İctimai Birlikdə süni intellektin təhsil sisteminə inteqrasiyası müzakirə olunub

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi (DİPM) İctimai Birliyinin təşəbbüsü ilə “Süni intellekt və Azərbaycan təhsilinin gələcəyi” mövzusunda müzakirə keçirilib.

Tədbirdə 2026-cı il mayın 29-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “OpenAI” arasında imzalanmış Anlaşma Memorandumu və onun Azərbaycan təhsil sistemi üçün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə platformasının hazırlanması nəzərdə tutulur.

Azərbaycan Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Günay Hüseyn, Kooperasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərviz Qurbanovun çıxışında süni intellekt texnologiyalarının tədris prosesində tətbiqi, təhsilalanların fərdi öyrənmə ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlərin fəaliyyətinə texnoloji dəstəyin göstərilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi məsələlərinə toxunub.

Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Qurbanova isə bildirib ki, süni intellekt müəllimin rolunu əvəz etməməli, onun pedaqoji fəaliyyətini tamamlayan və gücləndirən vasitə kimi çıxış etməlidir. Bu prosesdə müəllimlərin rəqəmsal bacarıqlarının artırılması, şagirdlərin şəxsi məlumatlarının qorunması və texnologiyalardan etik istifadə prinsiplərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Afaq Mansırlı isə süni intellektin təhsildə tətbiqini texnoloji yenilik olmaqla yanaşı, təhsil fəlsəfəsinin və öyrənmə yanaşmalarının da yenilənməsini tələb etdiyini bildirib. O, bu istiqamətdə ictimai müzakirələrin və maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

İctimai Birliyin sədri Mütəllim Rəhimov isə çıxışında bildirib ki, süni intellektin təhsil sisteminə inteqrasiyası müasir dövrün mühüm çağırışlarından biridir. Onun sözlərinə görə, bu texnologiyalar şagirdlərin bilik və bacarıqlarının inkişafına, təlim prosesinin fərdiləşdirilməsinə və müəllimlərin işinin daha səmərəli təşkilinə geniş imkanlar yarada bilər.

 

Yazıya 946 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.