ƏDALƏT PARTİYASININ QURULTAYA HAZIRLIQ ÜZRƏ TƏŞKİLAT KOMİTƏSİNİN BƏYANATI

 

Ədalət Partiyasının sədri İlyas İsmayılov xəstələndikdən və xüsusən də, vəfat etdikdən sonra, həmin dövrdə Ali Məclisin sədri olan Meydan Babayev, müavinləri və Siyasi Şuranın üzvi Vüsalə Dadaşova Partiya daxilində pozuculuq və qarşıdurma yaratmağa başladılar. Onlar ayrı-ayrı partiya fəalları və rayon partiya təşkilatı sədrləri ilə görüşüb, öz tərəflərinə çəkməyə çalışırdılar. Yaranmış vəziyyətlə bağlı dərhal Ali Məclisin çağırılmasını tələb edən məclis üzvlərinin bu çağırışları qulaqardına vurulur və müxtəlif bəhanələrlə rədd edilirdi. Əslində, mövcud Nizamnaməyə görə Ali Məclis üç ayda bir dəfədən az olmayaraq keçirilməlidir. Lakin Meydan Babayev heç bir əsas göstərmədən hər vasitə ilə Ali Məclisin çağırılmasına mane olurdu. Eyni zamanda, onların təkliflərini qəbul etməyən, onların pozuculuq və qarşıdurma yaratmasına qarşı çıxan rayon partiya təşkilatlarına paralel olaraq alternativ “təşkilatlar” yaradırdılar. Bunu görən Ali Məclis üzvləri vəziyyəti doğru qiymətləndirib, təşəbbüs qrupu yaradaraq Ali Məclisin çağırılması üçün Siyasi Şuranın qərar verməsinə nail oldular. Ali Məclisin çağırılmasına mane olmağa çalışan Meydan Babayev və onun dəstəkçisi Mehman Əliyev yetərsay olmasın deyə iclasa qatılmasalar da Siyasi Şuranın iclası baş tutdu və Ali Məclisin 19 aprel 2025-ci il tarixində keçirilməsi barədə qərar qəbul olundu.

Siyasi Şuranın keçirilməsinə yazılı şəkildə razılıq verən Meydan Babayev, sonradan bəyan etdi ki, onun Siyasi Şuranın çağırılmasından xəbəri yoxdur, Ali Məclis çağırıla bilməz. Məlumdur ki, 19 aprel 2025-ci tarixdə Meydan Babayev Partiya ofisini bağlayıb, Ali Məclis üzvlərini, partiya fəallarını və ağsaqalları qapı önündə saxladı. Buna baxmayaraq, 65 məclis üzvündən 56 nəfərin iştirakı ilə Ali Məclis öz yığıncağını keçirdi. Ali Məclis partiya daxilində pozuculuq və qarşıdurma yaratdıqlarına görə Meydan Babayev və müavinlərini yekdil qərarla tutduqları vəzifələrdən azad etdi. Növbəti qərarla isə Qurultaya Hazılrıq üzrə Təşkilat Komitəsi təsis edib, Siyasi Şura və Ali Məclisin Nizamnamədə təsbit olunmuş səlahiyyətlərini ona verdi.

Qeyd olunanlara baxmayaraq, Meydan Babayev və 5-6 tərəfdarı Nizamnaməyə və Ali Məclisin qərarlarına zidd olaraq pozuculuq fəaliyyətilərini davam etdirdilər. Müxtəlif saytlarda müsahibə və bəyanatlar verərək ictimai fikri çaşdırmaq və aldatmağa çalışdılar. 26 aprel tarixində Ali Məclisin çağırılması haqqında verdikləri bəyanatla özlərini gülüş hədəfinə çevirib, haqsız olduqlarını bir daha təsdiq etdilər.

Birincisi, 19 aprel Ali Məclisin qərarı ilə Siyasi Şura və Ali Məclis buraxılmış və səlahiyyətləri Təşkilat Komitəsinə verilmişdir. Deməli, bunların Ali Məclis çağırmaq səlahiyyətləri yoxdur.

İkincisi, bunların Ali Məclisin iclasına dəvət etdikləri kimlərdir? Bu iclasda neçə Ali Məclis üzvi iştirak edib və onların səlahiyyətləri harada təsdiq olunur? Çünki, 19 aprel iclasında iştirak edən Ali Məclis üzvlərinin səlahiyyətləri 14 mart 2021-ci ildə keçirilmiş VIII Qurultayda təsdiq olunub.

Deməli, 26 aprel tarixində Meydan Babayev və tərəfdaşlarının toplaşdığı yığıncağın Ədalət partiyasının Ali Məclisi ilə heç bir əlaqəsi yoxdur və bu yığıncaq Ədalət partiyası və onun Ali Məclisi adından heç bir qərar qəbul edib, bəyanat verə bilməz.

Ədalətdən bol-bol danışan bu şəxslər bütün vəzifə və səlahiyyətlətini itirdikləri kimi başlarını da itiriblər. Belə ki, müsahibə və bəyanatlarla kifayətlənməyən Meydan Babayev və tərəfdarları pariya ofisini və partiya sənədlərini zəbt edərək, partiya üzvlərini ofisə buraxmır, hətta fiziki qarşıdurma yaratmağa çalışırlar.

Meydan Babayev və tərəfdarlarının bütün bu sadalanan və xəcalətverici pozucu əməllərinə baxmayaraq, Təşkilat Komitəsi 17 may 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan IX Partiya Qurultayının keçirilməsi üçün səylə çalışır və Partiya fəallarını, rayon təşkilatlarını və sıravi üzvləri diqqətli, təmkinli olmağa və təxribatlara uymamağa çağırır. Eyni zamanda, Təşkilat Komitəsi tələb edir ki, partiya daxilində pozuculuq fəaliyyətini davam etdirən, davamlı şəkildə Nizamnamənin tələblərini pozan və Ali Məclisin qərarlarına əməl etməyən, törətdikləri təxibatçı əməlləri və Nizamnaməyə zidd bəyanatları ilə partiyanın ictimai-siyasi nüfuzuna və imicinə xələl gətirməyə çalışan Meydan Babayev və tərəfdaşları öz biabırçı əməllərinə və məsuliyyətsiz bəyanatlarına son qoysunlar. Əks təqdirdə, onların pozucu əməllərinə son qoymaq üçün yaratdıqları problemləri hüquq müstəvisində həll etməyə məcbur olacağıq.

Təşkilat Komitəsinin sədri

Mütəllim Rəhimov

28 aprel 2025-ci il tarixdə Təşkilat Komitəsinon iclasında yekdiliklə qəbul edilib.

 

 

 

Yazıya 34 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.