Günel Eyvazlı: Xoşbəxtliyin imitasiyası

Günel eyvazlı64372790298033_6159718172615427240_o

 Kursun düşməsi siyasətçilər üçün gözəl. İqtisadiyyat üçün böyük zərbədir

Ayın əvvəlində “Gallup International/WIN” Müstəqil Tədqiqat Agentlikləri Assosiasiyasının apardığı sorğunun nəticələrinə görə Azərbaycan xoşbəxt ölkələr sırasında 4-cü yerdə qərarlaşmışdı. Əcəba əgər bu sorğu indi aparılsaydı, hansı nəticə gözə dəyəcəkdi?

Bugünlərdə Azərbaycan mediyası manatın zəifləməsindən söz açır. Manşetləri bu xəbər bəzəyir. Sosial şəbəkələr yalnız və yalnız bu haqda danışır. İqtisadiyyatçı olmasam da, bilgilərimi az da olsa, işə salmaq fikrinə gəldim.

İnfilyasiyadan heç bir dövlət sığortalanmayıb. Hər halda, dünya bazarını idarə edən böyük abimizin yüngülvari qulağımızı burması və öncədən Rusiyaya barmaq silkələməsi haradasa həyəcan siqnalının çalınmasını söyləməliydi. Çox güman ki, bundan Bank rəsmilərinin xəbəri var idi. Yük altında yenə də qara camaat qalacaq. Əli cibində olan varlılar və bazarı idarə edənlər zərrə qədər də olsun zərər çəkməyəcəklər. Hər halda, süni qiymət artımının olması xəbəri boş sözlərdən başqa bir şey deyil. Qiymət artımına artıq 21 fevral tarixindən start verildi və mənim ciblərim bu gün bunu əyani olaraq hiss etdi.

Təhlilə keçsək, görərik ki, hal-hazırda dolların dünya bazarında digər valyutalara nisbətən məzənnəsi daha yüksəkdə dayanır. Dolların dünya bazarında məzənnəsinin qalxması isə neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olur. Məhz bəzi məhsullar üçün dolların məzənnəsinin böyük əhəmiyyəti var. Azərbaycanın büdcəsinin neft və neft məhsullarından asılılığı son mənzərənin yaranmasına səbəb oldu. Bu səbəbdən də manatın məzənnədən düşməsi, inflyasiya gözlənilən idi. Bu isə nəticə etibarilə ölkə daxilində qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Tezləşmiş və xoşagəlməz sürpriz adlandırdığımız  inflyasiya daima aztəminatlı və büdcədən maliyyələşən insanların ciblərinə ziyan vurur.  Çünki onlar qida məhsullarına daha çox pul xərcləyirlər.

Kursun düşməsi siyasətçilər üçün gözəl. İqtisadiyyat üçün böyük zərbədir

Manatın düşməsi haradasa pozitiv effekt yaradır. Çünki dövlətin başlıca gəliri xammaldandır. Alqı-satqı isə dollarla aparıldığından, manata çevrildikdə kütləvi gəlirin gəlməsinə səbəb olur. Bu büdcədə yaranmış boşluğun aradan qaldırılmasına və dövlətin qarşısında olan vəzifəsini dolayı yolla yerinə yetirilməsinə kömək edir. Amma bu qısamüddətli sevincdir. Çünki inflyasiyanın güclənməsi iqtisadiyyatı iflic hala gətirir.

Misal olaraq qeyd edim ki, Nigeriya böyük neft ixracatçısı olan Afrika dövlətidir. Yaxşı gəlir nəticəsində nayrının kursu çox yüksəkdə idi. Kef halında, pəh-pəhlə yaşayan nigeriyalılar istədikləri məhsulu ölkələrinə import edirdilər. Zəngin nigeriyalılar yüksək kurslu nayra vasitəsilə çemodanlarla dolları ölkələrinə gətirir və zəngin həyatlarına davam edirdilər.  Nigeriyanın Mərkəzi Bankı isə milli valyutalarını yüksək məzənnədə saxlamaqda qərarlı idi. Nəticədə, Nigeriyanın pulları yaranmış dəlik vasitəsilə getməyə, dövlət isə xalq qarşısında pis vəziyyətdə qalmağa başladı. Varlılar isə ölkə xaricində alınan imarətlərlə fəxr edə bilərdilər.

Demək ki, manat da yüksək məzənnədə çox qalmamalıydı. Çünki bu təqdirdə yerli bazarlar xaricdən istehsal olunmuş mallar vasitəsilə dolmağa başlayır. Belə anlarda manatı nisbətən məzənnədən salmağa və importu azaltmağa, yerli məhsulları stimullaşdırmağa ehtiyac var idi. Həm də xarici valyuta hücumlarının qarşısında sədd çəkilməlisi vacib idi.

İnflyasiya dövlətin iqtisadi gücünün qarşısında güzgüdür. Əgər iqtisadiyyat pafosla təriflənibsə, əslində isə elə də güclü deyilsə, demək ki, məzənnə sürətlə aşağı düşməkdə davam edəcək. Əgər güclüdürsə, valyuta tezliklə özündə güc taparaq möhkəmlənəcək.

Hər halda istənilən situasiyada ikiyə bölünən cəbhələrdən pessimistlərin deyil, optimistlərin sırasında olmaq gərəkir. İnanaq ki, iqtisadiyyatımız ayaqları üzərində qalmağı və manatı tənzimləməyi bacaracaq.

P.S. İnanaq ki, Bakı, Avropa Oyunları qarşısında başıaşağı görünməyəcək. Həm də “Gallup International/WIN”in pəh-pəhlə keçirdiyi sorğunun nəticələrini heçə vura bilmərik. Ona görə də mümkün qədər xoşbəxt olun, cənablar. Gülümsəyin.

 

Günel Eyvazlı -şairə-yazar (xüsusi olaraq Birlik.az saytı üçün)

Yazıya 632 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.