Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. 2013-cü il aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqlənməsi heç də təsadüfi deyil. Dövlət Proqramında kütləvi informasiya vasitələrində Azərbaycan dilinin təbliği ilə bağlı xüsusi bəndin olması (6.5.) bu məsələnin əhəmiyyətini bir daha təsdiq edir.
Daxili inkişaf və dəyişmələrlə səciyyələnən dilin bir forması kimi, ədəbi dil də bəhrələndiyi mənbələr əsasında dəyişir və zənginləşir. Dil sistem təşkil etdiyindən nəinki bir səviyyənin daxilindəki, hətta dilin müxtəlif səviyyələrindəki dəyişmələr zəncirvarı şəkildə bir-birinə təsir edir, bir hadisə digərini şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də dilin daxili qanunlarını və onun inkişafına təkan verən ekstralinqvistik amilləri nəzərə almaq lazımdır. Dilin bütün səviyyələrində, müvafiq olaraq, müəyyənləşmiş norma özünü göstərdiyi kimi, normanın pozulması hallarına da təsadüf olunur. Normaya salınmış dil o deməkdir ki, bu dilin lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası, işlənmə tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir.
Dilçilər hesab edirlər ki, televiziya Azərbaycan dilinin gözəlliyini daha yüksək səviyyədə nümayiş etdirmək imkanına malikdir. Azərbaycan ədəbi dilinin, düzgün danışığın və nitq mədəniyyətinin təbliğində televiziya mühüm rol oynayır. Kütləvi informasiya vasitələrindən dilin informasiya, estetik, ideoloji funksiyaları daha çox televiziyada qabarıq şəkildə üzə çıxır. Bunun üçün də efirə çıxan aparıcının nitqinə diqqət yetirilməlidir. Tamaşaçıların böyük həssaslıqla yanaşdıqları diktor və aparıcılardan səslərin, sözlərin məharətlə, xüsusi vurğu və intonasiya ilə istifadə etmək tələb olunur.
Ancaq Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarının keçirdiyi və 2014-cü ilin sentyabr – oktyabr aylarını əhatə edən monitorinq nəticəsində İctimai TV, Xəzər TV, ANS TV, ATV, “Speys” TV və Lider TV-də yayımlanan verilişlərdə və xəbər proqramlarında aşkarladıqları dil normasının pozulması faktları aparıcıların bu tələblərə cavab vermədiyini bir daha göstərdi.
Dilçilik İnstitutunun aparıcı elmi işçiləri Nəzakət Qaziyeva və Təranə Şükürlüyə istinadən, həmin norma pozuntularının bir qismini təqdim edirik:
“Xəzər” televiziyasındakı norma pozuntuları
FONETİK NORMA
– “Hər şey daxil” – aparıcı Sevil- Bu gün bir təbrikimiz də olacey [olacax].
– “Xəzər xəbər” – aparıcı – Gəbhə [cəbhə] xəttində atəşkəs yenidən pozulub.
– Qanlı ha’disələri [hadisə’] soyqırım kimi tanıyıb.
– müxbir – əməlyad [əməliyat].
– müxbir – danışığlar [danışıxlar] aparılıb.
– aparıcı Vüsalə Nurəddinqızı – Tanap lahiyəsinin… [layihəsinin].
– Çıxış edən kamtə [kamitə] sədri.
– Çox mütərəqqi adımı [addımı] adlandırıb.
– Doğuş qeysəriyyə [keysəriyyə] əməliyyatı ilə keçirilib.
– müxbir- Zəvvarlarımız müqəddəs torpaqlara [torpaxlara] yola salınacaq.
– aparıcı – Türkay Verdiyeva- Lahə [layihə] sentyabrın 1-dən başlayaraq.
– İngiltərə’ [İngi’ltərə].
– aparıcı – Bu dəfə “Xəzər Xəbər” Qusar rayonunda yerləşən N saylı hərbi hissədə qonaqdır [qonaxdı].
– Amma telfonuvuza [telefonunuza] daxil olan mesajlar sizi çox narahat edirsə…
– …“stop” yazıb göndərməklə canıvızı [canınızı] xilas edə bilərsiniz.
ORFOQRAFİK NORMA
– Titr: Bakı Amerika Mərkəzinin açılışı olub.
– Titr: Medvedev beyanat verdi.
– Titr: Tövsiyə sənədində bir neçə təkliflər öz əksini tapıb.
LEKSİK NORMA
– “Sağlıqla” – Vəfa Sadıqova- Sağlıqla buraxılışında, bugünkü buraxılışında…
– “Təhsilə dair”- aparıcı Günay – Bugünkü bizim qonaqlarımız kimdir? Biz bu gün nədən danışacağıq?
– “Hər şey daxil” – aparıcı- çeşidlər hazırlayan bizim üçün …
– istəmiyorum, aşkım…
– Şəkillər gətirib doktor bizə, öyləmi?
– Pəriş göstər… (Aparıcıya sual: Pəriş kimdir?)
– aparıcı – Dur Səidə, dur, dodaq mahnısı oxu.
– Bəli, əkizlər indi xod gedir.
QRAMMATİK NORMA
– “Xəzər xəbər” – müxbir – Elektrik enerjisinin verilişində (verilməsində) fasilələr yaranıb.
– “Bizim gün” – aparıcı Günay – Bol şans arzu eliyirəm (eləyirik).
– “Təhsilə dair”- aparıcı Günay – Bilirsiniz, mənə nə maraqlıdır? (Axı qonağın fikri bütün ictimaiyyətə açıqlanır)
– “Xəzər xəbər” – (müxbir) Bir sıra alternativlər gündəmə gətirmişlər, hansı ki, …
– “Tərs bucaq” – İddiama görə… (iddiamıza görə)
– Bundan əlavə, dövlət paralel olaraq minlərlə hektar ərazilərin kənd təsərrüfatı üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı tədbirlər görüb.
– Nəzərə alsaq ki, neftin qiymətindəki böyük dalğalanmalar daha əvvəl də müşahidə olunub.
– Hansı ki, bir sms-lə təklif olunan xidmətə abunə ola bilərsiniz.
ÜSLUBİ NÖQSANLAR
– Səbəb olaraq otağın açıq şəraitdə olmasıdır.
– Ağrıları səbəbilə qol sevincini yaşaya bilməyib.
“Speys” televiziyasındakı nöqsanlar
FONETİK NORMA
– “Hər gün” – aparıcı Elvin Basqallı – Zaqatalada [Zakatalada] gənc ana itkin düşüb.
– “Hər həftə” – Başqalarının istəylərini..[istəx‘lərini]
– “Qol”- Tural Xudiyev- Stdyamızın [studiyamızın] qonağı
– “Hər gün”-müxbir- Xarakteri’zə [xarakterizə‘] edərək
– humani’tar [humanita‘r] forum olaraq…
– “Hər həftə” – Zəminə Əliyeva – … həgigətin[həqiqətin]ağzını yumuram.
ORFOQRAFİK NORMA
-“Hər həftə” – (titr) Çıxış yoxsa dalan?
LEKSİK NORMA
– “Hər gün” – müxbir- Çarəsiz olaraq nə deyəcəklərini şaşırır.
– Bu mənim bu saata təqdim etdiyim.. … Hər gün informasiya proqramı efirdə olacaq. Özü də mənim təqdimatımda. Məni tək qoymayın. (Efirdə nə qədər mən demək olar?)
– “Hər həftə” – Parta arxasından qopardılaraq… (nitq dəqiq deyil)
-“Hər gün”- Elvin Basqallı- Sabah saat 17:00-da “Hər gün” informasiya proqramının efirində “Hər gün” informasiya ana xəbər… (təkrarlara yol verilib)
-“Sevimli şou”- Mikayıl – əla, super, qəşəyy…
– ay can, mən isə can deyəcəyəm…
– bapbalaca reklamlar
-“Günaydın”- Bizim müxtəlif səpkili qonaqlarımız olacaq.
-“Hər səhər”- aparıcı Əkbər- İlk öncə səsləndirmək istəyirəm ki…
– “Hələ bu harasıdır”- aparıcı – Daha sonra təşəkkürümü bildirəcəyəm… Daha sonra informasiya dəstəyinə…. Daha sonra instaqramda səhifəmə yazanlara.(Bu cümlələrdə daha sonra ifadəsi üç dəfə təkrarlanaraq təkrar yaradıbdır).
– Bir sual verim: “Facebookda ən çox hansı statusunuz like yığıbdır? ( ingilis dilində olan bu sözü “bəyənmək” ifadəsilə də əvəz etmək mümkündür).
– “Kişilər evdə olmayanda”- Möhtəşəm məhsullar…
QRAMMATİK NORMA
– “Hər gün” – Fərqanə Səfər – Bu İŞİD terrorçularının sayı nə qədərdir ki, öldürsələr də qurtarmırlar.
– Ötən gecə Azərbaycanda zəlzələ olub səhərə yaxın. (Cümlə üzvlərinin sırası pozulub).
– Heç nədən başı çıxmayan adama, iki uzunqulağın arpasını bölə bilmirlər deyirlər. (Bu cümlə televiziya dilinin sintaktik quruluşuna uyğun deyil).
– “Hər gün” – Düşmən ordusu dünən və bu gecə Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki mövqelərdən silahlı qüvvələrinin mövqelərini atəşə tutublar.
-“Hər həftə” – İsmayıl Fətəliyev – Həkimlər deyir bəzi səhiyyə təşkilatları GMO məhsulların istifadəsini icazə verir.
ÜSLUBİ NÖQSAN
– Məktəbdə müasir avadanlıqları ilə təmin olunmuş sinif otaqları və kabinetlər, şagirdlər üçün əlverişli şəraitin yaradıldığından xəbər verir.
Yazıya 1342 dəfə baxılıb