İosif Brodskinin 6 nəsihəti

brodsky_joseph

“Özünüzü qurban saymaqdan qaçın”

 

Nobel mükafatı laureatı İosif Brodskinin 1988-ci ildə Miçiqan Universitetinin məzunları qarşısındakı məşhur çıxışının üstündən uzun müddət keçsə də, hələ də ədəbi aləmin yaddaşından silinməyib. Həmin vaxt tənqidçilər şairin çıxışını “yersiz”, “siyasi cəhətdən yanlış” adlandırmışdılar, hətta bir nəfər ona “rasizm” yarlığı da yapışdırmışdı. Amma Brodski həmin vaxt qərəzsiz, zamandan və məkandan kənar çıxış etmişdi. Çıxışdan bəzi müddəaları oxucuların diqqətinə çatdırırıq.

1. Fikrinizi dilinizin dəqiqliyi üzərində cəmləşdirin. Öz lüğətinizi genişləndirməyə çalışın, onunla elə rəftar edin ki, elə bil bank hesabınızdır. Ona çoxlu vaxt ayırın, öz yatırınızı artırmağa çalışın.

Bunda məqsəd özünüzü mümkün qədər tam və dəqiq ifadə etmək imkanı qazanmaqdan ibarətdir. Bir sözlə məqsəd – sizin müvazinətinizdir. Ona görə ki, deyilməmiş, ifadə olunmamış sözlərin yığılıb qalması mütləq sizin əsəb böhranı keçirməyinizə səbəb olacaq.

Bundan qaçmaq üçün mütləq kitabqurduna çevrilməyiniz zəruri deyil. Sadəcə lüğət almaq, həmin lüğəti hər gün oxumaq lazımdır. Bəzənsə şeir kitablarının mütaliəsi ilə məşğul olmaq zəruridir. Belə kitablar kifayət qədər ucuzdur. Hətta onların arasında ən bahasının qiyməti bir dəfə psixiatrın qəbulunda olmağın dəyərindən xeyli azdır.

2. Valideynlərinizə qarşı xeyirxah olun. Əgər bu “Ata-ananıza səcdə edin” kimi səslənirsə, məni bağışlayın. Mən ancaq bunu demək istəyirəm: onlara qarşı qiyam qaldırmamağa çalışın. Çünki hər halda onlar sizdən əvvəl dünyalarını dəyişəcəklər, buna görə də özünüzü ən azı bu günahdan azad edə bilərsiniz.

Əgər “Sizdən bir qəpik də almaram” mənasında qiyam etməyə ehtiyacınız varsa, onda o qədər də dəymədüşər olmayanlara qarşı çıxın. Valideynlər həddən artıq yaxın hədəfdirlər. Məsafə o qədər yaxındır ki, hədəfdən yayına bilməzsiniz.

3. Siyasətçilərə o qədər də arxalanmayın. Onların başı həddən artıq qarışıq olur. Siyasətçilər sosial şəri həddən artıq azalda bilərlər, amma onu aradan qaldıra bilməzlər. İnkişaf nə qədər sürətli olur-olsun, etik nöqteyi-nəzərdən həddən artıq az olacaq, çünki, ən azı bir adam həmin inkişafdan payını ala bilməyəcək.

Dünya mükəmməl deyil. Qızıl əsr heç vaxt olmayıb və olmayacaq. Buna görə də siz yalnız özünüzə güvənməli, dünyanızı özünüz sərbəst idarə etməlisiniz. Qismətinizi özünüz qazansanız da, siz həm şükürün, həm də peşmanlığın haqlayacağını bilməlisiniz.

4. Sadə olmağa çalışın. Bizim sayımız həddən artıq çoxdur, tezliklə bundan da artıq olacaq. Günəşin altında yer qazanmaq mütləq başqalarının hesabına baş verəcək. Digərlərinin ayağını basmalı olmağınız o demək deyil ki, onların çiyninə dırmaşasınız. Ona görə də əgər varlı, ya da məşhur, yaxud həm varlı, həm də adlı-sanlı olmaq istəyirsinizsə, işiniz avand olsun, amma bütün ömrünüzü bunlara həsr etməyin.

Həmişə yadda saxlayın ki, daim yanınızda yaxın bir adam var. Heç kəs sizdən onu sevməyi tələb etmir, amma adamları həddən artıq narahat etməyin və incitməyin. Ən pis halda bu addımı atmamağın hansı uzaq məsafədən – ulduzlardan, Kainatın dərinliklərindən, onun digər guşəsindən – gəldiyini xatırlamağa çalışın. Yaxın adamları, özünüzü sevməyi də yaddan çıxarmayın.

5. Özünüzə qurnan statusu verməkdən hər vəchlə qaçın. Vəziyyətin nə qədər xoşagəlməz olur-olsun, bunda xarici qüvvələri – tarixi, dövləti, irqi, rəhbərliyi, valideynlərinizi, ayları-illəri, uşaqlığı… – günahlandırmayın.

Günahı nəyinsə üzərinə yıxanda özünüzün nəyisə dəyişmək qətiyyətinizi sarsıdır, məsuliyyətsizlik boşluğunuzu artırırsınız, həmin boşluğu da iblislər və boşboğazlar doldurmağı çox sevirlər, çünki mələklər iflic olmuş iradəni sevmirlər.

Ümumiyyətlə, həyata təkcə gözəlliklərinə görə yox, həm də çətinliklərinə görə hörmət etməyə çalışın. Onlar oyunun tərkib hissələridirlər, yaxşı cəhətləri budur ki, yalan deyillər. Siz hər dəfə ümidsizliyə qapılanda və ümidsizlik həddinə çatanda, xoşagəlməz vəziyyətə və çətinliyə düşəndə yadda saxlayın: həyat sizinlə bildiyi yeganə dildə danışır.

6.Bağışlamağı bacarın. Qədəm qoyduğumuz aləm yaxşı nüfuza malik deyil. Tezliklə əmin olacaqsınız ki, bura xoşagələn yer deyil. Ona görə həyatınıza bədbəxtlik gətirməyə çalışan adamlara fikir verməməyə çalışın. Belələri həm rəsmi vəzifələrdə olanlar, həm də özlərini vəzifəli hesab edənlər arasında çox olacaq.

 

Düşmənlərinizin sizə qarşı elədikləri, həmin əməllərə necə reaksiya göstərməyinizdən asılı olaraq, az və ya çox əhəmiyyət kəsb edəcək. Buna görə də onun içindən, yaxud yanından keçib gedin. Beləcə, beyninizin hüceyrələrini faydasız gərginlikdən xilas edin.

Yazıya 538 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.