24 sentyabr Azərbaycan Ordusunun şəhidi Nicat Salahovun doğum günüdür. O, 2000-ci ilin 24 sentyabrında Bakı şəhərində anadan olub.
Nicat Salahovun həyat yolu uşaqlıqdan etibarən çətinliklərlə müşayiət olunub. Atası Nicat hələ uşaq ikən vəfat edib. Serebral iflicdən əziyyət çəkən anasının himayəsində böyüyən Nicatın qayğısına dayısı qalıb.
Sonralar dayısı həm özünün, həm də Nicatın anasının işləməsi səbəbindən onun təlim-tərbiyəsi ilə yetərincə məşğul ola bilmədiklərini görərək bacısını razı salıb və Nicatı Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbinə yerləşdirib. Nicat həftənin beş gününü internatda keçirir, həftə sonlarında isə dayısı onu evə gətirirdi.
2018-ci ildə internat məktəbini bitirən Nicat Salahov dövlət tərəfindən “Məzun Evi” sosial müəssisəsində mənzillə təmin olunub.
2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanan Nicat Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edən Nicat yaxın dostu Əmrahı xilas etməyə çalışıb. Lakin Əmrah şəhid olub, Nicat isə ayağından yaralanıb. Hərbi hospitalda müalicə olunsa da, müalicəsini yarımçıq saxlayaraq yenidən döyüş bölgəsinə qayıdıb.
Nicat və Əmrah hərbi xidmətdən əvvəl “Məzun Evi” sosial müəssisəsində yaşadıqları dövrdən bir-birlərini tanıyır və dostluq edirdilər. Dostunun şəhid olması Nicat üçün ağır itki olub.
Vətən müharibəsi başa çatdıqdan bir neçə gün sonra Nicat digər beş hərbçi ilə birlikdə Şuşadan Laçın istiqamətinə silah-sursat aparmaq üçün hərəkət edərkən mina partlayışına düşüb. Altı hərbçidən biri ağır yaralanaraq sağ qalıb, Nicat Salahov və digər dörd hərbçi isə şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edən Nicat Salahov ölümündən sonra “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
24 sentyabr – Nicat Salahovun doğum günündə onun Vətən uğrunda keçdiyi şərəfli ömür yolu bir daha xatırlanacaq, əziz xatirəsi ehtiramla yad olunacaq.
Yazıya 7 dəfə baxılıb









