Salam Şaxta baba! Əvvəlcədən deyim ki, mən səndən qoğal, noğul, gəlincik və s. istəməyəcəm. Çünki sənin balaca nəvələrindən deyiləm. Mən körpəliyini sənin gəldiyin uzaqlar kimi uzaqlarda qoyub gəlmiş, həyatın çox üzündən yarısını görmüş biriyəm.
Düşünmə ki səndən gəncliyimi istəyəcəm. İstəmirəm! Gəncliyim xaindi, Şaxta baba! Məhz gəncliyim verdi mənə tənha gecələrimi, ağrılı günlərimi, göz yaşımı, itkilərimi…
Onu da deyim ki, əvvəllər çox mehriban, gülərüz, ürəyi sevgiylə dolu birisi idim. Aynadakı məni, Səni, həyatı, bütün insanları sevirdim. İçim sevgiylə öyləsinə doluydu ki, o sevginin nuru ömrümə işıq salacaq sanırdım. Hamıya inanırdım, Şaxta baba! İnandığıma (Tanrıya) tapınırdım, Şaxta baba! İçimdə Tanrı sevgisi ilə yanaşı, bəndə sevgisi də yurd salmışdı. O bəndəyə elə bənd olmuşdum ki, gəncliyimi, arzularımı, inamımı məndən necə aldığının belə fərqində olmadım. Sonra isə çox gec idi…
Yox, arzularımı, sevgimi, sevincimi də istəmirəm səndən. İstəmirəm, Şaxta baba!
…Torpağı çox sevirəm, Şaxta baba! Bu nə kinayə idi üzündə? Düşündün ki, səndən işğaldakı torpaqları istəyəcəm? Yox, mən o torpaqdan danışmıram. Nə Şuşa, nə Laçın, Nə Kəlbəcər… bax, çoxlarının adı da yadıma düşmədi. Unutmuşam artıq o torpaqları. Həm də axı əvvəldə dedim, mən sənin körpə nəvən deyiləm, yaxşı bilirəm ki, “Saxta baba”ların verdiyi torpaqları Şaxta babalar əsla ala bilməz! Əsla!
Hə, yenidən deyim, torpağı çox sevirəm. Ona görə sevirəm ki, mənim gözlərinə baxmadığım, bir kərə ətrini qoxlamadığım, köksümə basmağa belə macal tapmadığım balamı torpaq mənnən çox sevdi, aldı, qoynuna basdı, qoxladı…
Yox, Şaxta baba, sən balamı da qaytara bilməzsən. Artıq balam da, ona qovuşmaq arzularım da uşaqlığım kimi uzaqlardadı…
Şaxta baba, sən evsizlərə ev, balasızlara bala, aclara yemək gətirə bilərsənmi? Şaxta baba, ölkəni qan çanağına döndərməkdən çəkinməyən, qazancı üçün xalqı güdaza verən başdakı harınları durdura bilərsənmi? Evini, ərini itirən, çöllərə düşən, acından və soyuqdan körpəsi qoynunda can verən analara təsəlli ola bilərsənmi?
Sülh istəyirəm, Şaxta baba! Millətlər arasında, xalqlar arasında, insanlar arasında barış istəyirəm. Özün düşün, lap düşmənimiz olsun, hansı ana istəyər ki, o xalq mənə düşməndi deyib, oğlu kiminsə balasını qətlə yetirsin, bir ananın beşiyini boş, ocağını tüstüsüz qoysun. Məni qınama, Şaxta baba, mən erməninin də balasına ölüm arzulamıram! Sən də mənə xain dedin? Axı mən xain deyiləm! Mən sadəcə heç bir anaya bala dağı arzulamıram. Gəlinləri ərzis, uşaqları atasız, anaları oğulsuz görmək istəmirəm!
Hə, yeni ilə qədəm qoyuruq, məni necə sevindirəcəksən, Şaxta baba?! Düşünməyə zamanın var… Di, sağlıqla qal!
Amma sonda bir söz də demək istəyirəm: Şaxta baba, sənə inanmıram!
Yazıya 1023 dəfə baxılıb