Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Ali təhsildə tələbə fəallığı və universitetlərin inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mütəllim Rəhimov ali təhsilin yalnız peşə biliklərinin əldə edilməsi deyil, həm də gənclərin vətəndaş mövqeyinin, sosial məsuliyyətinin və müstəqil düşüncə qabiliyyətinin formalaşdığı mühüm mərhələ olduğunu bildirib. O, tələbələrin universitet həyatında, ictimai müzakirələrdə və qərarların qəbulunda daha fəal iştirakının vacibliyini vurğulayıb, gənclərin təşəbbüslərinin dəstəklənməsinin cəmiyyətin demokratik inkişafına töhfə verdiyini qeyd edib.
Tədbirdə ali məktəb müəllimləri Vüqar Əliyev, Fazil Rüstəmov, Xədicə Tağısoy və Nigar Əliyeva çıxış ediblər.
Vüqar Əliyev çıxışında ali təhsilin keyfiyyətinin yüksəldilməsində tələbə-müəllim əməkdaşlığının, interaktiv tədris metodlarının və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyətindən danışıb.
Xədicə Tağısoy gənclərin tənqidi düşüncə, ünsiyyət və analitik təhlil bacarıqlarının inkişafının vacibliyini qeyd edərək, universitetlərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən bəhs edib.
Baş müəllim Nigar Əliyeva isə tələbələrin ictimai fəallığının artırılması, könüllülük təşəbbüsləri və universitetlərdə tələbəyönümlü mühitin formalaşdırılması məsələlərinə toxunub.
Tədbir tələbələrin mövzu ətrafında fikir mübadiləsi, sual və təklifləri ilə davam edib. İştirakçılar belə müzakirələrin gənclərin ictimai fəallığının və ali təhsilə münasibətinin formalaşmasında əhəmiyyətini vurğulayıblar.
Yazıya 402 dəfə baxılıb










