Azərbaycan mətbuatı (tv-dən xəbərim yoxdur), bəlkə 20 ildir, qadın-kişi mövzusunu müzakirə edir. Eynən Türkiyə aydınının mələklərin cinsini dartışıb erkək və ya dişi olmasına qərar verə bilmədiyi prosesə bənzər bu şoğərib sona yetmir ki, yetmir.
İlk qadını xor görmək deyəsən bizim darbalaqlı inqilab edən (“Azadlıq” meydanında şalvarını çıxarıb gəzən Murad Köhnəqala) şair dostumuzdan gəldi. Müsahibələrinin birində “mən qadınıma gül bağışlamaram” dedi. Sonra Seymur Baycanın Fatma-Tükəzban söhbət başladı. Sevinc, Pərvanə stilli qadın yazarlar da haqlı olaraq cavab atəşinə başladılar. Gəl zaman keç zaman bu mövzu bitmədi ki, bitmədi.
Tolstoy, Folkner, bədəbəddə Orhan Pamuk ola bilməyən bizim kişilər günahı arvadlarında görürdülər. Qardaşlar, siz nə olursunuz olun Kafka, nə bilim Yuri Qaqarin, canım sizə desin belə Ştirlis, bunun gecəni yatağınıza aldığınız qadınla əlaqəsi yoxdur. Uşağınızın anası etdiyiniz qadının sizə fövqaladə bir qabiliyyət aşılayacağına ümid bağlamayın. Olsa, olsa o qadın adlarını saydığım kəslərdən birinin arvadı olma şərəfi ilə mutlu olar ki, bunun da sizə dəxli yoxdur. Siz istəyirsiniz gül alın və ya almayın, qadınınıza gül bağışlamağı özünüzə alçalmaq bilin, bu biz qadınlara təsir etməz.
Bizim gül bağışladığımız kişilər var. Şəhidlər Xiyabanına gedin, görəcəksiniz bir məzarın üstünə neçə qadın çiçək gətirir. Bu qədər. Allah eşqinə bu erkək-dişi söhbətini bağlayın ki, Azərbaycan mətbuatını izləyəndə əncir yarpağı ilə gəzən sapıklar təəssüratı yaranmasın. Qardaşım, nəfəs almaq nədi, ictimai problemlərimizin əlindən başımızı qaşımağa vaxt tapılmayan bir zamanda işinizmi yoxdur? Baxın, saçını mətbutda ağartmış az qala nənə olacaq yaşdakı, kimi deyirəm ki Azərbaycan qadınını Fatma-Tükəzban deyə, aşağılayan yazarların hamısının cinsi problemleri var…
Qadınlar siz o yazılanlara uymayın. Sizin çiçək bağışladığınız məzar sahibləri o Fatma-Tükəzban düşmənlərindən çox ləyaqətli və dəyərlidirlər. Çünki elə Fatma və Tükəzbanlara görə öldülər. Onları çiçəksiz qoymayın, yetər. Zatən vətən bağı nə qədər al-əlvan olsa da, alaq otusuz, çayırsız da olmur. Siz dünyanın ən sevilməli qadınlarısınız. Əli, Vəli, Pirvəli söhbətinə zaman xərcləməyin. Yaradıcılığınızı belə bəsit mövzularla yoluxdurmayın…
Yazıya 723 dəfə baxılıb