin sayına diqqət yetirdim. Bəlkə fikrimdə yanılıram- deyə araşdırdım. Amma həqiqətəndə düşüncəmdə yanılmadığımı bir daha təsdiq etdim. Bir nəfər “ahh”, “off”, “ehh” mahiyyətli statuslar paylaşır, 300-500 “like” toplayır. Hələ şərhlərdə gedən uzun-uzadı yazışmaları demirəm. Dostluğumda olanlardan biri təxminən “Off həyat”  tipli bir paylaşım edib. Şəxsin insanlara nəyi izah etdiyini düşündüm. Nəticə əldə etmədim. Barəsində sui-zənn də (pis fikir) etmək istəmirəm. Onun paylaşımına heç bir iradım yoxdu, hər kəs düşündüyünü, hisslərini, sevgisini, nifrətini sosial şəbəkədə paylaşmağa bir növ adətkərdədi. Məsələ burasındadır ki, statusu (Bilmirəm bu nə dərəcədə status hesab edilir) bəyənənlərin sayı 300-ə yaxındır. Ay qardaş, ay bacı burda bəyənməli nə vəziyyət var axı?! Burda xoşuna gələsi nə var axı?! Biri yazır “Aaaaa”, bunu onlarla adam bəyənir. O birisi “Bbbbbb”. Digəri “Eeeee”. Baxırsan cəmiyyətimizi təşkil edən çox sayda insan da bunu bəyənir. Digər tərəfdə çox gözəl mətləblər izah edən, tarixi faktlar ortaya çıxaran, insana mənəvi və dünya görüşünə çox faydalı olan bu məzmunda statuslara 15-20 bəyənmə gələr ya yox. Onu bəyənənlərində bəlkə bəziləri heç söhbətin nədən getdiyinə varmır, elə ucdan tutma hər şeyi “like” edir. Xoşuna gəlir ki, statusların altında “like” düyməsi göy rəngdə olsun. Təxminən belə bir paylaşım çıxdı ötənlərdə qarşıma: “-Səni sevirəm -Mən də səni -Səni sevirəm - Mən də səni” Bunu bəyənən dostlardan birindən soruşdum ki, “əziz qardaşım, mən son zamanlar biraz fikirliyəm. O paylaşımda nədən söhbət gedirdi, qavraya bilmirəm. Mənə kömək et. Sənki bunu bəyənmisən, mənə izah edə bilərsən? Mən də bilmək istəyirəm axı”. Mənə cavab olaraq dedi ki, “Feysbukda bəzi insanlar var ki, onların statuslarını özlərinə görə bəyənirəm. Heç mən də başa düşməmişdim ordakı məsələni”. Burdan belə başa düşdüm ki, biz şəxsiyyətlərə önəm veririk, nə danışdığına, nə paylaşdığına yox. Amma hədislərdən nəql olunur ki, danışana yox, nə danışdığına diqqət etməliyik. Acı reallıq budur ki, türklər demiş ayarlarımız pozulub. Dəyərlərimiz dəyişib. Bizə faydalı olanları heç oxumur, diqqət belə etmirik. Amma siz də məni bağışlayın bu ifadəmə görə, gic-gic, axmaq, səfeh, məntiqsiz, mənasız sözlərə müştəri olmaqla öz səviyyəmizi açıq şəkildə ortaya qoyuruq. Qısa təhlil apararaq cəmiyyətimizin hansı durumda olduğunu, nəyə önəm verdiyini, fərdlər üçün dəyərli, bəyənməli mövzuların nə olduğunu müəyyən etmək olur. Bu fərdlər də birlikdə cəmiyyəti təşkil edir və cəmiyyət ümumilikdə də fərd hesab edilir. İndi baxın ki, bizim ümumi fərdimizin səviyyəsi hansı durumdadır. Axmağa, avaraya, səfehə alim titulu verərək həm o şəxsi, həm də özümüzü, cəmiyyətimizi bədbəxt edirik. Nadan insanların top like reytinqə düşməsi isə fəlakətdir. O özündən başqa heç kimin fikrini qəbul etməyəcək, özünü mütləq haqq biləcək. Bəlkə bir az düşünək? Bəlkə bir neçə dəyərli “ahhh”, “ehhhh” statuslarını bəyənməyə, şərh yazmağa ayırdığımız vaxtı bu gedişlə işlərin nə ilə nəticələnəcəyini düşünək?! Çünki biz icmanı təşkil edirik və bu icma övladlarımıza, onların da övladlarına iz qoya biləcək təsirə sahibdir.   PS: Təbii ki, zövqlərin belə eybəcər hala salınması da məqsədyönlü şəkildə aparılan hegemoniyanın uğuruna çalışan siyasətin bir parçasıdır. Biz də kor kimi bu siyasətin qurbanlarına çevrilməkdə iddialı olmaq istəyirik.

 

 

 

    Yazıya (564) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.